Ədalət mühakiməsi zamanı  insan hüquqları necə qorunur?
Ədalət mühakiməsi zamanı
insan hüquqları necə qorunur?
Zülfiyyə Bayramova: "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyətinə dair qərar var"

Azərbaycanda məhkəmə sahəsində aparılan islahatlar, ədalət mühakiməsi zamanı mühakimə olunan şəxslərin hüquqlarının pozulmasının qarşısını alsa da, təqsirləndirilən şəxslərin dindirilməsi zamanı hüquqlarının pozulması hallarına hələ də rast gəlinir. Cinayət prosesində müdafiə hüququnun daha səmərəli təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə, həmin presedentlərdə ifadəsini tapan müddəalara müraciət edilməsini tələb edir.
Azərbaycan da 2001-ci ilin yanvar ayının 25-dən Avropa Şurasına daxil olmaqla özünün qanunvericiliyini və onun tətbiqi təcrübəsini Avropa standartlarına uyğunlaşdırmaq barədə öhdəlik götürüb. 2006-cı ilin mart ayının 30-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" qərar qəbul edib. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Bəs gəlin görək Azərbaycanda məhkəmə instansiyaları ədalət mühakiməsi zamanı mühakimə olunan şəxslərin hüquqlarını qorumağa nə dərəcədə maraqlıdırlar?
Hüquqşünas Zülfiyyə Bayramova deyir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququ təkcə onların özü və müdafiəçisi tərəfindən realizasiya olunmur, həm də dövlət orqanlarının (müstəntiq, prokuror, təhqiqatçı, məhkəmə) cinayət - prosessual fəaliyyəti ilə təmin olunur: " Həmin orqanların onların üzərinə qoyulmuş müdafiə hüquqlarının təmini üzrə öhdəliklərini yerinə yetirməməsi kobud prosessual pozuntu kimi qiymətləndirilir. Bu isə məhkəmə tərəfindən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və ya yuxarı instansiya məhkəməsi tərəfindən hökmün ləğv edilməsinə səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidirlər. Cinayət prosesini həyata keçirən orqan zərərçəkmiş şəxsin mülki iddiaçının və ya onun qanuni nümayəndəsinin, şübhəli, yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, habelə mülki cavabdehin cinayət prosesi gedişində özlərinin dəvət etdiyi nümayəndənin hüquqi yardımdan istifadə etmək hüququnu gözləməlidirlər. Zərərçəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etmək hüququ yoxdur".
Vəkilin sözlərinə görə, cinayət təqibi ilə bağlı müdafiə hüququnun həyata keçirilməsi Avropa Konvensiyasının ədalətli məhkəmə baxışına olan hüququ nəzərdə tutan 6-cı maddəsində ifadəsini tapıb: " İnsanın pozulmuş hüquqlarının müdafiəsi xüsusi prosedura, ədalətli məhkəmə baxışına olan hüquq çərçivəsində həyata keçirilməlidir. Əgər dövlətdə bu cür səmərəli müdafiə və pozulmuş hüquqların bərpası prosedura mövcud deyildirsə, qanunvericilik səviyyəsində təsbit olunmuş bütün digər hüquqlar deklarativ xarakter daşımaqla xəyalı hüquqa çevrilir. Məhz bu cəhət ədalətli məhkəmə baxışına olan hüququn digər insan hüquqları arasında xüsusi yerini müəyyən edir. "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 3(c) bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün müdafiə etmək və ya müdafiəçinin xidmətlərini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqlarını tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir".
Hüquqşünasın sözlərinə görə, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyətinə dair qərar var: " Məhkəmələr işlərə baxarkən heç də bütün hallarda təhqiqat və ibtidai istintaq dövründə, cəzaçəkmə yerlərində müvafiq vəzifəli və rəsmi şəxslər tərəfindən insan hüquqlarının pozulması barədə daxil olan məlumatlara ciddi yanaşmır, xüsusi qərardad çıxarmaq, cinayət işi başlamaq, yaxud prokurorun diqqətini ehtimal olunan cinayət hadisəsinə yönəltmək yolu ilə həmin hallara öz münasibətini bildirmirlər. Qanunla məhkəmə iclası zamanı mühamikə olunan şəxsə işgəncə və sair fakt barədə bilgi daxil olduqda, şəxs tibbi müayinədən keçirilməli, məhbusun şəxsi işi tələb olunub nəzərdən keçirilməli, şahidlər dindirilməli, qanuni əsaslar olduqda cinayət işi başlamalı, yaxud qanunla müəyyən edilən qaydada prokurorun diqqəti həmin məsələyə cəlb edilməlidir. Həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin xidmət dövründə ələ salma, işgəncə xarakterli rəftara (dedovşina)məruz qalmaları faktlarının mövcudluğu nəzərə alınaraq, bu barədə daxil olan hər bir məlumata bütün hallarda dərhal münasibət bildirilməlidir".
Vəkilin sözlərinə görə, bu Plenimumun qərarında öz əksini tapıb. Z. Bayramova deyir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz: "Ona görə də məhkəmələr işlərə baxarkən cinayət-prosessual qanununun göstərişlərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 1996-cı il 27 dekabr tarixli Qərarının 3-cü bəndinin izahlarını rəhbər tutaraq heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir. Bu izah şahid ifadələrinə qiymət verilməsi hallarına da aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə görə heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz".
Vəkilin sözlərinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 438-ci maddəsinə əsasən məhkəməyə qədər həbs edilən şəxslər qohumları ilə və ya başqa şəxslərlə görüşmək hüququna malikdirlər: " Müdafiəçi işdə iştirak etməyə buraxıldığı vaxtdan etibarən şübhə edilən şəxs və ya müqəssir onunla birlikdə qeyri-məhdud miqdarda və müddətdə görüşə bilər. Məhkəmə baxışı zamanı müttəhimin qohumları və ya müdafiəçisi ilə görüşməsinə süni maneələr yaradılması faktları aşkar edilərsə, belə halların qarşısının alınması üçün tədbir görülməlidir. Eləcə də, istintaq təcridxanalarında, müvəqqəti saxlama kameralarında, cəza çəkmə yerlərində saxlanılan şəxslər zərurət olduqda tibbi yardım almaq hüququna malikdirlər. Onların qəsdən belə tibbi yardımdan məhrum edilməsi, bu məhrum edilmənin işgəncə vermə məqsədi daşıması halları aşkar edildikdə məhkəmələr təqsirli şəxslərin məsuliyyətə alınması üçün qanunun tələbindən irəli gələn tədbirlər görməlidirlər. Təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən vətəndaşlar süni ittiham sübutları düzəltmək yolu ilə cinayət məsuliyyətinə cəlb edildikdə təqsirkar şəxsin əməli hakimiyyəti və qulluq səlahiyyətini aşma üstündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168-ci maddəsi ilə deyil, bilə-bilə təqsiri olmayan şəxsi cinayət məsuliyyətinə cəlb etmək üstündə CM-nin 174-cü maddəsi ilə tövsif edilməlidir. Birinci instansiya və kassasiya instansiyaları məhkəmələri istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirdlər. Müttəhimlərə cəza təyin edilərkən cəzanın fərdiləşdirilməsi prinsipini rəhbər tutaraq hər bir halda törədilmiş cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, müttəhimlərin şəxsiyyətləri, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Konstitusiya ilə və dövlətimizin qoşulduğu beynəlxalq sazişlərlə müəyyən edilmiş hər kəsin şəxsi ailə həyatına, yaşayış sahəsinin toxunulmazlığına, yazışma sirrinə hörmət edilməsi, fikir, vicdan və din azadlığı, özünü ifadə etmək, yığıncaqlar keçirmək, təşkilatlarda birləşmək azadlığı, vətəndaşlıq, mülkiyyət, əmək və sair hüquqlarının qorunması ilə bağlı mülki işlərə baxarkən məhkəmələr müstəqil və bitərəf mövqe tutmaqla ədalət mühakiməsinin bütün tələblərinin gözlənilməsini təmin etməlidirlər. Məhkəmələrə tövsiyə edilir ki, cinayət işlərinə və inzibati hüquqpozmalar haqqındakı işlərə baxılarkən aşkara çıxarılan insan hüquqlarının pozulması hallarını vaxtaşırı ümumiləşdirib bu neqativ halların aradan qaldırılması məqsədilə müvafiq orqanlara təqdimatlar versinlər".