Pulsuz hüquqi yardımlara ehtiyac var
Pulsuz hüquqi yardımlara ehtiyac var

Zaur İbrahimli: "Hüquq xidmətlərinə ehtiyac səviyyəsi yüksək qiymətləndirilsə də, real olaraq yaşadığı rayonda vəkil tanıyanların sayı bu ehtiyac səviyyəsinə adekvat deyil"

Azərbaycanda hüquq mühafizə orqanları və məhkəmələr olsa da, hüququ pozulan vətəndaşlar çox vaxt hansı qapını döyəcəklərini, pozulmuş hüquqlarının bərpası üçün müraciət edəcəkləri ünvanları səhv salırlar.
Rüşvət tələb edilən, ərizəsi müvafiq orqan tərəfindən aylarla stolun üstündə baxılmamış qalan, kiçik kağız parçasını almaqdan ötrü aylarla icra nümayəndəliklərinin qapısına gedib-gələn insanlar sonucda öz hüquqlarının müdafiəsindən vaz keçmək məcburiyyətində qalırlar. Bu mənada vətəndaş cəmiyyətinin daimi və mütərəqqi inkişafını təmin etmək üçün hüquqi islahatların ardıcıl davam etdirilməsi zəruridir. Bu prosesdə vətəndaş cəmiyyətinin ayrı-ayrı strukturlarının fəal iştirakı, dövlət siyasətinin cəmiyyətə çatdırılması, təbliği üçün ictimai təşkilatların məqsədyönlü iş aparması müsbət rol oynayır. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatların konstruktiv fəaliyyəti əhəmiyyətlidir.
QHT-lərin üzərinə düşən vəzifələrdən biri də, məhz vətəndaşların hüquqi səviyyəsinin yüksəldilməsi, məlumatlandırılması istiqamətində layihələr həyata keçirməkdir. Bəzən insanlar hüquqi xidmət almaq üçün hüquqşunas axtarıb tapmaq kimi çətinliklərlə üzləşdiklərindən, hüquqlarını müdafiə etməkdən imtina edirlər. Xarici ölkələrdə isə belə vəziyyətdə insanların ən yaxın köməkçisi pulsuz hüquqi xidmət mərkəzləri olur. Elə "Unikal"ın bu dəfəki həmsöhbəti bu sahədə araşdırma aparan "Konstitusiya" Araşdırmalar Fondunun eksperti Zaur Ibrahimlidir. Z. İbrahimlinin "Unikal"a verdiyi məlumata görə, "Konstitusiya" Araşdırmalar Fondu "Azərbaycan Hüquqlar Konsorsimumu Layihəsi" çərçivəsində vətəndaşların hüquq xidmətləri ilə bağlı ehtiyaclarının öyrənilməsi məqsədilə keçirilən sorğunun nəticələri zamanı maraqlı məqamlar üzə çıxıb: " Öncə qeyd edim ki, bu sorğu Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və onun partnyorları "Konstitusiya" Araşdırmalar Fondu və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası tərəfindən həyata keçirilən "Azərbaycan Hüquqlar Konsorsiumu" layihəsi çərçivəsində keçirilib. Azərbaycan Respublikası vətəndaşlarının hüquqi xidmətlərilə bağlı ehtiyaclarının qiymətləndirilməsi məqsədilə 2013-cü ilin may-avqust aylarında əvvəlcədən müəyyən edilib, Bakı, Gəncə və Şəki şəhərlərində, habelə Şamaxı, Goranboy, Göygöl rayonlarının ərazilərində sosioloji sorğu keçirilib. Sorğuda iştirak edən 3500 respondentin 2012 nəfərini (57,5%) kişilər, 1488 nəfərini (42,5%) qadınlar təşkil edib. Tədiqaqatın nəticələrinə görə yalnız 12 respondent (0,34%) hər hansı təhsilə malik olmadığını bildirib. Sorğuda iştirak etmiş respondentlərin 2351 nəfəri işlədiyini, 1149 nəfəri isə işləmədiyini qeyd ediblər.Tədqiqatın nəticələrin görə respondetlərin 73,5%-i (2574 nəfər) zərurət olduğu hallarda haradan hüquqi yardım ala biləcəyi barədə məlumatlı olub-olmadıqları barədə suala müsbət cavab veriblər".
Z. İbrahimli deyir ki, sorğu zamanı respondentlərin 56,1% (1963 nəfər) qismən, 26,5%-i (926 nəfər) isə ümumiyyətlə bu barədə heç məlumatlı olmadığını deyir: "Zərurət olduğu hallarda haradan hüquqi yardım ala biləcəyi barədə məlumatlı olduğunu bilən respondetlərin 56%-dən çoxu bu yardımı əsasən 3 dövlət orqanından Ədliyyə Nazirliyi, Ombudsman və polisdən ala biləcəyini düşündüklərini bildiriblər. Respondetlərin zərurət olduğu halda hüquqi yardımla bağlı məlumat almaq üçün hara müraciət etmələri ilə bağlı cavabları göstərir ki, onlar bu məsələ ilə bağlı məlumatlı deyillər. Respondetlərin 11,5 %-i vəkilə 10,9%-i QHT-lərə müraciət etməyi düzgün sayır. Cavabların təhlili göstərir ki, vətəndaşların 48,5%-nin hüquqi yardımın göstərilməsi ilə bağlı bir o qədər də aidiyyatı olmayan qurumlara müraciət etməyi düzgün hesab edir".
Z. İbrahimli deyri ki, sorğu zamanı o da üzə çıxıb ki, hüquq xidmətləri almaqla bağlı məlumatların əsas mənbəyi kimi internet (36.3%), respondentlərin yaxın ətrafı (iş yoldaşları, dostlar, tanışlar) 29,8% çıxış edir. Respondentlərin 13,0%-i isə hüquqi xidmətlərlə bağlı məlumatı QHT-lərdən alırlar. Bununla yanaşı, müxtəlif dövlət orqanları da hüquq xidmətlərinin göstərilməsi barədə məlumataların əldə edilməsində informasiya mənbəyi kimi çıxış edir: "Respondetlərin böyük əksəriyyəti 80,4%-i hesab edir ki, hüquq xidmətləri çox zəruridir və tez-tez lazım olur. 18,0%-nin fikrincə bu xidmət qismən zəruridir. Yalnız respondentlərin 1.6%-i hesab edir ki, hüquq xidmətləri çox hallarda lazım olur".
Ekspertin sözlərinə görə, vəkil xidmətlərindən istifadə ilə bağlı sorğu da maraqlı faktları üzə çıxarıb: "Respondentlərin 57,2%-i öz bölgələrində vəkil tanıyıb tanımadıqları ilə bağlı sualı müsbət cavablandırıblar. Respondentlərin 57,2%-i öz bölgələrində vəkil tanıdığını 34,1%-i isə hər hansı vəkil tanımadığını bildirib. Göründüyü kimi yaşadığı rayonda vəkil tanımayanların sayı kifayət qədər yüksəkdir. Baxmayaraq ki, respondentlər tərəfindən hüquq xidmətlərinə ehtiyac səviyyəsi yüksək qiymətləndirilsə də, real olaraq yaşadığı rayonda vəkil tanıyanların sayı bu ehtiyac səviyyəsinə adekvat deyil".
Aparılan tədqiqatlar zamanı üzə çıxan daha bir maraqlı məqam isə odur ki, ümumiyyətlə hüquqşünasın xidmətindən yararlanmayanların da sayı kifayət qədərdir. Ekspertin dediyinə görə, bu barədə rəyi soruşulanların 40,1%-i (1402 nəfər) son 3 ildə hüquqşünas və yaxud vəkil xidmətlərindən istifadə etdiyini bildirib. Hüquqşünas və vəkil xidmətlərindən istifadə etməyənlərin nisbəti 59,9% (2098 nəfər) təşkil edib. Respondentlərin 61,4%-i müraciət etdiyi hüquqşünasın Bakı şhərində, 24,8%-i isə qonşu rayonda fəaliyyət göstərdiyini qeyd edib. Yalnız respondentlərin 13,8%-i yaşadıqları rayonda fəaliyyət göstərən hüquqşünasa müraciət etdiklərini göstəriblər. Ekspert deyir ki, tədqiqatın nəticələrinə uyğun olaraq son üç ildə məhkəməyə müraciət edənlərin sayı ümumilikdə 39,5% (1381 nəfər) təşkil edib ki, onların 17,2%-i bir dəfə, 22,3%-i bir dəfədən artıq müraciət etdiklərini bildiriblər: "Respondentlərin 60,5%-i isə son 3 ildə məhkəməyə müraciət etməyib. Məhkəməyə müraciət etdiklərini bildirən 1381 respondentin 52,6%-i (727 nəfər) vəkil tutmadığını bildirib".
Sorğu zamanı respondentlər daha çox ilkin hüquqi məsləhət (41.1%), ərizə, şikayətlər və müraciətlərin hazırlanması (37,1%), sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqi xidmətləri (35,7%) daha vacib hesab etdiklərini deyiblər. Respondentlərin yalnız 34,2%-i (1198 nəfər) pulsuz hüquqi yardım xidmətindən istifadə etdiyini bildirib. Pulsuz hüquqi yardımdan istifadə etdiklərini bildirən 1198 nəfərdən 30,5%-i bu yardımı Ədliyyə Nazirliyinin Regional Hüquq Mərkəzindən, 24,6%-i Ombudsman Regional Mərkəzindən, 22,5%-i Qeyri-hökumət təşkilatlarından, 14,4%-i Uşaq və Ailələrə Dəstək Mərkəzindən və 8,0%-i vəkildən aldığını göstərib.
Həmsöhbətimiz deyir ki, Konstitusiya Araşdırmalar Fondunun apardığı sorğunun nəticələri göstərib ki, əvvəlki illərlə müqayisədə vətəndaşların ödənişsiz hüquqi yardım almaq imkanları artsa da, bu istiqamətdə əlavə tədbirlərə ehtiyac var: "Nəticələrin təqdimatından sonra müzakirələrə start verildi. Müzakirələr zamanı qeyd olundu ki, vətəndaşların hüquq xidmətlərinin haradan ala biləcəkləri ilə bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin miqyasının və əhatə dairsinin genişləndirilməsi,xüsusən bu sahədə internet medianın imkanlarından daha geniş istifadə olunmasına ciddi ehtiyac var.
Ödənişsiz hüquqi yardım xidmətlərinin əhatə dairəsi və miqyasının genişləndirilməsi və bu barədə əhalinin məlumatlandırılması üçün əlavə tədbirlər görülməsi vacibdir. Sorğunun nəticələri onu deməyə əsas verir ki, bu xidmətlər barədə əhalinin məlumatlılıq səviyyəsi yetərincə deyil".
Z. İbrahimlinin sözlərinə görə, ümumilikdə, isə ödənişsiz hüquqi yardımın göstərilməsinin tənzimlənməsi, bununla bağlı qanunun qəbulu vətəndaş hüquq və azadlıqlarının qorunması, hüquq xidmətlərinin əlçatanlığının təmin edilməsi sahəsində hazırda müşahidə edilən problemlərin həlli üçün çox əhəmiyyətli addım olardı: "Eyni zamanda bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə yol açardı. Digər tərəfdən vətəndaşların, xüsusilə imkansız təbəqəyə məxsus vətəndaşların keyfiyyətli hüquqi yardım almasını şərtləndirərdi. İndiki halda əvvəlki illərlə müqayisədə ödənişsiz hüquqi yardım almaq imkanlarının daha da genişləndiyi müşahidə edilir. Həmçinin bölgələrdə vəkillərin sayının az olması da aktual məsələ kimi qarşıda durur. Bu problemin həllinə yardım göstərilməsi üçün vəkil köməkçiləri institutunun inkişaf etdirilməsi məqsədəuyğun olardı".