Erməni diversantın məhkəməsi başladı
Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçısının cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

AzVision.az Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə birinci baxış iclası keçirilir.

İclas hakimlər Elbəy Allahverdiyevin sədrliyi, Zabil Qasımov və Elmin Rüstəmovun iştirakı ilə aparılır. Məhkəmə prosesində A.Baqdasaryanla yanaşı, erməni kəşfiyyatçısını Ağdam rayonunun Zəngişalı kəndi ərazisində ələ keçirən azərbaycanlı hərbçilər də iştirak edir.

A.Baqdasaryan tərcüməçi və vəkillə təmin edilib. Əsir götürülən kəşfiyyatçının müdafiəçisi vəkil Ramiz Abdullayevdir.

Xatırladaq ki, aprelin 7-də keçirilən hazırlıq iclasında 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olan A.Baqdasaryana dövlət ittihamçısı Anar Mirkişiyev tərəfindən Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, istintaq zamanı müəyyən olunub ki, Ermənistanda xüsusi təlim keçən A.Baqdasaryan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən erməni silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən (adı və soyadı bəllidir) Azərbaycan vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb. A.Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd "fuqas" tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan A.Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə, habelə A.Baqdasaryanın üzərindən götürülmüş soyuq silaha və digər əşyalara, torpağa basdırılmış minalardan birinə, həmçinin digər iki minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin edilərək rəylər alınıb, hadisənin şahidləri dindirilib.

A.Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.

Törətdiyi əməllərə görə A.Baqdasaryanın Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycanın müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələrilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.