"Müxalifət partiyası olaraq, rüşvətxorluğa, korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizə aparacağıq"
"Müxalifət partiyası olaraq, rüşvətxorluğa, korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizə aparacağıq"

Tapdıq Abbas: "Biz ölkədə siyasi gərginlik yaratmaq, qarşıdurmalara getmək niyyətində deyilik, çünki bu taktikanın illər uzunu Azərbaycana heç bir xeyir vermədiyini görmüşük"

Uzun illər Müsavat partiyasının rəhbərliyində, daha sonra isə sabiq spiker Rəsul Quliyevin təşkilatında yer alan Sülhəddin Əkbər yeni partiya təsis etdi. Azad Demokratlar Partiyası adlanan qurumun qurultayı keçirilib və rəhbər orqanları formalaşdırılıb. Yeni yaradılan partiyanın qurucularından sayılan "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas "Unikal"a müsahibə verib. O, Azad Demokratlar Partiyasının Azərbaycan siyasi səhnəsinə yeni bir nəfəs və mübarizə üsulu gətirdiyini iddia edir.

- Tapdıq müəllim, neçə vaxtdır ki, siyasi proseslərdən kənarda idiniz, amma deyəsən, artıq siyasi proseslərdə yaxından iştirak qərarı vermisiz. Azad Demokratlar Partiyasında siyasi fəaliyyətinizi davam etdirmək niyyəti hardan yarandı?
- Mən, həmişə siyasətdə olmuşam. Uzun müddət müxalifətdə olduğum hər kəsə bəllidir. Azad Demokrat Partiyasında olmağımın səbəblərindən biri siyasi proseslərdən kənarda qalmamaq istəyi ilə bağlıdır. Eyni zamanda, bu gün Azərbaycanda sözün həqiqi mənasında konstruktiv müxalifətə ciddi ehtiyac var. Bildiyiniz kimi, Azərbaycanda müxalifət çoxrənglidir, radikal müxalifət var, konstruktiv müxalifət var, hakimiyyətə yaxın müxalifət var, hansı ki, parlamentdə təmsil olunurlar. Biz də hesab edirik ki, Azad Demokratlar Partiyasının yaranması bir sıra siyasət adamlarının, xüsusən də müxalifət partiyalarından ayrılmış şəxslərin bir yerə toplanıb yeni partiya yaratmaq istəyindən irəli gəlir. Biz burada müxalifət mövqeyində dayanmaqla dövlətçiliyə xidmət etmək fikrindəyik. Düşünürəm ki, bu istiqamətdə Azərbaycanda mükəmməl fəaliyyət göstərən partiya yoxdur. Radikal və hakimiyyətin yanında olan müxalifət var, amma ortaq mövqeli qüvvə yoxdur. Ona görə də konstruktiv müxalifət partiyası kimi fəaliyyət göstərməyi, dövlətə, dövlətçiliyə xidmət etməyi qarşımıza məqsəd qoymuşuq.
- Sizcə, bu cür siyasi xətlə Azərbaycanın mövcud şərtləri daxilində uğur qazanmaq mümkün olacaqmı?
- Təbii ki, bizim partiyamızı orta təbəqənin partiyasıdır. Bilirsiniz ki, hazırda Azərbaycanda orta təbəqə çox zəifdir. Bütün xırda sahibkarlar, ziyalılar orta təbəqənin nümayəndələridir. Amma onlar çox zəifdir, demək olar ki, orta təbəqə çox kövrək vəziyyətdədir. Ona görə də biz əsasən xırda sahibkarların, biznesmenlərin, ziyalıların mənafeyini güdəcəyik. Eyni zamanda, Azərbaycanın Qərbmeylli, NATO-nun üzvü, Avroatlantik məkana inteqrasiyasını istəyən və bu yolda lazım olan addımları atan bir partiya kimi fəaliyyət göstərəcəyik. Regionda, eləcə də Azərbaycanda demokratikləşmə prosesinin daha da inkişaf etməsi üçün əlimizdən gələni etməyə çalışacağıq.
- Adətən müxalifət partiyalarına müəyyən maneələr yaradılır. Necə düşünürsünüz, Azad Demokratlar Partiyasına hər hansı bir maneçiliyin olmasını gözləyirsinizmi?
- Bilirsiniz ki, radikal müxalifət tam inkarçılıq mövqeyindədir. Hər şeyə ancaq qara fonda baxır. Hakimiyyət yönlü müxalifət qüvvələri isə tamamilə hakimiyyəti müdafiə mövqeyinə keçib. Ona görə də onların fəaliyyətindən müxalifətçilik hiss olunmur. Biz istəyirik ki, nə inkarçılıq mövqeyində olaq, nə də ki, o birilər kimi hakimiyyəti müdafiə edək. Hakimiyyət uğurlu addım atırsa, onu təqdir etmək, hardasa neqativ hallar, demokratiyanın inkişafına mane olan hallar varsa da, onu tənqid etmək yolu tutacağıq. Azərbaycanda demokratikləşmə prosesinin sürətlənməsi üçün əlimizdən gələni edəcəyik. Xüsusilə də demokratik seçkilərin keçirilməsi, insan haqları, qanunların aliliyinin təmin olunması istiqamətində öz fikirlərimizi, təkliflərimizi dövlətə, dövlət başçısına və digər orqanların diqqətinə çatdıracağıq. Biz ölkədə siyasi gərginlik yaratmaq, qarşıdurmalara getmək niyyətində deyilik, çünki bu taktikanın illər uzunu Azərbaycana heç bir xeyir vermədiyini görmüşük. Təbii ki, biz müxalifət düşərgəsində ciddi inteqrasiyanın tərəfdarıyıq. Ancaq bizim konkret mövqeyimiz, istiqamətimiz, strategiyamız var. Biz elə bir yol tutacağıq ki, ənənəvi müxalifət o yolla yürüməyi bacarmır. Qarşılıqlı anlaşma, konstruktiv mövqe bizim əsas devizimizdir və partiyamızı ziyalı partiya da adlandırmaq olar. Qanunlara söykənərək hökumətə həm təkliflər vermək, həm də kömək etməyi planlaşdırırıq.
- Məmur özbaşınalığı, rüşvətxorluq və bu kimi neqativ hallara qarşı hansı formada mübarizə planlaşdırırsınız?
- Bəli, biz də siz deyən problemlərə qarşı mübarizəni prioritet götürəcəyik. Bilirsiniz ki, ölkə prezidenti də rüşvət və korrupsiyaya qarşı mübarizə aparılması üçün konkret mövqe qoyub. Məmur özbaşınalığı, hətta onların övladlarının harınlığı, müəyyən hərəkətləri ilə bağlı öz fikirlərini hökumətin müşavirələrində səsləndirib. Biz də müxalifət partiyası olaraq, rüşvətxorluğa, korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizə aparacağıq. Bu yöndə hökumətə müvafiq təkliflər vermək, müəyyən tədbirlər həyata keçirmək planlarımız da var. Eyni zamanda, dövlətimizi, müstəqilliyimizi təhdid edən bütün prosesləri diqqətdə saxlayacağıq və dövlətçiliyimizin qorunması yönündə addımlar atacağıq. Azərbaycanın gələcəyi Qərbədir, NATO-yadır. Bu səbəbdən də demokratik dünya tərəfindən qəbul olunmayan məqamları aradan qaldırmaq lazımdır.
- Tapdıq müəllim, AzDP-nin qarşıdan gələn parlament seçkilərində iştirakı barədə nə deyə bilərsiniz?
- Bizim partiya qurultayda siyasi xəttini elan edəndə bildirildi ki, biz bələdiyyə seçkilərində iştirak etməyin tərəfdarıyıq. Eyni zamanda, çox ciddi şəkildə 2015-ci il parlament seçkilərinə hazırlaşmaqla bağlı qərarımız var. Təbii ki, hər bir partiya seçkilərdə iştirak etməlidir. Azad Demokratlar Partiyası da bütün seçkilərdə iştirak etməyi planlaşdırır.
- 2015-ci il parlament seçkilərində partiyanızın ciddi uğur əldə etməsi üçün potensialı var, yoxsa hələ bir müddət təşkilatlanma prosesi getməlidir?
- Bizim partiyada təcrübəli siyasətçilər, xüsusilə də müxalifət düşərgəsinin üzdə olan şəxsləri cəmləşib. İstər Bakıda, istərsə də rayonlarda kifayət qədər nüfuzlu şəxslər partiyada cəmləşib. Partiyanın rəhbərliyində təmsil olunan şəxslər 20-25 illik müxalifətçilik təcrübəsinə malikdirlər. Bizim partiyanın əsasını təşkil edən demokratik düşərgədən gələn insanlardır. Onlar Xalq Hərəkatından çıxmış şəxslərdir, Azərbaycandakı ictimai-siyasi proseslərdə daim aktiv iştirak ediblər. İstər mərkəzi aparatda, istər rayon təşkilatlarında olan insanların seçki təcrübəsi də böyükdür. Bu mənada bizim həm bələdiyyə, parlament seçkilərində uğur qazanmağımız elə də çətin olmayacaq. Burda cəmləşən insanlar Xalq Cəbhəsindən, Müsavatdan bəzi məsələlərə görə ayrılıblar. Onu da deyim ki, Azad Demokratlar Partiyasına Yeni Azərbaycan Partiyasından da gələn var. Müstəqil düşüncəli insanların toplandığı partiyanın uğur qazanması mənə elə gəlir ki, daha rahat olacaq. Bizim İdarə Heyətini nəzərdən keçirsəniz, görərsiniz ki, onun tərkibində kifayət qədər təcrübəli, cəmiyyət arasında xüsusi çəkiyə malik olan insanlar var. Ona görə də hesab edirəm ki, bizim hər bir prosesdə iştirak edib uğur qazanmağımız üçün potensialımız mövcuddur.
- Tapdıq müəllim, partiyanız təsis olunan gün üzvləriniz Milli Şuranı tərk etdi. Amma bu qərarınız bir mənalı qarşılanmadı. Milli Şuranı tərk etmək qərarına Sizin münasibətiniz necədir?
- Mən hər şeydən öncə onu deyə bilərəm ki, hər bir partiyanın öz xətti var və ona uyğun hərəkət etməsi normaldır. Buna görə heç kim heç kimi qınaya bilməz. Azad Demokratlar Partiyasının qurultayında bu məsələ müzakirə olundu və müvafiq qərar verildi. Bir dəki, partiyamızını üzvləri fərdi qaydada Milli Şuraya qoşulmuşdular, partiya şəklində daxil olmamışdılar. Partiyamızın qurultayında verilən qararda heç bir birlikdə təmsil olunmaq nəzərdə tutulmur. Ona görə də üzvlərimiz Milli Şuranın sıralarını tərk elədilər. Hesab edirəm ki, bu, tamamilə doğru yanaşmadır. Artıq Milli Şura öz ömrünü başa vurub, bu müxalifətin birlik layihələrindən biri idi, təəssüf ki, uğursuzluqla nəticələndi. Ümid edək ki, müxalifətin bundan sonrakı layihələri o taleyi yaşamasın.
Söhbətləşdi:
Z.MƏMMƏDLİ