2017-ci ildə inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətlərinin normalizasiyasından irəli gələn aşağı gəlirlilik və yüksək dəyişkənlik şəraitində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə edilməsi üzrə siyasətinin əsas prioriteti vəsaitlərin qorunub saxlanılması olub.

Unikal.org xəbər verir ki, bu barədə qurumun illik hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, valyuta ehtiyatlarının idarə edilməsi üzrə investisiya siyasətinin əsas komponentləri kimi aktivlərin yüksək kredit keyfiyyəti və likvidliyi təmin edilib.

"Hesabat ilinin sonuna rəsmi valyuta ehtiyatlarının 90%-i ABŞ dollarında, 5%-i avroda, 2%-i funt sterlinqdə, 3%-i isə SDRdə (BVF-nun xüsusi borclanma hüquqları) etibarlı maliyyə institutlarında saxlanılıb. AMB-nin valyuta ehtiyatlarının məbləği il ərzində 1,36 mlrd. ABŞ dolları artaraq dövrün sonuna 5,33 mlrd. dollar təşkil edib. Valyuta aktivlərinin idarə edilməsindən 58,2 mln. dollar gəlir əldə edilib, - deyə hesabatda qeyd olunub.