"Prezidentin harınlamış məmurlara qarşı münasibəti çoxunun kürkünə birə salıb"

Tahir Kərimli: "Bir neçə məmur övladının harın hərəkətlərinə görə işdən də qovulub, artıq bəzilərinin fəaliyyəti araşdırılır, bahalı maşınlar, milyonluq evlər, dəbdəbəli istirahətlərin mənbəyi öyrənilir"

Məlum olduğu kimi, sonuncu prezident seçkilərində də Vəhdət Partiyası prezident İlham Əliyevin namizədliyini dəstəklədi. Qeyd edək ki, seçkidən öncə İ.Əliyevin qələbəsinə inandığını bəyan edən Vəhdət Partiyasının sədri Tahir Kərimli islahatlar aparılmasının da vacibliyini vurğulamışdı. Bu və ya digər məsələlərlə bağlı "Unikal"a müsahibə verən Tahir Kərimli seçkisonrası dönəmdə atılan addımların müsbət qəbul olunduğunu bildirib.

- Son prezident seçkilərindən xeyli müddət keçib və bu dövr ərzində ciddi dəyşikliklərin şahidi olmuşuq. Öncə onu nəzərə çatdırım ki, seçkidə İlham Əliyevin qalib gələcəyi şübhə doğurmurdu, ancaq həmin dövrdə müəyyən proseslər də baş vermişdi. Birlisiniz ki, müxalifət o vaxt Milli Şura adı altında toplandı, heç vaxt müxalifətçilik eləməyən Rüstəm İbrahimbəyov rəhbər seçildi. Müxalifət liderləri isə üçüncü, dördüncü şəxslərə çevrildilər, Eldar Namazov, Eldəniz Quliyev kimiləri önə çıxdı. Yəni, seçki ərəfəsində müxalifətin özü də yetim bir ampluada ortaya çıxmışdı və düşünürdülər ki, Rusiyada yaradılan milyarderlər ittifaqının əliylə nəyəsə nail olacaqlar. Onlar qələbəyə inanmırdılar, sadəcə, fors-major variantına hazırlıq görürdülər. Çünki bu müxalifət həmişə "bəlkə də qaytardılar" xülyası ilə yaşayıblar. Çünki müxalifətin 2003-cü ildəki kimi sosial bazası yox idi, kütləvi aksiyalar təşkil edə bilmirdilər. Putinin Bakıya səfərindən sonra Rusiyaya olan ümidlər də puç oldu. İlham Əliyev seçkidə böyük səs çoxluğu ilə qalib gələndən sonra müxalifətin bütün ümidləri söndü. Bununla da müxalifətin yeni böhran dönəminə start verildi. Ona görə seçkidən əvvəl başlayaraq, seçkidən qısa müddət sonrakı dövrə qədər Milli Şura tamamilə parçalandı.
- Bəs, seçkidən sonrakı dönəmdə hakimiyyət çevrəsində nələr baş verib?
- Mən deyərdim ki, budəfəki seçkilərdən sonra iqtidar yenidən güclənib. Hazırda da güclənməkdə davam edir. Bu da səbəbsiz deyil, çünki əsrin müqaviləsindən başlayan neft strategiyası nəticəsində ölkədə iqtisadi artım inkişaf edir. Ölkəyə gələn gəlirlərin böyük bir hissəsinin infrasturukturun inkişafına yatırılması, yeni iş yerlərinin açılması və digər tədbirlərin həyata keçirilməsi müsbətə doğru dəyişikliklərə səbəb oldu. Bundan əlavə, ölkədə stabilliyin təmin olunması, sabit idarəetmə mexanizminin daha da gücləndirilməsi hakimiyyətin mövqelərini daha da möhkəmləndirib. Bütün bunlar müxalifəti daha da zəiflətdi, parçaladı. Milli Şura parçalandı, İctimai Palata da sıradan çıxdı, müxalifət daha zəiflədi, iqtidar isə mübarizədən qalib kimi çıxdı.
- Hökumətin yenidən formalaşdırılması zamanı bir sıra kadr dəyişikliklərinin şahidi olduq. Son günlərə nəzər yetirəndə yenə də kadr islahatları aparılır. Bu istiqamətdə atılan addımları necə qiymətləndirirsiniz?
- Sözsüz ki, biz cənab prezidentin kadr islahatlarını dəstəkləyirik. Amma onu da qeyd edim ki, kadr islahatlarına müəyyən bir müqavimət də mövcuddur. İşdən çıxarılan insanların narazılıqları müxtəlif formalarda ifadə olunur. Buna baxmayaraq, yüksək ranqlı məmurların dəyişdirilməsində müsbətə doğru yeniliklər oldu. Bunu Müdafiə Nazirliyində də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də müşahidə elədik. Çox sevindirici haldır ki, idarəçilikdə funksional dəyişikliklər baş verdi, hərəkətlilik baş verdi. Koorupsiyaya qarşı müxtəlif tədbirlər həyata keçirildi. Generallar səviyyəsində həbslər oldu. Bütün bunlar insanlarda müəyyən dərəcədə ümidlər yaratdı. Təbii ki, mən demirəm ki, ölkədə korrupsiya və rüşvətxorluq tamamilə aradan qaldırılıb, sosial problemlər kökündən həll olunub. Amma etiraf eləmək lazımdır ki, son illər xeyli iş görülüb.
- Konkret olaraq hansı dəyişiklikləri nəzərdə tutursunuz?
- ASAN Xidmətin daha da genişləndirilməsi, o sistemə daha çox gənc kadrların cəlb olunması müsbət dəyişikliklərdəndir. Əhalinin bir başa təmasda olduğu sahələrdə korrupsiya və rüşvətxorluğun aradan qaldırılması yönündə ASAN Xidmətin yaranması böyük rol oynayır. Bu günlərdə hətta kupçaların ASAN Xidmət tərəfindən verilməsi qərarı da önəmli hadisədir.
Bundan əlavə, seçkidən sonra yeni təyin olunan nazirlərin fəaliyyətində ciddi dəyişikliklər müşahidə edilir. Xüsusən də hərbi sahədə son dövrlər ərzində əldə olunan uğurları qeyd etmək lazımdır.
Ən ağır vəziyyət sosial müdafiə sahəsində idi. Amma yeni nazir gələndən sonra o sahədə dirçəlmə başlayıb. Bu günə kimi insanların ciddi şəkildə narazı olduqları, böyük rüşvət şəbəkəsi quran komissiya sədrlərinin kütləvi şəkildə işdən çıxarılması sosial müdafiə sahəsində atılan mütərəqqi addımlardandır. Ola bilər ki, ayrı-ayrı məmurlar hələ də əyri yollara əl atırlar, amma dövlət siyasəti ortadadır, rüşvət və korrupsiyaya qarşı mübarizə aparılır, əlillik dərəcəsi, ünvanlı sosial yardımın verilməsi və digər məsələlərlə bağlı şəffaflığın təmin edilməsi önə çəkilir. Hesab edirəm ki, bu istiqamətdə atılan adımlar daha da dərinləşməlidir. Sosial ədalətin təmin olunması istiqamətində də müvafiq addımlar atılır. Düşünürəm ki, prezident seçkilərindən bu yana xeyli addımlar atılır və hiss olunur ki, prezident də bunu əsas prioritet kimi qarşıya qoyub.
- Tahir bəy, son dövrlər bəzi məmurlar və onların övladlarının harın və dəbdəbəli həyat tərzi sürməsi ilə bağlı məlumatlar ictimailəşir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanda təəssüfedici məqamlardan biri də odur ki, bu qədər yazılır, ictimiyyətdən bu qədər qınaqlar olur, sanki həmin məmurların veclərinə deyil. Sosial şəbəkələrdə, mediada bu barədə məlumatlar müntəzəm şəkildə yayılandan və ölkə başçısının sərt reaksiyasından sonra bəzi məmurlar özlərini yığışdırmağa başlayıblar. Çünki cənab prezidentin bu məsələdəki mövqeyi qətidir. Hətta bir neçə məmur övladının harın hərəkətlərinə görə işdən də qovulub. Artıq bəzilərinin fəaliyyəti araşdırılır, bahalı maşınlar, milyonluq evlər, dəbdəbəli istirahətlər və s.in mənbəyi öyrənilir. Düşünürəm ki, bu məsələdə cənab prezidentin tutduğu mövqe ən doğru mövqedir. Diqqət etdinizsə, son müşavirələrdə bütün məmurlara insanlarla normal davranmağı, onlara xidmət göstərməyi tapşırır. Prezidentin harınlamış məmurlara qarşı münasibəti çoxunun kürkünə birə salıb. Bu gün kosmetik deyil, ciddir kadr islahatlarının aparıldığı ortadadır. Məhkəmə sistemində rüşvət və korrupsiyanın aradan qaldırılması yönündə atılan addımlar intensivləşdikcə müsbət istiqamətdə dəyişikliklər baş verir. Bu istiqamətdə fəaliyyəti daha da inkişaf etdirmək üçün isə yeni nəfəs lazımdır.
- Sizcə, yeni nəfəs hansı formada ortaya çıxmalıdır, hakim komandaya yeni simalar gəlməlidir, yoxsa yeni mexanizmlər işə salınmalıdır?
- Açıq şəkildə demək istəyirəm ki, İlham Əliyev hər iki variant üzərində işləyir. Son dövrlər idarəçiliyə yeni metodların gətirilməsi, mexanizmlərinin tətbiq olunması hər kəsin gözü önündə baş verir. Prezident seçkilərindən sonra bu günə kimi xeyli sayda kadrlar dəyişib ki, onların da bir qismi yeni simalardır. Təbii ki, köhnə kadrlar da var. İlham Əliyevdə belə bir prinsip var. O, atası mərhum Heydər Əliyevlə birgə işləyən kadrlara qarşı daha vəfalı davranır. Sözsüz ki, o vəzifəsinin öhdəsindən layiqincə gələnlərin əməyini qiymətləndirib, amma kim ki, yanlış yola düşür, cəzalandırılır. Təəssüf ki, bəzi köhnə məmurlar üzə salıb vəzifədən getmək istəmirlər, ölkə başçısı da onlara qarşı humanistlik nümayiş etdirir. Ancaq o tendensiyanı da müşahidə edirəm ki, İlham Əliyev artıq hərəkətə keçib. Bəzi məmurları hörmətlə yola salmağa başlayıb. Artıq həm beynəlxalq aləm, həm də daxili ictimaiyyət bunu tələb edir ki, ölkədə siyasi sistem yenilənsin. Cənab prezident də bunu gözəl anlayır və bu tələbə uyğun addımlar atır.
- Ölkədə aparılan islahatlara dəstək vermək üçün Siz hansı addımları atmaq niyyətindəsiniz?
- Vəhdət Partiyası prezidentin strategiyasını dəstəkləyən bir təşkilat kimi bu istiqamətdə üzərinə düşən məsuliyyəti dərk edir və buna uyğun addımlar atır. Prezidenti istəyən bir adam kimi mən özüm də ölkədə islahatların daha da sürətləndirilməsin, kadr dəyişikliklərinin olmasını istəyirəm. Mən bunu şəxsi və partiya maraqlarıma görə istəmirəm. Əsas odur ki, ölkədə ümumi vəziyyət daha da yaxşılaşsın.Nə qədər ki, işləyə bilirik, bu yolda prezidentə yardımçı olmayılıq. Ölkəmizi o qədər inkişaf etdirməliyik ki, ən ağrılı problemimiz olan Qarabağ məsələsi də öz həllini tapsın. Ona görə də bir partiya olaraq, hər zaman prezidentin yanındayıq.
- Tahir bəy, qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı? Yenə də seçkiyə indiki kursla gedəcəksiz?
- Biz, 2005-ci il prezident seçkilərində 43 namizədlə iştirak elədik. Amma 2010-da seçkiyə bir neçə namizədlə qatıldıq. Hər iki variantı sınaqdan keçirdik və heç birində uğur qazana bilmədik. Artıq bütün bunlar arxada qaldı. İstəyirəm ki, 2015-ci ildə sağlam seçki mühiti olsun. O mühit olmasa, yenə də istənilən şəxsə haqsızlıq ola bilər. Ona görə də indidən 2015-lə bağlı hər hansı fikir bildirmək istəmirəm. Biz iqtidarı dəstəkləyirik, bu kursu davam etdirmək niyyətimiz var. Sadəcə olaraq, çalışacağıq ki, növbəti parlament seçkilərində sağlam mühit olsun. İnanıram ki, cənab prezidentin hazırda götürdüyü kurs nəticəsində buna da nail olacağıq.
Z.MƏMMƏDLİ