"Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müavini Mübariz Mədətov dünyasın dəyişib.

Unikal.org-a yaxınlarının verdiyi məlumata görə, hadisə bu gün baş verib.

Xatırladaq ki, "Xəzər Dəniz Gəmiçiliyi"nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov 4 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobil ilə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.

Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb. Bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.

Xatırladaq ki, bütün ömrünü dənizçiliyə həsr etmiş uzaq səfərlər kapitanı, Azərbaycanın əməkdar mühəndisi Mübariz İsrafil oğlu Mədətov 1952-ci il noyabrın 8-də Bakı şəhərində doğulub. 25 mömrəli məktəbin səkkizinci sinfini bitirdikdən sonra o, 1968-ci ildə Bakı Dəniz yolları Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbdə texnik gəmi sürücüsü, 1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis gəmi sürücüsü ixtisaslarına yiyələnib.

Əmək fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının gəmilərində matros kimi başlayıb, sonralar 1973-1986-cı illərdə müxtəlif gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyib. Mahir gəmi sürücüsü olan Mübariz Mədətov uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər edib.

1995-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar xidmətinin rəisi vəzifəsinə irəli çəkilib. İki bu vəzifədə çalışıb, 1997-ci ildə Gəmiçiliyin Sosial məsələlər və təsərrrüfat xidmətinin rəisi təyin edilib. 2000-ci ilin avqustunda Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsinə irəli çəkilən Mübariz Mədətov "AXDG QSC yaranana kimi bu donanmaya rəhbərlik edib. Mübariz Mədətov 2014-cü ilin martından bir müddət QSC sədrinin müavini işləyib.

Mübariz Mədətovun gəmiçiliyin inkişafında səmərəli xidmətləri yüksək qiymətləndirilib. 2006-cı ildə "Tərəqqi medalı ilə təltif olunub. 2012-ci ildə isə "Azərbaycanın əməkdar mühəndisi fəxri adına layiq görülüb.

Famil Fərhadoğlu