Xəbər verdiyimiz kimi, Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş 23 yaşadək güləşçilərin dünya çempionatında uğurlu çıxış etmiş sərbəst güləş üzrə yığmamız vətənə qayıdıb.

Bu münasibətlə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılama mərasimi təşkil olunub. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında mundialda 3 medal qazanan komandamızı federasiya rəsmiləri, yeniyetmə və gənc güləşçilər, eləcə də media nümayəndələri qarşılayıb.

Unikal.org xəbər verir ki, AGF-nin vitse-prezidenti Firdovsi Umudovdan sonra güləşçilər də öz fikirlərini bölüşüb.

Dünya çempionu Şamil Zubairov (92 kq) qələbəsini belə şərh edib: "Dünya çempionatında beş görüş keçirdim. Baş məşqçim Firdovsi Umudovla qızıl medal qazanmaq üçün hər şeyi etdim. Finalda Şimali Osetiyadan olan rəqibimi məşqçilərlə birgə təhlil etdik və bu düzgün analiz nəticəsində qalib gəldim. İndi isə növbədə dekabrda keçiriləcək Azərbaycan çempionatıdır.

Daha sonra gümüş medal qazanan Əli Rəhimzadə (65 kq) təəssüratlarını bölüşüb: "Bildiyiniz kimi, dünya çempionatında güclü rəqiblər olur. Bu yarışa hazırlaşmaq üçün 5-6 təlim-məşq toplanışı keçmişdik. Finalda yapon idmançısı ilə qarşılaşdım. Çox gərgin görüş keçdi. Rəqibim çox təcrübəli idi. Bu görüşdə məşqçilərin verdiyi taktikanı düzgün yerinə yetirə bilmədiyim üçün məğlub oldum. İnşallah, çalışacağam ki, gələcəkdə bu gümüş medalı qızılla əvəzləyim. Mənə dəstək olan bütün insanlara təşəkkürümü bildirirəm.

Dünya 3-cüsü olan Murad Süleymanov (86 kq) isə çıxışı haqqında bu fikirləri səsləndirib: "İlk görüşüm erməni güləşçi ilə idi. Rəqib erməni olduğu üçün onunla güləşəndə həyəcanım vardı. Amma sonda ona qalib gəldim. Bürünc medal uğrunda görüşdə isə kanadalı idmançını məğlub etdim. Çəkimi dəyişmək fikrim yoxdur. İstəyirəm ki, daha yaxşı nəticə verib elə bu çəki ilə Olimpiadada təmsil olunum.