"Qaçqınkomda aparılan yoxlama nəticəsində müdhiş maxinasiyalar üzə çıxıb.

Prezident seçkilərindən sonra Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən çıxarılan Əli Həsənov ciddi problemlə üzləşib. Sabiq komitə sədrinin ötən dövrdəki fəaliyyəti araşdırılıb və külli miqdarda yeyintiyə yol verdiyi üzə çıxıb.

Bu barədə "Unikal qəzetinə məlumat verən mənbənin sözlərinə görə, üzə çıxan maxinasiyalar Ə.Həsənovun milyonlarla deyil, daha böyük məbləğdə dövlət vəsaitinin mənimsədiyini sübuta yetirib. Məlumatlı şəxs onu da bildirib ki, həm köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına ayrılan pullardan, eləcə də mənzil tikintisindən ümumilikdə 2 milyard manat vasait "yoxa çıxıb.

Müsahibimizin sözlərinə görə, məsələ Prezidentin də nəzarətində olduğundan bu günə kimi həyata keçirilən bütün layihələrin detalları araşdırılıb: 

"Bildiyiniz kimi, Prezident bu məsələ ilə bağlı sonuncu müşavirədə də sərt reaksiyasını verdi. Xüsusən də mənzil tikintisi və paylanması prosesində mövcud neqativliklərə toxundu. Məlum çıxışdan sonra ciddi yoxlama aparılır və nəticə həqiqətən də dəhşətlidir. Əslində, Əli Həsənovla bağlı narazılıqlar xeyli müddətdir davam edirdi. Bir müddət öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində baş verən neqativliklərlə bağlı mediada və parlamentdə müzakirələr gedirdi. Hətta deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlu da bu məsələ ilə bağlı rezonans doğuran açıqlamalar vermişdilər. Deputat Çingiz Qənizadə məcburi köçkünlərin işıq, qaz, su ödənişlərinin mərkəzləşmiş qaydada edilməsinin korrupsiyaya yol açdığını bildirmişdi. O, konkret faktlarla çıxış edərək bildirmişdi ki, 2012-2015-ci illər ərzində 100 minlərlə manat dövlət vəsaiti məcburi köçkünlərin kommunal xidmətlərinin ödənməsi adı altında yoxa çıxıb, bu faktlar Hesablama Palatasının hesabatlarında da öz əksini tapmışdı.

Xatırladaq ki, məcburi köçkünlərin işıq, qaz və sudan istifadəsində güzəştlər, yəni müəyyən limit var. Həmin ödənişləri isə xidmət təşkilatlarına dövlət büdcəsindən ayırmalar hesabına mərkəzləşmiş qaydada "Qaçqınkom həyata keçirir. Araşdırmalar zamanı isə bəlli olub ki, təkcə 2014-cü ildə "Qaçqınkomda bu məsələdə 250 min manat civarında yeyinti mövcuddur. Amma bu rəqəm qısa müddəti əhatə edirdi. Yəni, uzun illəri hesablasaq, rəqəmlər həqiqətən çox böyükdür. Yəni, ümumilikdə, bu ilin aprelinə qədər həyata keçirilən layihələrdən də külli miqadarda vəsait mənimsənilib.

Onu da nəzərə çatdıraq ki, Əli Həsənovun fəaliyyətinin araşdırılması zamanı üzə çıxan 2 milyardlıq yeyinti ilə bağlı ciddi cəzalandırmanın olacağı gözlənilir.

Elvin Rüstəmov