Bəziləri işgəncə faktı ilə bağlı diqqəti üzərlərinə çəkmək istəyir
Bəziləri işgəncə faktı ilə bağlı diqqəti üzərlərinə çəkmək istəyir

Elçin Behbudov: " Penitensiar xidmətindən işgəncə faktlarına dair şikayətlər var"

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması məqsədilə müxtəlif hüquq müdafiə mexanizmləri mövcuddur. Ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı kimi, Ombudsman təsisatının yaradılması, yeni səmərəli hüquq müdafiə mexanizmlərinin yaradılması sahəsində atılan mühüm addımlardan biridir. Hazırda bu institut tərəfindən insanların pozulmuş hüquqları təkcə azadlıqda deyil, azadlıqdan məhrum edildikdə belə, yəni cəzaçəkmə müəssisələrində belə qorunur. Son illər Azərbaycanda müvəqqəti saxlanma təcridxanalarında müvəqqəti saxlanılan şəxslərin hüququnun pozulması ilə bağlı beynəlxalq hesabatlarda məlumatlar yer alır.
Ombudsman tərəfindən belə halların olmadığı bəyan edilsə də, ölkədəki bəzi hüquq müdafiəçiləri, siyasi fəal şəxslər müvəqqəti saxlanma təcridxanalarında saxlanılan bəzi şəxslərin işgəncələrə məruz qaldığına dair fikirlər səsləndirirlər. "Unikal" qəzeti Azərbaycanda mütəmadi olaraq müvəqqəti saxlanma yerlərinin monitorinqini aparan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla müsahibəni təqdim edir.
-Elçin müəllim real vəziyyətdən danışmazdan öncə Azərbaycanda Ombudsmanın cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində fəaliyyət imkanları barəsində məlumat verərdiniz.
-Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələblərinə əsasən, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkil göndərilməlidir. Qanununa əsasən, insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı müvəkkilin maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə daxil olmaq, cəzaçəkmə müəssisələrində , istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmaq hüquqları vardır.
-Azərbaycan işgəncə hallarına qarşı mübarizə ilə bağlı hansı beynəlxlaq sənədlərə qoşulub?
-İşgəncəni cinayət əməli kimi qadağan edən beynəlxalq müqavilələr sırasında BMT-nin Baş Məclisi tərəfindən 10 dekabr 1984-cü ildə qəbul edilmiş"İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə" Konvensiyanı və Avropa Şurası tərəfindən 6 noyabr 1987-ci ildə qəbul edilmiş"İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Konvensiyanı qeyd etmək olar. Azərbaycan Respublikası 1996-cı ildən BMT-nin "İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə" Konvensiyasının, 2001 -ci ildən isə "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasının iştirakçısıdır.
-Azərbaycanın öz qanunvericiliyində işgəncələrə qarşı hansı hüquqi aktlar qüvvədədir?
-Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. İşgəncə ilə müşayət olunan qeyri-hüquqi hərəkətlər Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü maddəsində nəzərdə tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəslərə fıziki ağrılar və ya psixi iztirablar vermə işgəncə cinayəti kimi ifadə edilib. Həmçinin işgəncə vermə cinayət kimi həmin məcəllənin 133-cü maddəsində təsbit olunub. Azərbaycan Respublikasının cinayət-prosessual və cəzaların icrası qaunvericiliyində də, buna qarşı mübarizə məsələləri ilə bağlı bir neçə müddəalar nəzərdə tutulub. Məsələn Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsində işgəncələrin yolverilməzliyi özünün dəqiq ifadəsini, həmin Məcəllənin 153-cü maddəsində isə tutulmuş şəxsin hüquqlarının təmin edilməsi özünün hüquqi təsbitini tapıb. İşgəncə və digər qəddar qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəza əleyhinə mübarizə sahəsində görülmüş tədbirlər:Azərbaycan Respublikası 31 may 1996-cı il tarixli Qanunla Birləşmiş Millətlər Təşkilatının 1984-cü il "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası"na qoşulmaqla işgəncə hərəkətlərinin qarşısının alınması məqsədi ilə təsirli qanunvericilik, inzibati, məhkəmə və digər tədbirlərin görülməsi ilə bağlı üzərinə öhdəliklər götürmüş və dövlət tərəfindən bu istiqamətdə bir sıra ardıcıl və məqsədyönlü addımların atılması təmin edilib. Belə ki, şəxsə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fıziki ağrı və ya psixi iztirablar yetirmə işgəncə vermə cinayəti kimi müəyyən edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu əmələ görə məsuliyyət nəzərdə tutan 133-cü maddə təsbit edilib. Azərbaycan Respublikası 28 yanvar 2009-cu il tarixində İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyaya Əlavə Protokola qoşulmuşdur və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) 13 yanvar 2009-cu il tarixində Əlavə Protokol üzrə Milli preventiv mexanizm kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramında milli preventiv funksiyaların səmərəli yerinə yetirilməsinin təmin edilməsi məqsədilə müvafiq maarifləndirmə və digər zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, insan hüquq və azadlıqları dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 148.2-ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr milli qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir və normativ hüquqi aktlar (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) və beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq olunur. Konstitusiyanın bu tələbindən irəli gələrək bütün qəbul edilən qanun layihələrinin Konstitusiyaya və eləcə də Beynəlxalq qanunvericiliyə uyğunluğu əvvəlcədən nəzərdən keçirilir və ziddiyyət mövcud olduğu halda qanun layihələri beynəlxalq müqavilələrə uyğunlaşdırılır. Bu məqsədlə müvafiq qanun layihələri beynəlxalq təşkilatlarda ekspertizadan keçirilir və onların tövsiyələri nəzərə alınır. Bundan əlavə, 28 dekabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və milli qanunvericiliyin beynəlxalq hüquqi sənədlərə uyğunluğu təmin edilir.
-Qanunda öz əksini tapan məsələlərdən danışdıq. Bəs işgəncələrlə bağlı müvəqqəti saxlanma yerlərində vəziyyət necədir?
-Vəziyyət əvvəlki illərlə müqayisədə çox dəyişib. Yəni, əvvəlki illərdə olduğu kimi işgəncə faktlarına müvəqqəti saxlanma yerlərində rast gəlinmir.
-MTN-nin saxlanma təcridxanalarında işgəncə faktlarına rast gəlinirmi?
-DİN-nin və MTN-nin saxlanma təcridxanalarında işgəncə faktları son vaxtlar demək olar ki, qeydə alınmır.
-Bəs niyə insanlar həmin yerlərdə işgəncəyə məruz qaldıqlarını iddia edirlər?
-Bəzən kimsə diqqəti bu yolla üzərinə çəkmək istəyir. Çoxları isə qeyri-insani rəftarla işgəncəni qarışdırır.
-Elçin müəllim siz monitorinq zamanı işgəncə faktlarının öz təsdiqini tapmadığını söyləyirsiniz. Amma Azərbaycanda bəzi hüquq müdafiəçiləri, siyasi fəal şəxslər bunun əksini deyir.
-Bilirsinizmi, mən gördüyümü deyirəm. Çox təəssüf ki, Azərbaycanda bəzi hüquq müdafiəçiləri müxalifətyönlü olublar. Bəziləri israrla işgəncə faktlarının olduğunu mənə dedizdirmək istəyir. Mən isə gördüyümü deyirəm. Hüquq müdafiəçisi nə iqtidar, nədəki müxalifətyönlü olmalıdır.
-Sizcə həmin hüquq müdafiəçiləri işgəncə faktlarının olduğunu iddia etməklə nəyə nail olmaq istəyir?
-Onlar bununla üzərlərinə qoyulan missiyanı həyata keçirmiş olurlar. Beynəlxalq hesabatlara Azərbaycanda işgəncə faktlarının olmasını daxil etmək niyyəti güdürlər.
-Deyirsiz Azərbaycanda hüquq mühafizə orqanlarının müvəqqəti saxlanma yerlərində heç işgəncə halları baş vermir?
-Penitensiar xidmətdən bu cür şikayətlər gəlir. Həm də çoxlu sayda.
-Bəs sizin monitorinqiniz nə göstərir?
-Çox təəssüf ki, çoxsaylı müraciətlərimiz olsa da, bu günədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə və saxlanma müəssisələrində monitorinq keçirmək xahişimizə müsabət cavab verilməyib.