Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr öz məqsədlərini etnik xalqların vasitəsi ilə həyata keçirməyə çalışırlar
Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr öz məqsədlərini etnik xalqların vasitəsi ilə həyata keçirməyə çalışırlar

Məhəmməd Nooyev: "Heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz"

Ölkəmiz bu gün tolerantlıq modeli kimi dünyada tanınır. Tolerantlıq insanlar və icmalar arasında qarşılıqlı hörmətin bünövrəsidir və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati əhəmiyyət kəsb edir. Bu bir məziyyət, mənəvi keyfiyyətdir, lakin hər şeydən əvvəl tolerantlıq bir əməldir. Başqalarına əlini uzatmaq və mövcud fərqlilikləri maneə kimi deyil, dialoq və anlaşmaya dəvət kimi qəbul etməkdir.
Tarixən Azərbaycan bu dəyərlərə sadiq olduğundan, ölkəmizdə məskunlaşan azsaylı xalqlar dostluq şəraitində yaşayıb. "Unikal" qəzeti bu dəfə Azərbaycanda yaşayan azsaylı xalqlardan daha birindən, avarlardan söhbət açacaq. Qeyd edək ki, Azərbaycanda çox sayda xalqın nümayəndələri yaşayır ki, bunlardan biri də avarlardır. Rəsmi statistikaya görə, avarlar Azərbaycanda saylarına görə 6-cı sıradadır. "Unikal"ın bu dəfəki həmsöhbəti isə "Azərbaycan-Avar İctimai Birliyi"nin sədri, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Siyasi Şura üzvü, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı Məhəmməd Nooyevdir.
-Məhəmməd müəllim Azərbaycanda tolerantlıq mühitini necə qiymətləndirirsiniz?
-Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində qeyri azərbaycanlılar yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir. Azərbaycanda azərbaycanlılarla bərabər ləzgilər, avarlar, ruslar, gürcülər, udinlər və xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Həmçinin burada ənənəvi dini bağlılıqları olmayan toplumlar, məsələn, qaraçılar da yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib. Azərbaycan dini və milli tolerantlıq baxımından o qədər öndədir ki, hətta bir neçə il oncə Avropanın ən inkişaf etmiş dövlətlərindən olan Fransadan qaraçıları deportasiya edəndə onların bir çoxu bizim ölkəmizə gəlməyə çalışmışdılar. Bu gün Avropanın bir çox ölkələrində milli və dini zəmində münaqişələr baş verməkdədir. Xüsusilə Avropada İslam dininə və onun daşıyıcılarına qarşı arzuolunmaz münasibət - islamofobiya müşahidə olunmaqdadır. Avropada yaşayan mühacirlərə də orada heç də xoş münasibət bəslənilmir, onlar ya ən ağır işlərə cəlb olunur, ya da deportasiya edilirlər. Azərbaycanda isə başqa xalqlara münasibət tamamilə fərqlidir. Bu gün Azərbaycanda milli azlıqlardan ölkədə qarışıqlıq salmaq üçün istifadə etməyə çalışırlar. Nurçu,vəhhabi və s. təriqətlər əsasən öz pis niyyətlərini həyata keçirmək üçün etnik məsələləri qabartmağa, və məqsədlərinə nail olmağa çalışırlar , . Region ölkələri ilə müqayisə etdikdə Azərbaycanın tolerantlıq baxımından doğrudan da bir model dövlət olduğuna şübhə qalmır.Bu gün Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr var ki, onlar öz məqsədlərini dindarlar və etnik xalqların vasitəsi ilə həyata keçirməyə çalışırlar.Nurçular vəhhabilər və müxtəlif təriqətdən olan insanlar milli zəmində məsələləri qabartmağa çalışırlar ki ,bu da azərbaycanda yaşayan vətənpərvər insanlar tərəfindən önlənir.
- Siz əslən Balakən rayonundansız, avar xalqının nümayəndəsisiniz. Avarlara qarşı hər hansı ayrı-seçkilik hiss etmirsiniz ki?
- Heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Avarlar da digər xalqların nümayəndələri kimi Azərbaycanın tərəqqisi uğrunda bacardıqları işləri görürlər. Biz avarlar dövlətçiliyi, dövlət başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyirik. İlham Əliyevin "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramının icrasına göstərdiyi diqqət də xüsusi qeyd olunmalıdır. Bu proqram çərçivəsində Balakən rayonunda da xeyli işlər görülüb. Ölkə başçısının qayğısını hər an hiss edirik. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə avar xalqının nümayəndələri də yaxından iştirak ediblər. Qarabağ döyüşlərində torpaqların azadlığı uğrunda avar xalqı da şəhid verib. Bundan sonra da Azərbaycanın inkişafı, təhlukəsizliyi və müdafiəsi üçün əlimizdən gələni etməyə hazırıq. İnanıram ki, avar xalqının həqiqi nümayəndələri də bu ölkədə haqq elədikləri mərtəbələrdə olacaqlar. Bu gün avar xalqının nümayəndələri idman sahəsində də çoxsaylı uğurlar qazanaraq Azərbaycanı layiqincə təmsil edirlər. Fəxrlə deyə bilərəm ki, bizim idmançılarımızdan, olimpiya, dünya, avropa çempionlarımız var. Biz avar xalqı bir daha cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
-Avar xalqı öz mədəniyyətini, dilini, məişətini, adət-ənənələrini necə qoruya bilir? Onların milli xüsusiyyətlərinə görə hər hansı çətinliklə üzləşdiyi hallar olubmu?
- Mən bayaq da qeyd etdim ki, avar xalqı olaraq Azərbaycanda özümüzə qarşı heç vaxt ayrı-seçkilik hiss etməmişik. Dövlətin konstitusiyası ölkədə yaşayan bütün vətəndaşların hüquqlarını bərabər formada qoruyur və o cümlədən avarların da. Əgər hamı kimi avarların da seçib-seçilmək hüququ yüksək səviyyədə qorunursa, o zaman onlar ölkə vətəndaşı olan digərlərindən necə fərqlənə bilər? Məncə fərq yalnız budur ki, avarlar ayrıca bir dildə danışırlar, yaxud hansısa özünəməxsus milli xüsusiyyətə sahibdirlər. Bilin ki, tarix boyu dövlətlər yarananda onun əsasını hansısa böyük xalq təşkil edib və eyni zamanda həmin ölkədə say, yaxud dil və sair baxımından kiçik xalqlar da yaşayıblar. Avarlar da Azərbaycanda yaşayan bu cür kiçik xalqlardandır və hamı kimi, ölkənin bərabərhüquqlu vətəndaşlarıdır.
- Yeri gəlmişkən, avarlar Azərbaycanın hansı bölgələrində daha yığcam şəkildə yaşayırlar?
- Ən çox Balakən, Zaqatala və Qax rayonlarında. Balakənin özündə isə daha çox Qabaqçöl qəsəbəsi və onun ətrafında yaşayırlar. Bu xalqlarla bağlı çox az tarixi əsərlər yazılıb. Bunladan biri də 2009-cu ildə Azərbaycanda nəşr olunmuş "Car-Balakən camaatı" adlı tarixi kitabdır. Müəllif həmin kitabı yazarkən 200-dən artıq mənbəyə istinad edib və belə nəticəyə gəlib ki, bəli, avarlar qədimdən bu bölgələrdə yaşayıblar. O ki, qaldı onların daha çox yüksək dağ kəndlərində yaşamalarına, bunun səbəbi yadelli işğalçılardan qorunmaq olub. Çünki farslar, ərəblər və sair zaman-zaman bu yerlərə yürüşlər edərkən yolları üstünə çıxan insanları qətlə yetirir, ev-eşikləri yandırırdılar. Ona görə də insanlar özlərini qorumaq üçün indiki daha etibarlı yerlərə sığınıblar.
- Sizin rəhbərlik elədiyiniz "Azərbaycan-Avar İctimai Birliyi"nin fəaliyyətindən danışardınız. Birlik avar xalqının milli adət-ənənələri, ədəbiyyatı, incəsənətinin inkişafına hansı töhvələr verir?
- Bu qurumun yaradılmasında başlıca məqsəd Azərbaycan xalqı ilə bu ölkədə tarixən məskunlaşan azsaylı xalqlar arasında dostluğu, qardaşlığı və əməkdaşlığı daha da möhkəmləndirməkdir. Birlik ölkədə yaşayan digər xalqların, milli-etniklərin adət-ənənələrinə, dilinə, dininə hörmətlə yanaşmaqla, həm də Azərbaycan Respublikası Konstitusiyasına, qanunlara, hüquqi normativ aktlara zidd hərəkətlərə yol verənləra va separatizmə qarşı mübarizə aparacaq.
-Azərbaycan öz ərazisində yaşayan azsaylı xalqların dillərinin qorunub saxlanılmasına şərait yaradır. Bunu yəhudi,ləzgi və digər azsaylı xalqların timsalında görmək olur. Bəs avarların dili tədris olunurmu?
-Xüsusi məktəblərimiz yoxdur. Buna baxmayaraq, 1992-ci ildən başlayaraq avarların yığcam yaşadıqları qəsəbə və kəndlərdəki məktəblərdə həftədə iki saat olmaqla avar dilində dərslər tədris olunur.
-Məhəmməd müəllim elə bil problemlərlə bağlı da nəsə demək istəyirsiniz...
-Əslində elə də böyük problemimiz yoxdur. Digər xalqlar kimi bizim də müəyyən istəklərimiz var. Bizim dilimizin radio dalğalarında səsləndirilməsi və sair. Amma inanırıq ki, bu problemlər də zaman keçdikcə digər məsələlər kimi öz həllini tapacaq.
- Ümumi qənaətə gələ bilərik ki, avarlar hüquqi baxımdan tam azaddırlar və onların qarşısında hər hansı süni əngəl yoxdur...
- Nəinki avarlar, ümumiyyətlə, Azərbaycanda yaşayan elə bir xalq tanımıram, desin ki, milli mənsubiyyətinə görə hər hansı çətinliyə və ya təzyiqlərə məruz qalıb. Əgər kimsə hakimiyyəti və ya müxalifəti, ayrı-ayrı şəxsləri dəstəkləyirsə, bunu millətlərə şamil etmək olmaz: bunlar sırf fərdi məsələdir. Avarlar Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşıblar, çox sayda şəhid də veriblər. Vətən hamımızındır, bu torpaqda yaşayan hər bir kəsin. Ona görə də vətəndaş olaraq dövlətimizi qorumalıyıq.