Azərbaycanda qadınların hüququ necə qorunur?
Azərbaycanda qadınların hüququ necə qorunur?

Rəna Mirzəzadə: " Qadınlar öz hüquqlarını tələb etməlidirlər"

Artıq dünyada qəbul olunub ki, demokratiyanın inkişafının əsas pirinsiplərindən biri gender bərabərliyinin təmin olunmasıdır. Ölkə əhalisinin 51 faizinin əskəriyyətini qadınlar təşkil edən Azərbaycanda da gender mədəniyyəti prioritet məsələlərdəndir.
İnkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəli təhlili göstərir ki, bizdə demokratiyanın inkişafına mane olan mühüm amillərdən biri gender bərabərliyi mədəniyyətinin aşağı səviyyədə olmasıdır. Ötən il açıqlanan Dünya İqtisadi Forumu Qlobal Gender Bərabərliyi hesabatında cənubi Qafqaz ölkələri arasında lider Gürcüstandır (86). Sonra Ermənistan (94) və Azərbaycan (99) gəlir. İran (130) və Pakistan (135) aşağı səviyyəli ölkələr sırasındadır. MDB ölkələri arasında ən yüksək nəticə Qazaxıstana (32) məxsusdur. Daha sonra Moldova (52), Rusiya (61), Qırğızıstan (63), Ukrayna (64), Azərbaycan (99) gəlir. Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Hazırda Azərbaycan da qadın seçmək və seçilmək hüququna malikdir. Bununla belə qadınların ictimai həyatda daha aktiv olması, idarəetmə və qərar qəbul etmə orqanlarında təmsil olunması məsələsi hələ də aktualdır. Azərbaycanda qadınların hüquq bərabərliyi mövzusunda həmsöhbətimiz AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda politologiya və siyasi sosiologiya problemləri şöbəsinin müdiri, professor Rəna Mirzəzadədir.
-Rəna xanım Azərbaycanda gender bərabərliyi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu daha da artmağa başlayıb.
1992-ci ildə Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü oldu. Bu təşkilatların hər birinin tərkibində gender məsələləri,qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturlar var.Azərbaycan dövləti də bu qurumlara üzv olduğu vaxtdan həmin strukturların hər biri ilə sıx əməkdaşlıq edir. Azərbaycan Respublikası 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına,1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də "Nigaha daxil olma,nigaha daxil olmaq üçün minimal yaş həddi,nigahların qeydə alınması haqqında"1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kompaniyasına,2001-2002 –ci illərdə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulub. Azərbaycan Respublikası bir çox beynəlxalq təşkilatlarla əmkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı,ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın 25-ci maddəsində deyilir ki,kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.İrqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən,qulluq mövqeyindən,əqidəsindən,siyasi partiyalara,həmkarlar ittifaqlarına və digər içtimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminat verir.İnsan və vətəndaş hüquqlarını irqi, milli,dini,dil,cinsi,mənşə,əqidə,siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Bu prinsiplərin əsas məqsədi həyatın bütün sahələrində kişilərlə qadınların bərabər hüquqlara malik olmasından əlavə,həm də qadınların cəmiyyətin fəal və aparıcı üzvünə çevrilməsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən hər kəsin qanunda nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Ümumiyyətlə qeyd edilməlidir ki, Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirdi.
- Rəna xanım amma Azərbaycan qadını öz hüququnu tam olaraq qoruya bilir demək məncə hələki mümkün deyil.
-Yox, razılaşmıram sizinlə. Çünki, bu gün Azərbaycan qadınının öz hüququnu qoruması üçün kifayət qədər qanunvericilik bazası var. Gəlin görək Azərbaycan qadını öz hüququnu tələb etməyə maraqlıdırmı? Mənim fikrimcə, əsas budur. Qadınlarımız öz hüquqlarını tələb etməlidirlər.
-Axı elə hallar olur ki, mentalitet qadınların öz hüquqlarını tələb etməsinə mane olur.
-Buna qarşı mübarizə aparmaq lazımdır. İnsanların təfəkkürünü, düşüncəsini bu məsələdə dəyişmək lazımdır. Azərbaycan qadını öz hüquq və azadlığının qorunmasında lazım olan qədər gücə malik olduğunu sərgiləməyi bacarmalıdır.
-Bu gün ailədə zorakılığın qurbanı olan Azərbaycan qadını özündə bu gücü necə tapa bilər?
-Mübarizə yolu ilə. Bu gün heç kəs deyə bilməz ki, Azərbaycanda qadınların hüququ qorunmur. Yetər ki, onlar hər yerdə öz pozulmuş hüquqlarını bərpa etməyə səy göstərsinlər.
Zorakılıqla üzləşdikdə hüquq mühafizə orqanına müraciət edərək öz pozulmuş hüquqlarını bərpa etsinlər. Daha döyülə-döyülə yaşamağa adət etməsinlər.
-Çox təəssüf ki, döyülən Azərbaycan qadını polisə müraciət etdikdə elə polis tərəfindən qınaqla qarşılanır. Hətta onların özləri də zorakılığa məruz qalıb polisə müraciət edən qadına "yaxşı qadın ərini polisə verməz" deyə təyziq edirlər. Belə halda hüququ tapdalanan qadın kimdən kömək gözləməlidir?
- Ona görə də, maarifləndirmə işləri aparılmalıdır. Qadınlara qarşı zorakılığın yolverilməz olduğunu, bunu edənin cəzasını çəkməli olduğunu təbliğ edən işlər aparılmalıdır. Hüquq mühafizə orqanlarında çalışan insanlar da maarifləndirilməlidir.
-Etiraf edək ki, Azərbaycan qadınının hüququ təkcə ərə gedəndən sonra pozulmur. Bu gün ailələr var ki, azyaşlı qızlarını təhsil almaq hüququndan məhrum edirlər.
-Mən də belə hallara təəssüf edirəm. Amma buna qarşı da mübarizə üsulları var. Bununla məktəb direktorları mübarizə aparmalıdır. Övladını təhsildən yayındıran ailələrlə, valideynlərlə görüşüb bu neqativ halı aradan qaldırmalıdır.
-Məktəb direktorları bəzən danışıqların valideynlərin fikrini dəyişdirmədiyini etiraf edirlər. Bəs erkən nikaha cəlb olunan qızların sağlamlığının qorunması, sərbəst ailə qurmaq hüququnu bərpa etmək üçün hansı addımlar atılmalıdır? Axı nikah yaşının artırılması bu problemi həll etmədi.
-Bunun üçün də QHT-lər layihələr həyata keçirməli, erkən nikahın fəsadları barədə valideynləri maarifləndirməlidirlər. 13 yaşında qızını ərə verən ata bunun onun sağlamlığında, həyatında hansı faciələrə yol açaçağını bilərsə, bu fikrindən daşına bilər. Ona görə də KİV-də bu barədə maarifləndirici verilişlər efirə verilməlidir.
-Son vaxtlar ailə qurub boşanan qadınlar əksər hallarda hüquqlarının tapdanması ilə razılaşmalı olurlar. Xüsusilə mənzil bölgüsü məsələsində problemlərlə üzləşirlər.
-Doğrudur, elə qadınlar var ki, boşananda öz cehizini belə geri ala bilmir. Ona görə də, nikah müqaviləsi bağlamaqdan çəkinməməlidirlər. Mən həmişə deyirəm ki, qadınlar öz hüquqlarını vaxtında tələb edərlərsə, qanunvericiliklə onların hüquqlarını qorumaq asan olar. Buna görə də, bu istiqamətdə maarifləndirməyə ehtiyac var.