Azərbaycanın İslamdan gələn  tolerantlıq, dözümlülük nümunəsi
Azərbaycanın İslamdan gələn
tolerantlıq, dözümlülük nümunəsi

Bəhruz Əlizadə: "Ölkənin ənənəvi din daşıyıcıları qeyri-məzhəbdən və qeyri-dinlərdən olan bütün həmvətənləri ilə qarşılıqlı anlaşma, ehtiram və qardaşlıq şəraitində yaşayıblar"

Son dönəmlərdə dünyada, eləcə də Azərbaycanda tolerantlıq, fərqli baxışlara dözümlülük kimi dəyərlərə daha çox önəm verilməyə başlanılıb. Təbii ki, bu məfhumların elmi mənbəyi, tarixi, mahiyyəti də önəmlidir.
Müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskusiya üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus göstərib ki, "Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamağıdır", buna əlavə olaraq o qeyd edir ki, "Dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir".
Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki: "Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir". İlk fikirdə dözümlülüyün aspektlərinin insanın xoşlamadığı şeylərdən əxlaqi inanclara qədər geniş olması göstərilir. Burada həmçinin dözümlülüyün beynəlxalq aspektdə olması da qeyd edilir və vurğulanır ki, bir kəsə və ya bir qrupa dözmə müəyyən bir istiqamətdə seçilmiş rəftar olmalıdır. İkinci fikirdə isə dözümlülüyün yalnız insanın davranış siyasəti ilə bağlı olduğu və dözümlülüyün beynəlxalq hərəkətdən çox insanın bu gün, sabah və gələcəkdə müəyyən qaydada davranışı olduğu vurğulanır. Hər iki fikir açıq-aydın göstərir ki, dözümlülük heç də xoşbəxt dövlət demək deyildir. Dözümlülük baş verən hadisələrə məmnun olmamaq və eyni zamanda, bəyənilməyən hərəkətin qarşısını almaq üçün heçnə etməməkdir. Qısaca desək, dözümlülüyün müxtəlif formaları vardır: Dini dözümlülük, etnik dözümlülük, siyasi dözümlülük və s.
İlahiyyat elmləri üzrə araşdırmaçı yazar, İslamaz.com saytının baş redaktoru Bəhruz Əlizadə də bu istiqamətdə fikirlərini "Unikal"la bölüşüb. Ekspert bu məsələnin kökünü və qaynağını İslam dini müstəvisində analiz edib. Dinimizin bütün dinlər arasında ən kamili olduğunu vurğulayan müsahibimiz deyib ki, İslamın elçisi Hz. Məhəmməd (s) bəşəriyyət tarixində bənzəri görünməmiş şəxsiyyətlərdəndir və onun yaşam tərzi, digərlərinə münasibəti tolerantlığın ən yüksək nümunəsidir: "Onu təkcə müsəlmanlar deyil, hətda qeyri-müsəlmanlar da vəsv edərək şəninə təriflər demişdirlər. İngiltərəli (qadın) yazıçı Karen Armstronq "Məhəmməd dövrümüzün peyğəmbəri" kitabında belə yazır ki, Məhəmməd nümunəvi bir şəxsiyyət kimi bizə çoxlu mühüm dərslər öyrədir. Bu dərslər təkcə müsəlmanlar üçün deyil, elə avropalılar üçün də çox əhəmiyyətlidir. Məhəmməd müharibələr nəticəsində parçalanmış Ərəbistanda sülhü bərqərar etmək üçün çox əziyyətlərə qatlaşdı. Bu gün biz iğtişaşlarla dolu dünyamızda belə bir addım atacaq insanlara möhtacıq. Məhəmmədin həyatı tamah, hərislik, ədalətsizlik və lovğalıqla edilən yorulmaz mübarizə idi. Dəvətinin ilk günlərindən İnsanları təkallahlığa, bərabərliyə, zülmə qarşı mübarizəyə, insanları ilahi rəngə boyanaraq böyük insani fəzilətlə zinətlənmələrinə dəvət edən Məhəmmədin (s) yaşayış tərzi aşkar dözümlülük və tolerantlıq nümunəsi idi. Taif məntəqəsində dəvəti zamanı onu daşlayanlara və təhqir edənlərə qarşı mərhəmət göstərərək "İlahi, onları bağışla, onlar nə etdiklərini bilmirlər" deyərək dua etdi. Döyüş zamanı əsir alınmışlarla rəftarının isə tarixdə analoqu görünməmişdi. Öz əshabına birinci əsirləri yedizdirməyi sonra özlərinə yemək yeməyi əmr edər və on müsəlmana oxuyub-yazmağı oyrədən kafirin azad olunacağı zəmanətini verdi. Hətda döyüşün ən qızğın çağında belə aman istəyən kafirləri öldürməz onlara aman verərdi. Bu həmin Məhəmməddir (s) ki, qəbilə və milliyyət təəssübkeşliyindən yerə-göyə sığmayan ərəbləri ram edərək onlara bütün insanların bərabər olduğunu, Allah dərgahındakı fərqlərinin yalnız təqvalarında olduğunu öyərtdi. Livanlı xristian yazıçı Corc Cordak bu barədə deyir ki, ərəbin qeyri-ərəbdən üstünlüyü yoxdur. Üstünlük yalnız pəhrizkarlıqdadır. İnsan istəsə də, istəməsə də, bir-birinin qardaşıdır. Qeyd etdiklərim dözümlülük və tolerantlığın bariz nümunəsi deyilmi? Təbii ki, ən böyük tolerantlıq nümunəsi elə budur".
B.Əlizadə təəssüflə qeyd edib ki, nəyə görəsə bizlər öz mənəvi köklərimizdən, dəyərlərimizdən uzaqlaşdırılırıq. Onun sözlərinə görə, hər bir vətəndaş bu dəyərlərin nə qədər önəmli olduğunu anlayıb onların daha da möhkəmlənməsinə çalışmalıdır: "Bu gün müsəlman cəmiyyətini bəşəriyyətə geridə qalmış və barbar bir xalq kimi təqdim edən Qərb dözümlülük prinsipini İslmdan qat-qat sonra dərk etdilər. Qərb mütəfəkkir və böyük şəxsiyyətləri İslamın dözümlülüyün tərənnümçüsü olduğunu dərk etmiş və müxtəlif məqamlarda bunu səmimi olaraq etiraf etmişdirlər. Elə məhz İslamın bu xüsusiyyətinin gec-tez dünyaya hakim kəsilməsindən qorxan qara qüvvələr təfəkkür və düşüncədə heynadan da aşağı olan bəzi "müsəlmanlardan" istifadə edərək İslamı gözdən salmağa və onu bəşəriyyətə bütün hüquq normalarını aşan bir din kimi təqdim etməyə qismən də olsa nail oldular. Təəccüblüsü də budur ki, Qərbin dözümlülük məfhumunu hallandıran dairələr bu prinsipi daha çox pozanlardır. Və həqiqətdə dinlər arası, sivilizasiyalar arası dialoqdan danışan Qərb dünyası addımbaşı başqa mədəniyyət və sivilizasiyaları təhqir etməklə məşğuldur. Bu artıq mədəniyyətlər arasında olan uçurumu dərinləşdirən faktordur".
Həmsöhbətimiz qeyd edir ki, bu gün Qərb, Islamdan xəbərsiz insanlara əllərində alət olan KIV-in vasitəsi ilə Islam haqqında yanlış təfəkkür əmələ gətirməklə məşğuldur. Onun firkincə, onlar Qərb insanını Islam tərztəfəkkür sistemini irtica qüvvə kimi təqdim edir və ona yaxınlaşmanı böyük təhlükə kimi reallaşdırır: "Eyni zamanda, müsəlmanlara qarşı iqtisadi, mədəni, elmi və sair istiqamətdən hücuma başlanılıb ki, bunlar günü-gündən daha geniş miqyas almaqdadır. Sizin sualınıza cavab olaraq qeyd edim ki, bu gün dinləri dözümlü olmağa çağıran qüvvələrdən başqa bu çağırışı pozan bir tərəf müşahidə olunmur. Xüsusən də ittiham olunan tərəfin Islam olması, bu dinə qarşı dözümsüzlüyün qərəzli olması məntiqini ortaya qoyur. Milyardlarla insanın inancını təhqir edib sonradan buna dözümlü olmağa çağıran qüvvələrin mənafeləri irticaçılıq nöqtəsindən başqa bir dəyər müstəvisinə gəlməməsi aydın və dərkolunandır".
B.Əlizadə onu da bildirib ki, Azərbaycan çox qədim tarix və mədəniyyətə malik bir ölkədir. "İslam dini Asiyanı fəth etdikdən sonra məmləkətimizi İslamın daşıyıcısı olan ölkələrdən biri kimi hesab etsəm bəlkə də yanılmaram. Öz dini dəyərlərinə bağlı olan xalqım tarix boyu müxtəlif din daşıyıcıları və millətlərlə daim sülh və qarşıdurmasız,dözümlü yaşayıblar. Bu vaxta qədər məmləkətimizdə təbii şəkildə heç vaxt din və məzhəbçilik zəminində heç bir ixtilaf yaşanmayıb. Ölkənin ənənəvi din daşıyıcıları qeyri-məzhəbdən və qeyri-dinlərdən olan bütün həmvətənləri ilə qarşılıqlı anlaşma, ehtiram və qardaşlıq şəraitində yaşayıblar. Bu gün tolerantlığın səhv anlaşılması bütün dünyada böyük problemlərə səbəb olub. Dözümlülük adı ilə millətlərə sırınan dinlər, ideologiyalar, müxtəlif ənənələr bəşəriyyəti tənəzzülə doğru sürükləməkdədir. Bu problem bu gün məmləkətdə də özünü qabarıq şəkildə göstərməkdədir. Məmləkətdə biz tolerantıq deyə azad seksi, homoseksualizmi, satanizmi və vəhhaibiyyəti, bəhaiyyəti və s. bəşəri tənəzzülə sürükləyən ideologiya, ənənə və ainləri bəşərin hüququ kimi xalqımıza sırıyan qüvvələr mövcuddur".
Ekspertin qənaətincə, tolerantlıq da müəyyən həd və çərçivəni aşdığında artıq bunun qarşısı alınmalı və müvafiq tədbirlər görülməlidir: "Necə ki, bu gün dünyaya tolerantlıqdan dəm vuran inkişaf etmiş ölkələrin özləri belə müəyyən hallarda öz prinsiplərini aşır. Çünki dərk edirlər ki, onların dünyaya təqdim etdikləri tolerantlıq, hamıya bir mənalı şəkildə dözümlülük göstərmək, anarxiya və özbaşınalıq deməkdir. Respublikamız sekulyar prinsiplərlə idarə olunan bir dövlət quruluşuna malikdir. Baxmayaraq ki, din dövlətin siyasi proseslərdəki işlərinə dəxalət etmir, lakin milli-mənəvi və dini suverenliyin qorunub saxlanılması bilavasitə dövlətimizin öhdəçiliklərindəndir. Ona görə də qeyd olunanları təhdid edən hər bir hərəkət və ya ideologiyanın təbliğinin qarşısının alınması dövlətçiliyin qorunmasında atılması lazım gələn zəruri addımdır və bunu tolerantlığa zidd bir əməl kimi də qiymətləndirmək olmaz. Son dövrlərdə məmləkətdə fəallaşan "Sələfi-vəhhabi", "Nurçuluq" kimi qeyri-ənənəvi dini cərəyanlar bilavasitə dövlətçiliyimizi, milli-mənəvi və dini dəyərlərimizi təhdid etməkdədir. Müəyyən zaman kəsiyində bəzi məsul şəxslərin tolerantlıq adı altında bu cərəyanların azad şəkildə fəaliyyətinə rəvac vermələri bu gün elə həmin tolerantlığın özünü təhdid etməkdədir. Hər halda, hər bir dinin daşıyıcısı olan Azərbaycan vətəndaşının da öhdəsinə düşən dövlətçiliyimizi təhdid edən, məmləkətdə sabitliyi pozan hər bir hrəkətin və iedologiyanın qarşısının alınması işində dövlətə yardım etmələridir. Hər bir vətəndaşı bundan sonra da dinimizin buyurduğu və doğru-düzgün dərk olunmuş dözümlülük prinsiplərinin qorunub saxlanılmasına dəvət edirəm".