"Ermənistan köhnə ampluasındadır"

Elman Nəsirov: "Paris danışıqlarında pozitiv taktiki addımlar atılacağına ciddi ümid bəslənilmir"

Bu ilin avqust ayında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə Soçidə, sentyabrda ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə Uelsdə prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında görüş olub.
Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları oktyabrın 27-də Parisdə yenidən bir araya gələcəklər. Bununla bağlı politoloq Elman Nəsirov bildirib ki, hər bir görüşə müəyyən ümidlər bağlanır, taktiki olsa da, nə isə irəliləyişin olacağına kövrək ehtimal yaranır. Təəssüf ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ucbatından hələlik heç bir nəticə hasil olunmur. Avqustun 10-da Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşdəki danışıqlar prosesində yeganə olaraq, atəşkəs rejiminin qorunub saxlanması haqqında razılaşma əldə olundu. Tərəflər bu məsələdə ortaq mövqedən çıxış etdilər. Bundan başqa hər hansı razılaşma əldə olunmadı. Sentyabrın 5-də NATO-nun sammiti zamanı Uelsdə ABŞ Dövlət katibinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri arasında təkrar görüş keçirildi. Con Kerrinin də qatıldığı bu görüşdə də əsas məsələ iyul ayının sonlarında cəbhə xəttində atəşkəsin pozulması, vəziyyətin gərginləşməsi oldu. Yenə də atəşkəs rejiminin qorunub saxlanması əsas vəzifə kimi önə sürüldü. Bu ilin may ayında Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz regionuna səfəri çərçivəsində o, Parisdə prezidentlərin növbəti görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bununla bağlı ilk cəhd baş tutmasa da, sonradan belə bir görüşün oktyabrın 27-də olacağı bildirilib, tərəflərin razılığı alınıb. Azərbaycan tərəfi çoxdan belə bir təkliflə çıxış edib ki, münaqişənin tənzimlənməsində "Böyük sülh sazişi" işə başlasın. Burada əsas məqsəd ondan ibarətdir ki, indiyə kimi aparılan danışıqlarda hər hansı razılaşma əldə edilibsə, həmin razılaşmalar bu sazişdə dərhal əksini tapsın, təkrar bu məsələlərə qayıdılmasın. Amma Ermənistan tərəfinin mövqeyi bundan ibarətdir ki, "Böyük sülh sazişi"ndən öncə münaqişənin həlli ilə bağlı prinsiplər razılaşdırılmalıdır. Beləliklə də Paris görüşü ərəfəsində Ermənistan köhnə ampulasındadır. Rəsmi İrəvan köhnə oyun qaydaları ilə oynamaqdadır. Həmin qaydalar isə maksimum status-kvo vəziyyətinin qorunub saxlanmasına istiqamətlənib. Təəssüf hissi ilə olsa da dövlət başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti münaqişəni həll etmək deyil, bu problemin müharibəyə çevrilməsinin qarşısını almaqdan ibarətdir. Reallıq bundan ibarətdir. Bir sual da bu gün diqqət mərkəzindədir ki, görəsən Paris görüşündə həmsədrlər də iştirak edəcəklərmi? Çünki bundan əvvəl baş tutan Soçi və Uels görüşlərində həmsədrlər iştirak etməyib. Eyni zamanda, bu danışıqları mürəkkəbləşdirən digər məsələ ondan ibarətdir ki, son vaxtlar Qərbin Rusiyaya sanksiyaları daha da kəskinləşib, neftin qiymətində ucuzlaşma özünü göstərib. Rusiya ekspertlərinin qənaətinə görə, bu, ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı növbəti təzyiq elementidir. Bununla Rusiyanı zəiflətmək istəyirlər. Beləliklə Ukrayna böhranı, bu böhranın fonunda Qərblə rəsmi Moskvanın münasibətlərinin kəskinləşməsi, indi də neftin qiymətinin aşağı düşməsi Kremllə ABŞ və Fransa arasında münasibətləri daha da gərginləşdirib. Belə reallıqlar fonunda həmsədrlər münaqişənin həlli ilə bağlı irəliyə doğru addım atmalıdırlar. Bu isə olduqca çətin məsələdir. Ona görə də münaqişənin tənzimlənməsi ilə bağlı Paris danışıqlarında pozitiv, taktiki addımlar atılacağına ciddi ümid bəslənilmir.