Azərbaycanda talış xalqına heç bir fərq qoyulmur
Azərbaycanda talış xalqına heç bir fərq qoyulmur

İltifat Rəhimzadə: "Bu ölkədə talışların hüquqları etnik zəmində deyil, vətəndaş kimi pozula bilər"

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində müxtəlif azsaylı xalqların nümayəndələri yaşayır. Hətta bu gün Azərbaycanın elə bölgələri var ki, etnik xalqların kompakt yaşadığı bölgə kimi tanınır. Ölkəmizin sosial-iqtisadi həyatında mühüm yer tutan Lənkəran- Astara bölgəsi özünün zəngin etnoqrafik, maddi- mədəniyyət nümunələri ilə diqqəti daha çox cəlb edir. Ərazisində yaşadığı azsaylı xalqlar və etnk azlıqlara görə müxtəlif güllərin çələnginə bənzəyən Azərbaycanımızın cənub bölgəsi əhalisinin ümumilikdə maddi mədəniyyəti özünəməxsus məhəlli xüsusiyyətləri ilə daha çox seçilir. Bu ərazidə kompakt halda yaşayan özünəməxsus xüsusiyyətləri ilə seçilən qədim etnik qruplardan biri də talışlardır. "Unikal" qəzetinin bu dəfəki həmsöhbəti Lənkəran Ziyalılar Bilriyinin sədri İltfat Rəhimzadədir.
-İltifat bəy Azərbaycanın cənub bölgəsi deyəndə dərhal azsaylı xalqların nümayəndələri olan talışlar yada düşür. Təmsil etdiyiniz xalqla bağlı oxucularımıza məlumat verəridiniz.
- Talışlar Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran,, Astara, qismən Masallı, Lerik rayonlarında, eləcə də İranın şimalında, əsasən Gilan ostanında yaşayan xalqdır. 2009-cu il ümumölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən talışlar Azərbaycanda yaşayan de-fakto III, de-yuri isə IV azsaylı etnik qrupdur. Hazırda Azərbaycanda yaşayan talışların sayı 800 mindən çoxdur.
-Talış xalqının nümayəndəsi kimi, ölkəmizdə azsaylı xalqlara münasibəti necə qiymətləndirirsiniz?
- Tolerantlıqdan danışarkən, bu sözün əsl mahiyyətini dərk emək üçün ilk öncə xalqlararası dözümlülük məsələsinə diqqət yetirmək lazımdır. Çünki dini də xalqlar, millətlər yaradır. Bu baxımdan dini, mill-etnik göstəricilərinə görə dünyada özünəməxsus yer tutan Azərbaycan bir model, nümunə ola bilir. Azərbaycanda çox sayda xalqlar məskunlaşıblar və bu xalqların qarşılıqlı münasibətləri də, tolerantlıq və dözümlülük baxımından bir çox xalqlara və millətlərə nümunə ola bilir. Bütün bunların lazımi səviyyədə qorunub saxlanması və inkişaf etdirilməsi də, Azərbaycan dövlətinin prioritet məsələlərindən biridir.Bu gün nəinki talışlara, Azərbaycanda yaşayan heç bir etnik xalqın nümayəndəsinə problem yaradılmır. Hər bir xalqın nümayəndəsi bu ölkədə fərq qoyulmadan azad şəraitdə yaşayır. Təqdirə layiqdir ki, Azərbaycanda müxtəlif etnik və dini qrupların ənənəvi birgəyaşayış prinsipləri uca tutulur və ölkə vətəndaşları tolerantlıq şəraitində yaşayırlar. Məhz milli mədəniyyətlərin zənginliyi ölkəmizi sivilizasiyalar arası ünsiyyətlərin kreativ tərəfdaşlarından birinə çevirmiş və onun dünya mədəniyyətləri sırasında xüsusi çəkisini şərtləndirmişdir.
-İltifat bəy illər öncə Azərbaycanda talışların milli zəmində münaqişə yaratmasına cəhdlər oldu...
-Mən konkret deyirəm ki, talışların azərbaycanlılarla, türklərlə heç bir problemi yoxdur. Bu ölkədə talışların hüquqları etnik zəmndə deyil, vətəndaş kimi pozula bilər. Bu da normaldır. Azərbaycanda heç bir etnik xalqa milli zəmndə problem yaradılmır. Bu seperatçı qüvvələrin cəhdləri idi ki, uğursuz oldu.
Bu tarixi təəssüflə qeyd etmək lazımdır ki, sovet imperiyasının süqutundan sonra yaranan xaosdan istifadə edərək, bu xalqlar arasında da nifaq toxumu səpmək istəyənlər peyda oldu. Bu ölkədə heç bir millətə fərq qoyulmadan hamımız azərbaycanlı adlanırıq. Azərbaycanda talış xalqına heç bir fərq qoyulmadığını söylədiniz. Bəs xalq olaraq hansı kiçik problemləriniz var ki, həllinə nail olmaq istəyirsiniz?
-Azərbaycanda hazırda tədris proqramında talış dili öyrənilən 248 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ibtidai siniflərində həftədə 2 dəfə talış dili tədris edilir. Bu məktəblərdə 1 716 sinif vardır ki, onlardan 248-i ibtidai sinifdir. Mütəxəssislərin təşəbbüsü ilə talış uşaqları üçün ibtidai sinif(4 illik ibtidai təhsil ) talış dilində dərsliklər nəşr edilib. Ancaq bu gün orta məktəblərdə talış dili o qədər də yüksək səviyyədə tədris olunmur. Bu da bu sahə üzrə kadrların(müəllim) olmaması ilə əlaqədardır. Sovet dönəmində, yəni 1939-40-cı illərə qədər, Lənkəranda Talış Pedaqoji Texnikumu fəaliyyət göstərdiyi və orada orta məktəblər üçün Talış dili və ədəbiyyatı fənnlərinin tədrisi üçün kadrlar hazırlandığı, eləcə də məktəblərdə dərslər ana dilində aparıldığı halda, Respublikamızın müstəqilliyi dövründə bu yöndə, demək olar ki, konkret bir iş görülmür. Hal-hazırda dövlət tərəfindən Talış xalqının milli mədəniyyətinin inkişafı, onun dilinin, tarixinin tədqiqi və tədrisi, Talış dilində televiziya və radio studiyalarının açılması, Azərbaycan Respublikası Konstitusiyasnda təsbit edilmiş mədəni hüquqların və azadlıqların real olaraq həyata keçirilməsi, və s. istiqamətlərdə konsturiktiv addımlar atılmır və bu əhəmiyyətli məsələlərin həllində, hətta cüzi də olsa, maddi və texniki təminat göstərilmir. Bunlardan narahatıq.
İltifat bəy talış xalqının milli mədəniyyətinin inkişafı istiqamətində hansı işlər görülür?
-Bildiyiniz kimi, Azərbaycanın aborigen etnoslarından biri də mənsub olduğumuz Talış xalqıdır. Talışlar qədim zamanlardan hazırda yaşadıqları tarixi ərazilərdə məskunlaşmış, dinc və oturaq həyat tərzi sürmüş, kəndlər, şəhərlər və digər yaşayış məskənləri salmışlar. Bununla yanaşı, onlar öz milli mədəniyyətlərini yaratmış və təbii ki, bir-biriylə öz doğma ana dilində ünsiyyət saxlamışlar. Talış xalqı əsrlər boyu öz mental dəyərləri, qədim mədəniyyəti və tarixi ilə Azərbaycan milli-mənəvi dəyərlər sisteminə böyük töhfələr vermiş, Azərbaycan xalqı da öz növbəsində, Talış mədəniyyətinin inkişafında və zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Biz talışlar gələcəkdə də, dilimizin, mənəviyyatımız və mədəniyyətimizin mövcudluğu yönündə qarşılıqlı qayğı və ünsiyyətin davamlı olacağına böyük ümidlər bəsləyirik. Çünki, dövlətimizin inkişafı, güclənməsi, ölkə vətəndaşı olaraq, hamı kimi bizlərin də üzərinə böyük məsuliyyət qoyur və gələcəyə böyük ümidlərlə baxmağa ruhlandırır.
-Müsahibəni gəlin nikbin notlarla bitirək. Sizin "Nənələr" folklor ansamblını sevməyən çox az adam tapılar...
-Nənələr Lənkəran şəhərinin Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Bu ansamblın əsası 1970-ci ildə qoyulub. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", ""Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar. Bu qrupun tez-tez mavi ekranda verilişlərə dəvət edilməsi, bizim folklor nümunələrimizin təbliği baxımdan əhəmiyyətlidir.