Müxtəlif mədəniyyətlərin qovuşduğu beynəlxalq məkan statusu qazanmış Azərbaycan
Müxtəlif mədəniyyətlərin qovuşduğu beynəlxalq məkan statusu qazanmış Azərbaycan

Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Ötən dövr ərzində Azərbaycanın ev sahibliyi ilə keçirilmiş daha bir beynəlxalq tədbir - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin bu sahədə səylərinin nəinki Şərqlə Qərbin, bütövlükdə dünya xalqları arasında mədəni və dini əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verdiyini bir daha əyani surətdə göstərdi.
2011-ci il mayın 27-də Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə" fərmanla ölkəmizdə yeni bir ənənənin əsası qoyulmuş oldu. Fərmanda deyilir ki, cari il aprelin 7-9-da Azərbaycanda 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin nəzərdən keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsinə təşviq edilməsi forumun əsas məqsədi olmuşdur. Sənədə əsasən, 2011-ci ildən başlayaraq hər iki ildən bir təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi ölkəmizin islam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır.
Məlum olduğu kimi, ta qədimdən Azərbaycan yerləşdiyi coğrafi nöqteyi nəzərdən millətlərin, mədəniyyətlərin vəhdət təşkil elədiyi bir məkan olub. Hər zaman da müxtəlif mədəniyyətlərin vəhdət məkanı kimi başqa ölkələrə nümunə olub. Bunu həm ölkə ictimaiyyəti, həm də Azərbaycanın hüdudlarından kənarda da qəbul edirlər.
Tanınmış tərcüməçi-yazar Nadir Quliyev hazırda Azərbaycanda mədəniyyətlərarası dialoqun vəziyyətini çox yüksək qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, cəmiyyətin həyatında vacib sayılan dialoq bu gün də qlobal mühitdə üstünlüyünü saxlamaqdadır: "Bu gün elə bir dövrdə yaşayırıq ki, artıq millətlərin və xalqların həyat fəlsəfəsini mədəniyyətlərin və geniş coğrafi ərazidə yaşayan xalqların birgəyaşama fəlsəfəsi əvəz edir. Belə meyillər bəzən qloballaşma, bəzən inteqrasiya adlandırılır, bəzən isə, ümumiyyətlə, bu tendensiyaların heç biri qəbul edilmir. Ancaq necə adlandırılmasından asılı olmayaraq bu, qaçılmaz bir prosesdir. Artıq elə bir vəziyyət yaranıb ki, dünyanın gələcəyi mədəniyyətlərarası münasibətlərdən asılıdır. Xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar. Belə bir şəraitdə son illər dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu gün real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, mənim bildiyimə görə, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir".
N.Quliyev onu da nəzərə çatdırıb ki, mədəniyyətlərarası dialoq yaşadığımız dünyada qlobal səviyyədə özünü daha qabarıq şəkildə büruzə verən ən təxirəsalınmaz vəzifələrdən biridir. Onun qənaətincə, bunu son illərdə mövzu ilə bağlı Azərbaycan paytaxtında keçirilmiş rəngarəng tədbirlər və müvafiq təşkilatların gördüyü iş də təsdiqləyir: "Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlmişdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan mədəniyyətinin böyük hamisi Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirmişdir".
Bakıda keçirilən mədəniyyətlərarası tədbirlər artıq dünya miqyaslı brend kimi səsləndiyini vurğulayan yazarın sözlərinə görə, Davos Forumu iqtisadi məsələlərin müzakirəsi üçün brendə çevrildiyi kimi, Bakı da mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılması və s. bu kimi məsələlərin müzakirəsi üçün qlobal brend statusu qazanmaqdadır: "Bu uğurlar təsadüfi deyildir. Əgər bir təşəbbüsün arxasında ölkə rəhbərliyi səviyyəsində siyasi iradə və dəstək varsa, deməli, bu, Azərbaycan dövlətinin və onun Prezidentinin dünyada sülh və dialoqa olan sadiqliyini nümayiş etdirən siyasətin təzahürüdür.
Azərbaycanın belə bir möhtəşəm tədbirlərə uğurla ev sahibliyi etməsi ilə ölkəmizdə yeni bir ənənənin əsası qoyulmuş, ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rol oynamağa, Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmağa başlamışdır. Şübhə yoxdur ki, mədəniyyətlərarasi dialoqla bağlı qlobal layihələrin mütəmadi olaraq Azərbaycanda reallaşması, başqa sözlə, ölkəmizin mədəniyyətlərarası dialoq brendinə sahib olması ilə torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanı dünyəvi humanitar prosesdən bir daha təcrid etmiş oluruq. Eyni zamanda, Azərbaycan həqiqətlərini dünyaya bir daha təqdim etməklə beynəlxalq ictimaiyyəti hadisələrə konstruktiv yanaşmağa və ən əsası da dünya dövlətlərini bizim kimi sivilizasiyalararası dialoq və anlaşmaya dəstək verməyə dəvət edirik".

Mövzu ilə bağlı münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov Azərbaycanın fərqli mədəniyyətlərin bir araya gəldiyi unikla bir ölkə olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda ondan artıq müxtəlif millətlərin nümayəndələri yaşayır və bu millətlərin tam əksəriyyəti bu ərazilərdə çox qədimdən, bəziləri isə ümumiyyətlə yerli aborigen etnos olaraq yaşamaqdadırlar: "Azərbaycanda yaşayan xalqların mədəniyyət və təfəkkür savaşı heç zaman olmamışdır. Bunun bir səbəbi odur ki, millətin müasir sosio-politoloji tərifində deyildiyi kimi bu millətlər tarixən bir neçə dəfə eyni siyasi iradə nümayiş etdirərək birgə dövlət yaratmışdırlar. Ərazimizdə yaşayan millətlərin birgə yaratdığı bu dövlətlər müxtəlif dillərdə danışan, fərqli dini və milli adətlərə sahib olan insanları bir dövlətin təəbəsi, cümhurriyyət dövründən isə vətəndaşı olaraq birləşdirmişdir. Bu baxımdan yalnız bizim coğrafiyaya əsasən son yüz ildə köçmüş ermənilər istisnalıq təşkil ediblər. Məlum olduğu kimi bu millətin nümayəndələri həmişə fürsət düşən kimi ətrafdakı bütün xalqların mənafelərinin ziddinə xəyanətkar addımlar atdıqlarına görə, bölgənin digər etnosları ilə yaxınlaşa bilməyiblər. Təsadüfi deyil ki, bu gün Azərbaycan Respublikasının ərazisində dağ yəhudiləri, malokanlar, ruslar, ukraynalılar kimi digər dinlərdən olan çox saylı vətəndaşlar rahat yaşadıqları halda, Ermənistanda başqa millətdən olan dindaşları belə sıxışdırılaraq çıxarılmışdır".
Müsahibimizin qənaətincə, ölkəmizdə millətlərarası konfliktlərin olmamasının digər səbəbi isə İslam dinidir: "İlk növbədə bizim milli müxtəlifliyimiz böyük həcmdə din birliyi ilə vəhdətə girməklə hər hansı anlaşılmazlığa və münaqişəyə yer qoymur. Bununla yanaşı İslam dini ümumbəşəri xarakteri, humanizmi və sülhə çağırışı ölkədəki milli həmrəyliyin yaranmasında müstəsna rol oynamaqdadır. Din insanları fərdiyyətçilikdən, qrupçuluqdan qopararaq yarandığımız nöqtəyə doğru, yaradana, səmavi həqiqətə doğru apardığına görə həqiqətən də çox mühüm birləşdirici faktordur. İslam dini digər dinlərə qarşı humanist çağırışlarına görə, ölkəmizdə tarixən dinlərarası münaqişə halları da demək olar ki, müşahidə olunmayıb. Ölkəmizdə çoxlu millətlərin dinc birgəyaşayışını təmin edən başlıca faktorlardan biri də insanlarımızın mədəni səviyyəsinin, ümumi dünyagörüşünün yüksək olmasındadır. Bir çox asiya xalqlarından fərqli olaraq Azərbaycan insanı yaxşı ümumi təhsil, mədəniyyət səviyyəsinə malikdir. Ona görə də ölkə daxilində etnik və dini zəmində qarşıdurma yaratmaq istəyən bəzi xarici güclər heç zaman buna ciddi olaraq nail ola bilməyiblər. Bu gün də Azərbaycana qarşı bu müstəvidəki hücum taktikalarının, təhdidlərin heç bir perspektivi yoxdur. Ona görə ki, bu ölkədə yaşayan türk, talış, kürd, ləzgi, avar, udin, saxur, tat, ingiloy, malokan, rus, ukraynalı və digər etnosların nümayəndələri məişət səviyyəsinədə bir- birilə qaynayıb qarışmış, ictimai-siyasi dünyagörüşcə ümumiləşmiş təfəkkürə yiyələnə bilmişlər. Müxtəlif millətlərin milli mədəniyyətlərinin, adət-ənənələrinin mübadilə və qarşılıqlı vəhdətindən isə yalnız zənginləşmiş, yetkin ortaq bir mədəniyyət meydana çıxmaqdadır".