Azərbaycan və Avropa İttifaqı ekstremist saytlara qarşı mübarizəni müzakirə edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun siyasi məsələlər üzrə direktoru Aleksandr Quesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə kibertəhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qonaqlara sektor üzrə həyata keçirilən islahatlar, internet seqmentinin genişləndirilməsi istiqamətində görülən işlər və internet medianın inkişafı barədə ətraflı məlumat verib.
Nazir müavini Azərbaycanda 40-dan çox internet provayderin lisenziyasız azad şəkildə fəaliyyət göstərdiyini və ölkənin internetdən istifadəyə görə regionda lider mövqe tutduğunu qeyd edib.
Görüşdə qeyd edilib ki, ölkənin hətta ucqar kəndlərində yerləşən ev təsərrüfatlarının genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə hazırlıq işləri aparılır ki, əhali Elektron Hökumət proqramı çərçivəsində fəaliyyət göstərən portal vasitəsi ilə elektron dövlət xidmətlərindən istifadə edə bilsin.
Qonaqlar öz növbələrində Azərbaycanda ekstremist qruplarla internetdə necə mübarizə aparıldığı ilə maraqlanaraq, Türkiyə və Avropa ölkələrində ekstremist xarakterli kontent daşıyıcısı olan saytların kibertəhlükəsizlik qurumları tərəfindən anında bloklanmasını bildirib. Onlar həmçinin, bu ölkələrdə saytların fəaliyyətinin dayandırılmasının yalnız məhkəmə qərarı ilə həyata keçirildiyini qeyd ediblər.
E. Vəlizadə internetin inkişafı ilə yanaşı, artan kibertəhlükələrə qarşı mübarizə aparmaq məqsədi ilə nazirlik tərkibində xüsusi monitorinq şöbəsinin və Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Nazir müavini Azərbaycanda saytların kontentindən asılı olmayaraq yalnız məhkəmə qərarı ilə fəaliyyətlərinin dayandırılması təcrübəsindən istifadə edildiyini və bloggerlərin fəaliyyətinə nəzarətin olmamasını qeyd edib.
Sonda beynəlxalq ekspertlər ekstremist xarakteri daşıyan saytların qarşısının alınması üçün qonşu ölkələrin əməkdaşlığına və dəstəyinə böyük ehtiyac duyulduğunu və buna nail olmadan arzuedilməz kontentin eləcə də kibertəhlükələrin qarşısının alınmasının mümkün olmadığını qeyd edib.