Bu gün Nizami Rayon İcra Hakimiyyəti FHN Bakı Regional Mərkəzi ilə birgə "Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti mövzusunda rayon müşavirəsi keçirib.

Unikal.org xəbər verir ki, müşavirədə FHN Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin nümayəndələri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat və xidmət sahələrinin, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov müzakirə edilən mövzunun təkcə qış mövsümündə deyil, bütün ilboyu öz aktuallığını saxladığını qeyd edərək, yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin, müvafiq maarifləndirmə işlərinin və aidiyyəti qurumların birgə fəaliyyətinin təşkilinin vacibliyini diqqətə çatdırıb.

Sonra Bakı Regional Mərkəzinin Nizami Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, mayor Cavid Quliyev "Bakı şəhərində 2017-2018-ci illərin müvafiq dövründə yanğın hadisələrinə dair statistik məlumatlar, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin nümayəndəsi Nizami Fərəcov Yaşayış massivlərində yanğının baş vermə səbəbləri, potensial təhlükələr və onların aradan qaldırılma yolları mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda yanğınların başvermə səbəbləri, onların yaratdığı təhlükələr barədə danışılıb, tövsiyələr verilib.

Müşavirənin gedişində məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.

Daha sonra, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi İstismar şöbəsinin rəisi İmran Məmmədov Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları, Bakı Regional Qaz İstismarı Departamenti Rayon Qaz istismarı xidmətinin baş mühəndisi Mirzə Məmmədov Rayonda Qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Mənzil Fondunun İstismarı şöbəsinin müdiri Həsənağa Məlikov "Yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər, Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının 6 saylı bölməsinin həkimi Telli Quliyeva "Yanğın zamanı ilkin tibbi yardım mövzularında məruzələrlə çıxış ediblər.

Müşavirədə çıxış edən Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov yanğından mühafizə istiqamətində görülən profilaktik tədbirlərdən danışıb, müvafiq maarifləndirmə işlərinin təşkilinin və əhalinin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb.

Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov diqqətə çatdırılan tövsiyələrin icrasının təmin edilməsi və gələcəkdə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə ciddi tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlarını verib.