Bakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, İbrahim Sadıqov Ucar şəhər sakini Günel Əsgərova ilə evlənmək istəyib. Amma Günel təhsilini davam etdirmək istədiyini, İbrahim ilə ailə qurmaqdan imtina edib.

İbrahimə "yox cavabı verən Günel təhlisini davam etdirmək məqsədilə paytaxta gəlib. O, xalası oğlu, 1984-cü il təvəllüdlü İslam Hüseynovun kirayə yaşadığı evdə məskunlaşıb, təhsil aldığı kollecə gedib-gəlib.

Sevdiyi qızla dalaşdı

İbrahim də sevdiyi qızın arxasınca paytaxta gəlib və burada ev kirayələyərək yaşamağa başlayıb. O, 15 fevral 2017-ci il tarixdə, saat 16.30-da kirayədə yaşadığı evdə olarkən Günel Əsgərovanın Bakı Biznes Kooperasiya Kollecindəki təhsili ilə əlaqədar Nərimanov rayonu ərazisində kirayədə yaşayan xalası oğlunun evində olmasını eşidib.

Daha sonra İbrahim Günel ilə "WhatsApp sosial şəbəkəsi vasitəsilə danışıb və onunla maraqlanmağa başlayıb. Bu zaman Günel xalasının ailəsinin onların evlənmələrinə razı olmadığını bildirib.

Mübahisə

Bundan sonra İbrahim ilə İslam bu məsələ ilə bağlı danışmalı olub. Bu danışıq zamanı İbrahim Güneli anası ilə birlikdə qaçıracağını zarafatla deyib, özündən yaşca çox böyük və ailəli olan İslamı qıcıqlandırmaqla əsəbiləşdirib.

Bu hərəkətləri ilə İbrahim İslamı mübahisəyə təhrik edib. Bu mübahisə zamanı İslam ona yaşca kiçik olmasını və aralarında belə zarafatları olmadığını deyib.

İslamın bu iradına İbrahim kobud formada cavab verib. Həmin vaxt İslam ona təhqiredici ifadələr işlədib. Buna görə də İbrahim aralarındakı mübahisəni axşam görüşüb, aydınlaşdırmağı İslama təklif edib.

Dayısı tənbeh etdi, amma razılaşmadı

Həmin vaxt İbrahimin evdə qonaq olan dayısı onların söhbətlərini eşidib, ondan qohumları İslamla zarafat etməməyi, mübahisəyə son qoymasını tələb edib.

Buna baxmayaraq, İbrahim sakitləşməyib, istifadəsindəki mobil telefonla İslamla anışaraq axşam mütləq görüşməyi bir daha təkid edib.

Daha sonra İbrahim qanunsuz olaraq əldə etdiyi ov bıçağını götürüb və saat 19 radələrində istifadəsindəki mobil telefonla İslamın istifadəsindəki mobil telefona zəng vurub, onunla Ağa Nemətulla küçəsində yerləşən "Araz Market adlı mağazanın qarşısında görüşməyi razılaşdırıb.

Dava

Bundan sonra İslam öz qardaşı ilə birlikdə marşrut avtobusu ilə həmin yerə getməyə başlayıb. O, yolda olarkən mobil telefonla İbrahim ilə əlaqə saxlayıb, qıcıqlandıraca sözlərlə onu əsəbiləşdirib, onun ünvanına nalayiq sözlər işlədib.

Bundan qəzəblənən İbrahim İslamı qəsdən öldürmək qərarına gəlib. İbrahim saat 20 radələrində "Araz Market adlı həmin mağazanın yaxınlığında avtobusdan düşüb, İslamı ora gəlmiş qardaşı Ruslandan kənara çəkib.

Ürəkdən vurulan zərbə

Bu vaxt İbrahim İslamın qardaşına onunla söhbət etmək istədiyini yalandan bildirib, aldadaraq İslamı söhbət edə-edə yaxınlıqdakı Nərimanov rayonu, Ş.Mirzəyev küçəsindəki 307 saylı evin bərabərinə aparıb.

Orada söhbət edərkən qəflətən İbrahim özündə olan bıçaqla islamın ürək nahiyəsinnə bir neçə zərbə vurub. İslam aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

18 il həbs

İstintaq orqanı tərəfindən İbrahim Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Sadıqov 18 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan İbrahim Sadıqov apelyasiya şikayəti verib.

Məhkumun xahişi

İbrahim Sadıqov qeyd edib ki, törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsinə tövsif edilməsini istəyib.

Şikayətçisinin qeydlərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü və 228.4-cü maddələri ilə ittiham hökmü çıxarılmalı olduğu halda, birinci instansiya məhkəməsi bu barədə düzgün nəticəyə gəlməyib.

Cəzanın yüngülləşdirilməsi istəyi reallaşmadı

İbrahim Sadıqovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara görə, İbrahim Sadıqovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan İbrahim Sadıqov kasasiya şikayəti verib. O, kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işinə apelyasiya instansiyasında yenidən baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edib.

İbrahim Sadıqovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, İbrahim Sadıqovun kasasiya şikayəti təmin olunmayıb.