Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər kafedrası və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin milli Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Unikal.org xəbər verir ki, beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq dəyirmi masanın ulu öndərin əziz xatirəsinə həsr olunduğunu diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyev kimi müdrik rəhbəri olduğuna görə Azərbaycan xalqının xoşbəxt olduğunu söyləyib. A.Yusifzadə Azərbaycanın məhz Heydər Əliyevin rəhbərliyi dövründə inkişaf və tərəqqiyə yol açdığını bildirib.

Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova “Heydər Əliyevin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində diplomatik fəaliyyəti”, baş müəllim Mehriban Babaxanova isə “Heydər Əliyev Azərbaycanda insan hüquqlarının təminatçısı kimi” mövzularında çıxış ediblər.

Magistratura şöbəsinin Müqayisəli dilçilik ixtisasının 205-ci qrup tələbəsi Gülxar Həsənova “Heydər Əliyevin dil siyasəti”, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası ixtisasının 101-ci qrup tələbəsi Nigar Əlizadə isə “Heydər Əliyev Azərbaycan ədəbiyyatının himayədarı kimi” mövzularında danışıblar.

ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov, Tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov, Beynəlxalq münasibətlər və idaretmə fakültəsinin dekanı İbrahim Kazımbəyli, Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev, Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Lamiyə Qasımova böyük vətənpərvər, dahi insan Heydər Əliyevin irsinin öyrənilməsinə göstərilən qayğını yüksək qiymətləndirib, tədbirin təşkilində əməyi keçən şəxslərə təşəkkür ediblər.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.