"5-6 ildir ambardar işləyib dolanıram"
"5-6 ildir ambardar işləyib dolanıram"

"Şeir kitabı çıxarmağa pulum yoxdur"
Şair İman Usuboğlu ilə müsahibə

- İman bəy, siz 80-cı illər ədəbi nəslinin nümayəndəsisiniz, bu nəsil öz missiyasını yerinə yetirə bildimi? Orda kimlər vardı, siz kimlərlə yaxın idiniz bu 80-cı illər ədəbi nəslindən?
- Belə bir fikir var ki, 80-cı illər ədəbi nəsli itmiş nəsildir. Bəlkə də axtarsanız, onlardan təkcə mən qalmışam. Orda daha kimlər yox idi, Akif Səməd, Böyükxan Pərviz, Şaiq Vəli, o nəslin aparıcı qüvvəsi Eyvaz Əlləzoğlu idi.
Eyvaz mənim gördüyüm fenomenal bir şəxsiyyət idi, ona qədər elə savadlı və dərin mütaliəli birisinə rast gəlməmişdim. O nəslin indi silinib getməsinin səbəbi bazar iqtisadiyyatına adaptasiya oluna bilməməkləri idi, Eyvaz tərcümə mərkəzində işlədi, özünü ora vurdu, bura vurdu, min bir çətinliklə ailəsini dolandırmağa çalışdı, axırda həyatla ayaqlaşa bilmədi. Böyükxan Pərviz bəlkə on il issiz qaldı. Ümumiyyətlə, 80-cilərin ən böyük bədbəxtlikləri bu idi ki, keçid dövrünə düşdülər, işsizlik və maddi sıxıntıların məngənəsindən çıxa bilmədilər, tələf olub getdilər. Təsəvvür edirsən Şaiq Vəlini mənimlə üç dəfə on il, on il fasilə ilə ayrı-ayrı adamlar tanış etmişdilər. Hər dəfə də o məni unudurdu. Son dəfə onunla görüşəndə soruşdum ki, bu qədər vaxtda hardaydın, nə işlə məşğul olursan, dedi Rusiyadaydım, bazarda kartof satırdım. Bilmədim zarafatla deyir, ya gerçəklə.
- Bəs siz necə çıxdınız o illərdən. İndi nə işlə məşğul olursunuz?
- Mən ixtisasca kitabxanaçıyam, ilk dəfə 80-ci illərdə "Azərbaycan" jurnalında rəhmətlik İsa İsmayılzadə şeirlərimi çap etmişdi. Haqqımda yazılar yazmışdı. Bakıda on ilə yaxın Krupskaya adına kitabxananın müdiri işlədim, sonra kitabxanalarda maaş verilmədi, kitabxanalar bağlandı. Mən də gedib mühasibatlıq kursu bitirdim, müxtəlif yerlərdə mühasib, anbardar, təhlükəsizlik işçisi kimi işlədim. Sonra yenidən bir müddət işsiz qaldım. İndi bir şirkətdə ambardar kimi çalışıram. 5-6 ildir beləcə dolanıram.
- Bəs indiyə qədər şeirlər kitabınız çıxıbmı?
- Xeyr, kitab çıxartmağa artıq pulum yoxdur, həm də düz on ildir ki, şeir yazmıram. Səhər gün doğmamış evdən çıxıb, axşamın qaranlığında evə qayıdıram, çox yorğun oluram deyə yazmağa həvəsim qalmır.
Namiq Hüseynov