İnsan alveri qurbanı olan qadınların hüquqları necə qorunur?
İnsan alveri qurbanı olan qadınların hüquqları necə qorunur?

Mehriban Zeynalova: "Sığınacaqlarımıza üz tutan qadınlara reabilitasiya dövründə
komplesklərdən uzaq olmasını, necə yaşamasını, özünü təmin etməsinin yolunu öyrədirik"

Qloballaşan dünyanın dəhşətli problemlərindən biri də insan alveri ilə bağlıdır.Bu sahə gəlirli olduğundan bu yolla pul qazananların sayı da getdikcə çoxalır.
Heç təsadüfi deyil ki , bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra ikinci geniş və ən çox gəlir gətirən sahə hesab olunur. Beynəlxalq ekspertlərin hesablamalarına görə hər il 27 milyonadək şəxs cinsi istismara və məcburi əməyə məruz qaldığı halda, hüquq mühafizə və təhlükəsizlik strukturları tərəfindən cəmi 46 min qurban müəyyən edilir. Azərbaycan da insan alverinin qarşısının alınmasında öncül, regionda ən fəal və mütərəqqi siyasət reallaşdıran dövlətlərdən olmaqla 2003-cü ildə BMT-nin "Transmilli cinayətkarlığa qarşı" Konvensiyasına və onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması" haqqında protokola qoşulub. Ölkəmizdə insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasının başlanğıcı sayılan həmin dövrdən ötən 10 ildə bu sahəyə dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilib. Müvafiq cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasının təmin olunması istiqamətində böyük bir fəaliyyət ortaya qoyulub.
Bu müddətdə başlıca vəzifələrdən biri insan alveri cinayətlərini hazırlayan və törədən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi olub.
İnsan alverinə qarşı mübarizənin kompleks şəkildə və sistemli surətdə aparılmasında ölkə başçısının sarəncamları ilə təsdiq edilmiş Milli Fəaliyyət Planları müstəsna rol oynayıb. 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" əsasında bir çox zəruri tədbirlər həyata keçirilib, o cümlədən insan alveri ilə mübarizədə qanunvericilik bazası formalaşdırılıb. Həmçinin, ixtisaslaşdırılmış polis qurumu, insan alveri qurbanlarına yardım və onların müdafiəsi mexanizmləri yaradılaraq, digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin təməli qoyulub. Ötən il icrası başa çatmış ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi və həyat səviyyəsinin yaxşılaşması insan alveri probleminin həllində əhəmiyyətli nəticələri şərtləndirib. Hökumətin müvafiq qərarı ilə insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə dövlət tərəfindən verilən müavinətin məbləği artırılaraq 33 manatdan 400 manata çatdırılıb. Bu gün Azərbaycanda insan alveri qurbanlarına kömək məqsədilə sığınacaqlar belə fəaliyyət göstərir. Amma insan alveri qurbanlarının bu gün qurban olaraq qarşılaşdıqları problemlər də az deyil. Bu sahədə onlara dəstək olan QHT-lər fəaliyyət göstərsə də, insan alveri qurbanları arasında pozulmuş hüququnun bərpasına ehtiyac duyulanları da var. Həmsöhbətimiz insan alveri qurbanları ilə işdə uzun illərin təcrübəsinə malik "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovadır.
-Mehriban xanım sizin təşkilatınızın fəaliyyəti ilə bağlı məlumat verərdiniz.
-Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29.09.2006-cı il tarixdən dövlət qeydiyyatından keçmiş "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ölkəmizdə 1998-ci ildən etibarən fəaliyyət göstərir. Məqsədi Qadınlara qarşı baş verən bütün zorakılıq hallarının qarşısının alınması, qadınlarla bağlı tarixən formalaşmış sterotipləri ictimai fikir (ictimai dəstək) vasitəsilə dəyişməkdir. Bu illər ərzində bütün Azərbaycan Respublikasının vətəndaşları olan qadınların hüquq və azadlıqlarını qorumaq, vətəndaş cəmiyyəti quruculuğunda qadınların kişilərlə bərabər iştirakına nail olmaq, onların müxtəlif sterotiplər və komplekslərdən azad olmasına yardım etməklə, bacarıq və qabliyyətlərinin inkişafı istiqamətində dövlət və qeyri-dövlət qurumları ilə uğurlu əməkdaşlıq həyata keçirir. Qeyd edilən vasitələrlə təşkilat cəmiyyətin inkişafında qadınların rolunun vacibliyini və mühümlüyünü ictimai fikirdə formalaşdıraraq, insan hüquq və azadlıqlarına hörmət, eləcə də digər mövzularda peşəkar təlimçi və ekspertlərlə birgə bütün bölgələrdə müxtəlif mövzularda tədbirlər keçirir. Təşkilat fəaliyyət və xidməti davam etdirməklə "İnsan alverinə qarşı mübarizə haqqında" fərmanın imzalandığı gündən, qadınlar üçün və qadınlar vasitəsilə cəmiyyətin inkişafına çalışıb, uşaqların sığınacaqda yerləşdirilməsi, milli istiqamətləndirilmə mexanizmi qaydalarını hazırlamaqla digər normativ hüquqi aktların hazırlanmasında yaxından iştirak edib. Təşkilat Azərbaycan Respublikasında insan alveri problemi, qadın hüquqlarının müdafiəsi, cinsi istismara məruz qalmış qurbanlarının məhkəmədə və digər instansiyalarda müdafiəsi, pulsuz hüquqi və psixoloji yardım, yüzlərlə qurbanın hüquqlarının müdafiəsi, ailədaxili zorakılığa məruz qalanların sığınacağı, HİV/AİDS xəstəliyinin qarşısının alınması, qadınlara qarşı zorakılığın, ayrı-seçkilyin bütün formalarının qarşısının alınması, bərabər hüquqların və imkanların təmin olunması, insan alveri qurbanlarına qarşı cəmiyyətdə mövcud olan stereotiplərin qırılması və onların yenidən cəmiyyətə qaytarılması, insanların pozulmuş hüquqlarının tam bərpasına dair təsir mexanizimlərimizi genişləndirərək uzun müddətli və qısa müddətli dəyirmi masalar, əməkdaşlıq görüşü, yardımlar, layihələr həyata keçirir.
-Sizin təşkilatın insan alveri qurbanları üçün sığınacağı bu qurbanların sığındığı məkandır.Həmin sığınacağa başqa hansı qadınlar müraciət edir?
- "Zorakılıqla qarşılaşanlar, insan alverinin qurbanları, məişət zorakılığının qurbanı və yaxud hansısa ayrı-seçkiliyə məruz qalanlar. Biz həmin qadınları həmin sığınacağa yerləşdiririk. "Təmiz dünya" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacaq yarandığı ildən, yəni 2002-ci ildən 2012-ci ilə qədər öz maliyyə vəsaiti hesabına fəaliyyət göstərib. Heç bir maliyyə dəstəyi olmayıb. Hazırda isə fərqlidir. Belə ki, insan alveri qurbanları sığınacağa yerləşdirilərkən onların maliyyə xərcləri ATƏT-in Bakı ofisi tərəfindən ödənilir. Bu maliyyə hesabına sığınacağa ehtiyacı olan qadınlar geyim ilə təmin olunur, tibbi müayinəsi edilir, onların yol xərcləri ödənilir və mütəxəsislərə zəhmət haqqı verilir".
-Sığınacaqlar bu məkana üz tutan insanlar üçün başqa hansı funksiyanı daşıyır?
- "Sığınacağın mahiyyəti çətin, çıxılmaz vəziyyətdə olan, getməyə yeri olmayan şəxslərə yaşayış yerinin verilməsindən ibarətdir. Bunlar sənədlər əsasında həyata keçirilir. İlkin gələn şəxsin vəziyyəti dəyərləndirilir və buna uyğun olaraq qadının ehtiyacları nəzərə alınır. Qadın sığınacağında psixoloji, hüquqi və tibbi yardım edilir, peşə kurslarına istiqamətləndirmə var, eləcə də iş yerləri ilə təmin etmək də nəzərdə tutulur. Həmçinin öz evinə qayıtması üçün müəyyən işlər görülür. Bütün bunlar qadın sığınacaqlarında olan reabiltasiya prosesinə daxildir. Reabiltasiyadan sonra inteqrasiya prosesi gəlir. Beynəlxalq standartlara görə, sığınacaqda qalmaq bir, iki ya da üç ay olur. Biz üç ayı qəbul etmişik. Daha doğrusu üç aydan 6 aya qədər azyaşlı uşağı olan qadınların bir il və ya il yarım qalmaq imkanları olur. Bu müddət ərzində sığınacağa ehtiyacı olan qadınların işlə təmin olunması və uşaqlarının bağça ilə təmin olunması və bu kimi məsələlər diqqət mərkəzində dayanır. Adətən Azərbaycanda azyaşlı uşaq bağçaları olmadığına görə, həmin şəxslər uşağınıın 2 yaşı olmayana qədər işə düzələ bilmirlər. Belə bir çətinliklərimiz, ehtiyaclarımız olur ki, uşaqları hara yerləşdirək, necə iş tapaq...
İnteqrasiya dövrü onun uğurlu cəmiyyətə daxil olmasıdır. Qadın sığınacaqları o deməkdir ki, şəxs burada qalmaqla özü -özünün müstəqil yaşamasını təmin etsin, iqtisadi təlabatlarını ödəsin. Reabilitasiya dövründə sığınacağa ehtiyacı olan şəxsin komplesklərdən uzaq olmasını, necə yaşamasını, özünü təmin etməsinin yolunu öyrədirik. Biz mütəxəsis olaraq problemi aşkarlayırıq və problemdən çıxış yolunu göstəririk. Artıq problemdən çıxış yolu seçimi həmin şəxsin özündən asılıdır".
-Qadınlar üçün sığınacaqlarda işləyən hüquqşunasların seçimi necə aparılır?
-Qadın sığınacaqlarında hər kəs işləyə bilməz. Məsələn, hər bir hüquqşünas qadın sığınacağında işləyə bilməz. Tutaq ki, hüquqşünası qadın alveri ilə bağlı sığınacağa gətirsəniz, o, burada olan qadını fahişə sanacaq. Odur ki, sığınacaqda çalışacaq hüquqşünas mövzu üzrə məlumatlı olmalıdır, sığınacağa ehtiyacı olan qadınla necə ünsiyyət qurmaq və problemi aşkarlmaq və çıxış yolunu göstərmək qabiliyyətində olmalıdır. Belə qadına yardım etmək, iş birliyi qurmaq bacarığında olmalıdır. Odur ki, bu sahə üzrə hüquqşünasları özümüz hazırlayırıq, onları treninqlərə, kurslara, seminarlara göndəririk, təcrübə mübadiləsi həyata keçiririk. Bu təlimləri ya özümüz təşkil edirik, ya da beynəlxalq təşkilatlar bunu edirlər. Sosial mütəxəsisslərin hazırlanmasına həssaslıqla yanaşmaq gərəkdir. Ona görə də, istənilən şəxsin gəlib qadın sığınacağında işləməsi çox çətindir. Ən azı diskriminasiya yaratmamalıdır, aqressiv reaksiya verməməlidir, evində olan problemi bura tökməməlidir, münasibətləri gərginləşdirməməlidir. Yəni ünsiyyət prosesində qarşsında olan şəxsi aşağılamayacaq, ona öz problemləri ilə əziyyət verməyəcək. Məsələn, lezbiyan qadınla söhbət etmək qabiliyyətinə malik olmalıdır. Bilik və bacarıqlar lazımdır. Qadın sığınacağının bir məsələsi də məxfiliyin qorunması məsələsidir. Həm burda qalanlar, həm də burda işləyənlər üçün.