Azərbaycanda 15 yaşlı bələdiyyə institutu

Yerli özünüidarə qurumlarının fəaliyyətindən razı olanlar da var, narazı qalanlar da

Azərbaycan bələdiyyə sistemi dördüncü seçkiyə hazırlaşır. Birinci seçkidən keçən 15 il ərzində bu bələdiyyə institutu həm tənqidlərə, həm təqdirlərə məruz qaldı. 1995-ci ilin noyabrında Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonrakı beş il ərzində sistemin fəaliyyəti üçün vacib sayıla biləcək iyirmiyə yaxın qanun, iki yüzə yaxın normativ-hüquqi sənəd qəbul edilib, 50-dən artıq metodik tövsiyə hazırlanıb.

Qeyd edək ki, yeni yaradılanda Azərbaycanda bələdiyyələrin sayı 2757 olub. 2009-cu ildə bir sıra xırda bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildi və bundan sonra yerli özünüidarə orqanlarının sayı 1762-dək azaldıldı. Naxçıvanda isə birləşmə nəticəsində bələdiyyələrin ümumi sayı 215-dən 171-ə düşdü. Ümumilikdə ölkə üzrə aparılan birləşmə tədbirləri nəticəsində yerli özünüidarə qurumlarının sayı 2757-dən 1718-ə qədər azaldılıb. Bu proses nəticəsində 1044 bələdiyyə ixtisar olunub, 5-i isə yaradılıb. Bu isə son nəticədə 1039 və ya 38 faiz bələdiyyənin azalması deməkdir.
Parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirir ki, bələdiyyələrin problemləri, onlara əlavə səlahiyyətlərin verilməsi kimi məsələlərin həm aidiyyəti dövlət orqanlarında, həm Milli Məclisdə, həm də ictimai təşkilatlar və mediada müzakirəsi lazımi səviyyədədir: "Bələdiyyələrin fəaliyyətində inkişaf var. Bu inkişaf ondadır ki, bələdiyyələrdə keçirilən əsassız yoxlamaların aparılması istiqamətində artıq həm müzakirələr aparıldı, həm də əməli iş görüldü. Bir zamanlar bələdiyyələrin fəaliyyətində çoxlu əsassız yoxlamalar müşahidə olunurdu. Bir çox bələdiyyələrə müəyyən təsirlər vardı, onların işlərinə müdaxilə halları qeydə alınırdı. Biz nəzərə aldıq ki, bələdiyyələri inkişaf etdirməkdən ötrü ilk növbədə onların maliyyə bazası genişləndirilməlidir. Əlavə gəlir sahələri, istehsal sahələri olmalıdır ki, bələdiyyələr bunlardan özlərinin inkişafı üçün bəhrələnə bilsin. Həmçinin müəyyən sahələr var ki, orada xidmət bələdiyyələrə verilə, ödənişləri yeri özünüidarə orqanları yığa bilər. O sahələrə nəzarət artırılmalıdır ki, onlar bələdiyyələrə müəyyən ödənişləri, vergiləri vaxtında versinlər. Bundan başqa, bələdiyyələrin torpaqları üzərində ciddi nəzarət var, artıq torpaqlar hərrac və müsabiqə yolu ilə satışa çıxarılır. Əlbəttə bu da çox vacib bir sahədir. Sözsüz ki, bu kimi tədbirlər gələcəkdə də sistemli şəkildə davam etdirilməlidir. Çünki Azərbaycan demokratiya yolunu tutubsa və bu yöndə inkişaf edirsə, mütləq yerli özünü orqanları da inkişaf etməlidir. Bu qurumlar vətəndaş cəmiyyətinin bir formasıdır, vətəndaşların yerli əhəmiyyətli sosial-iqtisadi problemlərinin həllində iştirakı çox vacibdir. Ona görə də bələdiyyələrin inkişaf etdirilməsi hazırkı dövr üçün, deyərdim, həyati əhəmiyyət daşıyır. Bəzən lazım olmayan, yersiz fikirlər səsləndirirlər ki, ölkədə bələdiyyə yoxdur, bələdiyyələrin çoxuna qayğı və diqqət göstərilmir. Mən bu cür fikirləri əsassız hesab edirəm və əslində son dövrlər bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir. Bələdiyyələrin inkişafı istiqamətində xeyli işlər görülüb. Təkcə bələdiyyə assosiasiyalarının yaradılması prosesini qeyd etmək istəyirəm. Çünki bu assosiasiyaların yaradılması çox lazımlı iş idi. Həmçinin bələdiyyələrin birləşməsi prosesi də yerli özünü idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşməsi üçün çox vacib idi. Çünki ölkədə bələdiyyələr çox idi, bir çox bələdiyyələrin maddi-texniki bazası yox idi, onların kadr potensialı çox zəif idi. Birləşmədən sonra isə bələdiyyələrin inkişafında müəyyən dönüş artıq müşahidə edilir. Sözsüz ki, bu dönüşü daha mütəşəkkil formaya salmaq üçün biz ilk növbədə bələdiyyə-vətəndaş münasibətlərinin yaxınlaşması və yaxşılaşmasına nail olmalıyıq. Eyni zamanda bələdiyyələrin qanunvericiliyə münasibətini yaxşılaşmadırmalıyıq, qanunlara əməl olunması təmin edilməlidir".
İqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, Azərbaycanda yaradılmasından 15 il ötməsinə baxmayaraq, bu institut insanların güvənə biləcəyi yerli özünüidarəetmə orqanına çevrilə bilmədi: "Amma bu institutun formal olsa da, yaradılması başlanğıc olaraq təqdirəlayiqdir. Belə ki, dünya praktikasında periferiyaların idarə edilməsinin daha çevik və mobil şəkildə qurulmasında yerli özünüidarəetmə orqanlarının müstəsna rolu var. Bu baxımdan başlanğıc olaraq ölkəmizdə bələdiyyələrin yaradılması müsbət haldır. Hətta elə bələdiyyələr oldu ki, birinci dönəmdəcə çox nümunəvi ənənələr qoya bildi. Məsələn, birini bələdiyyə seçkilərində qələbə çalmış biri olaraq deyə bilərəm ki, Beyləqan rayonunun Orta Əlinəzərli bələdiyyəsində biz həqiqi nümunəvi bir dönəmi tarixə yazdıq. Baxmayaraq ki, hələ bələdiyyələr yeni yaranırdı, bir il maliyyə vəsaitimiz olmadı, o 4 ildə doğma kəndimiz üçün xeyli işlər görə bildik. Kəndə yol, küçə işığı, içməli su çəkdirdik, davarların yuyulması üçün qurğular inşa etdik və s. Lakin bütün bu işlər bizim fədakarlığımız hesabına başa gəldi. Az maaş alırdıq, vəsaitlərin əksəriyyətini isə işlərin görülməsinə və xidmətlərə yönəldirdik. Bu da daha çox partiya maraqlarından irəli gəlirdi, siyasi reytinq qazanmaq istəyirdik. Amma onu da deyim ki, biz işlədiyimiz ilk dönəmdə ilin sonuna əhalinin bələdiyyəyə bir qəpik də olsun vergi borcu qalmırdı. Əhali vergiləri çox həvəslə verirdi, çünki görürdülər ki, onların vergi şəklində ödədikləri vəsait öz problemlərinin həllinə yönəldilir. Hətta imkanı olan sakinlər vergi borclarını ilin əvvəlində ödəyir, bələdiyyəyə ianələr verirdi və bununla şərəf duyurdular. Biz hesabatlarımız zamanı bu məsələlər barədə məlumat verir, hətta nümunəvi vergi ödəyicilərinə rəmzi hədiyyələr və təşəkkürnamələr verirdik. Amma bizim qoyduğumuz ənənə bizdən sonra davam etdirilmədi, çünki bələdiyyələrdə bu tempi saxlamaq üçün kifayət qədər maliyyə imkanları yoxdur. Bu cür nümunəni davam etdirmək üçün bizim kimi əqidə insanları tapmaq lazım idi, belələri isə kəndlərdə çətin tapılır. Ümumiyyətlə isə ölkəmizdə yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi və inkişafı vətəndaş cəmiyyətinin formalaşması, yerli özünü idarəetmə mədəniyyətinin yaradılması, demokratik hüquqi dövlətin formalaşması üçün çox vacibdir. İdarəetmə fəaliyyətinin və ölkənin sosial-iqtisadi inkişaf ilə əlaqədar müəyyən problemlərin həllinin ağırlıq mərkəzinin yerlərə keçməsi, yerli sakinlərin problemlərinin operativ həll edilməsi, əhalinin regionlarda qalıb möhkəmlənməsi və əməli fəaliyyətə yaxından cəlb olunmasında bələdiyyələrin rolunun artırılmasını zərurətə çevirir. Məncə, bunun üçün bələdiyyələrə geniş səlahiyyətlər verilməlidir. Bununla yanaşı, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi barədə ciddi layihələr həyata keçirilməli, paralel olaraq ciddi hesabatlılığa cəmiyyət və dövlət nəzarəti gücləndirilməlidir. İlkin dövrlər bələdiyyələr üçün kapital yığımı dönəmi sayılmalıdır. Belə ki, bələdiyyələri öz nəzdində gəlir gətirən xidmət sahələri yaratmağa yönəltmək, onlara pul qazanmaq yollarını öyrətmək lazımdır. Bunun üçün yerli imkanlar və beynəlxalq təcrübə nəzərə alınmalıdır, hər bir bələdiyyəyə fərdi yanaşılmalıdır".
Ekspertin fikrincə, gələcəkdə yerli hakimiyyət tamamilə bələdiyyələrə verilməlidir: "Düşünürəm ki, onun tərkibində icra hakimiyyətinin bir veto hüququna malik məmuru fəaliyyət göstərə bilər. Həmin məmur yalnız bələdiyyənin qəbul etdiyi qərarlara nəzarət etməlidir ki, o qərarlar ölkə qanunvericiliyi ilə ziddiyyət təşkil etməsin. Belə bir ziddiyyət ortaya çıxdıqda həmin məmurun əsaslandırılmış veto hüququ tanınsın. Qalan məsələlərdə bələdiyyə sərbəst olaraq inzibati ərazinin idarəetməsini ələ almalıdır".
Həbibə Abdulla