Psixoloq Azad İsazadə: " Gənclər sosial bataqlıqdan çıxmaq üçün katalizator rolunu oynaya bilirlər "
Psixoloq Azad İsazadə: " Gənclər sosial bataqlıqdan çıxmaq üçün katalizator rolunu oynaya bilirlər "

"Siyasətçinin düşündüyü ilə dediklərinin arasında kəskin fərqlər ola bilər"

Amma müşahidələr göstərir ki, bu "Mən" və onun "rəqibləri" eyni psixoloji modellərlə hərəkət edirlər, yəni bir almanın iki üzüdürlər... Bakı Bakı Krizis Mərkəzinin psixoloqu Azad İsazadə ilə bu günki söhbətimiz elə bu barədə olacaq...

- Psixoloji tədqiqatların nəticələrinə görə, fərdin davamlı olaraq eyni mühitdə var olması onin psixikasında müəyyən əyintilərin yaranmasına gətirib çıxardır. Bu baxımdan yanaşnada Azərbaycan müxalifəti uzun müddətdir ki, müxalifət rolunub oynamağa məhkum edilib. Və yaxud hakimiyyətdə elə məmurlar var ki, uzun müddətdir nazir kreslosunda əyləşib. Bu hallar həmin fərdlərdə psixloji problemlərin yaranmasına səbəb ola bilərmi?
- Hər hansı situasiyanın psixoloji problem yaradıb-yaratmaması dəqiqləşdirilməyib. Situasiya biri insanda bir il ərzində problem yarada bilər, bir başqasına isə 20 il müddətində də təsir edə bilməz. Amma məsələ burasındadır ki, demokratik cəmiyyətlərdə kadrların daim əvəzlənməsi adi bir iş üsuludur - həm müxaliflər düşərgəsində, həm də dövlət adamları arasında. Bu, həmin ölkələrdə qanunvericiliklə də tənzimlənir. Seçkilərdə müxalifət və ya iqtidar uduzursa, liderlər və partiya funksionerləri dəyişilir və partiyadakı, cəmiyyətdəki ab-hava yeniləşir. Bu dəyişim prinsipcə müsbət bir rol oynayır. Amma dəyişikliklər olmayanda insanda arxayınçılıq, mühafizəkarlıq, yeniliyə müqavimət kimi xroniki meyllər meydana çıxır.
- Bu meyllərin sosial nəticələri nələrdə təzahür edə bilər?
- Nəticəsi belə ola bilər də. Heç bir yer boş qala bilməz, bu boşluq mütləq dolmalıdır. Yəni hansısa qrup psixoloji ətalətlə uğrayıb öz funksiyasını yerinə yetirməyəndə başqa bir qrup onu sıxışdırmağa və lövhədən kənarlaşdırmağa başlayacaq. Sadəcə, unutmayaq ki, təbiət və cəmiyyət daim dəyişilmələr əsasında qurulub. Məsələn, polis gündəlik olaraq öz üzərində işləməsə, kriminal strukturlar yavaş-yavaş inkişaf edə bilər. Yaxud müxalif partiya təzə ideya ortalığa atmırsa, başqa bir partiya və ya gənclər təşkilatı təzə ideya ilə gec-tez onun yerini tutmalıdır. Amma bu yeni ideya demokratik də ola bilər, dini də, hətta mürtəce də. Fərq etməz. İctimai psixologiyada boşluq varsa, ora dolmalıdır.
- Bəs uzun müddət dəyişməyən mühit cəmiyyətdə hansı təsirlər buraxa bilir?
- Uzun müddətli sabit situasiya orta statistik vətəndaşı tam qane edə bilər. Əgər onun gündəlik yaşayış təminatı normaldırsa. Məsələn, siyasətdən uzaq ABŞ vətəndaşı üçün hakimiyyətdə kimin olması maraqlı deyil. Belə cəmiyyətlərdə müxalifət-iqtidar bölgüsü çox şərtidir. Amma sosial vəziyyət pisliyə doğru dəyişəndə adi vətəndaş dəyişiklik tələb edə bilər. Demoktarların dönəmində bu adamın gəliri azalıbsa, bu dəfə respublikaçılara səs verə bilər ki, durumu düzəlsin.
Amma cəmiyyətdə digər təbəqələr də var. Ziyalı həmişə cəmiyyətə qarşı bir qədər müxalif durumda olur. Onlar öz sosial-maddi vəziyyətlərindən asılı olmayaraq cəmiyyətdə həmişə dəyişikliklər olmasını istəyirlər. Hansısa vəziyyət onları qane etmir və etirazını ifadə etmək üçün tribuna axtarırlar. Belə insanlar, adətən, ya həmkarlar təşkilatlarında fəal olurlar, ya da siyasi qurumlarda. Belə qrupa gənclər daha çox aiddir. Onlar ümumən inqilabi əhvali-ruhiyyədə olurlar - həmişə yenilik, təzəli axtarışındadırlar. Gənclər sosial bataqlıqdan çıxmaq üçün katalizator rolunu oynaya bilirlər. Həm iqtidar düşərgəsində, həm də müxalifət qurumlarında.
Nisbətən yaşlı insanlar daha çox sakitliyə meyllidirlər. Nə varsa, ona şükür edirlər. "Bir tikə çörək var, küçədə hava istidir, adamlar başıaşağıdır, gedim bir bulvarda gəzib havamı dəyişdirim" və s. və i. a. Bu baxımdan yanaşanda indiki Azərbaycan cəmiyyəti ahıl bir qocanı xatırladır. Gəncə isə daha çox adrenalin lazımdır, ekstremal situasiyalar lazımdır.
- İddialarla reallıq arasında təzadlar yarananda fərd və ya qrup hansı psixoloji halları yaşaya bilir?
-Bu başdan deyim ki, iddia və reallıq şərti anlayışlardır. Bu gün mənim hansısa bir iddiam beşilliyə planlaşdırılıbsa, realıq isə birillik şans verirsə, bunları tutuşdurmaq düzgün deyil. Məsələn, Azərbycanda həm müxalifətin, həm də iqtidarın Dağlıq Qarabağ probleminə münasibəti, təxminən, eynidir. Hər iki düşərgə iddia edir ki, "Qarabağ Azərbaycana qaytarılmalıdır, Qarabağ Azərbaycan torpağıdır". Amma reallıq göstərir ki, yaxın bir ildə bu məsələnin həlli mümkün deyil. Necə deyərlər, iddiamız var, amma bu iddianın neçə ilə gerçəkləşəcəyi məlum deyil - bir ilə, yoxsa iyirmi ilə. Lakin bu iddiadan imtina da edilmir. Halbuki əks-tərəf, yəni ermənilər bizim bu iddialara qeyri-ciddi yanaşır: "Məsələ həll olunub da. Qarabağda ermənilər yaşayırlar". Onlar bizim Qarabağ iddialarımızı real hesab etmirlər. Biz də bu iddianın gerçəkliyi ilə barışmayacağıq. Lap sabah BMT Dağlıq Qarabağın müstəqilliyini tanısa da, biz öz iddiamızda qalacağıq. Ona görə də reallıqla iddiaları müqayisə etmək çox çətindir. Çünki bu anlayışların sosial və potensial çərçivələri üst-üstə düşmür.
-Mən psixoloq deyiləm, ancaq bildiyimə görə, psixologiya elmində belə bir araşdırma üsulu var: fərdin nitqindəki müəyyən sözlərin və ifadələrin işlənmə tezliyinə görə onun naturasını və şüuraltı məqsədini təyin etmək. Bu mənada bizim iqtidar mənsublarına qulaq asanda hesab edirsən ki, dünyada Azərbaycan adlı bir cənnət var, kaş ki, bizdə gedib orada yaşaya biləydik. Müxaliflərə qulaq asanda düşünürsən ki, cəhənnəm deyilən məkan elə Azərbaycandır, buradan qaçıb qurtarmaq lazımdır. Və iş burasındadır ki, bu iddiaların heç biri reallığa uyğun deyil. Yəni müxaliflərlə iqtidarlıların düşüncə tərzində, iş üsulunda oxşarlıqlar qeydə alınırmı?
-Mən istərdim ki, burada terminlərlə bir qədər ehtiyatlı olaq. Çünki siyasətçinin düşündüyü ilə dediklərinin arasında kəskin fərqlər ola bilər və bu, təbiidir. Onlar bir az başqa cür fikirləşir və fikirlərini tamam başqa formada ifadə edirlər. Vəzifə borcu onları vadar edir ki, bir qədər başqa biçimdə danışsınlar. Biz başa düşməliyik ki, yaxşı siyasətçi düşündüyünü deməməlidir. Ya fikrini bir az şişirtməlidir, ya da tamam gizlətməlidir. Diplomatiyanın elementar tələbatı bu cürdür. Buna görə də siyasətçi ilk növbədə diplomatik psixologiyanın əsaslarına yiyələnməlidir. Söhbət Azərbaycandan getmir, dünyanın hər yerində siyasətçilər belə hərəkət edirlər. İş və düşüncə tərzini həm də mənsub olduğun qurum diqtə edir. Bunun qaydası belədir. Həm də asılı olmadığın qurumları tənqid etmək asandır. Müxalifətçi iqtidarı gen-bol tənqid edə bilir və əksinə. Amma iqtidar mənsubu öz həmkarını tənqid etməyə çətinlik çəkir və bunun da səbəbləri məlumdur. Yəni istər-istəməz yaşadığımız şəraitə uyğun olaraq ifadə və düşüncələrimizə nəzarət edirik. Belə bir termin var: "daxili senzor". Bu daxili senzor Sizin suallarınıza cavab verdiyim anda mənim də içimdə "işə düşüb", düşünrəm ki, "Bu qəzet müxalifətindir, yoxsa iqtridarın?" İnsanın içində həmişə belə bir müdafiə mexanizmi işləyir və artıq bu məsələnin iqtidara və ya müxalifətə dəxli yoxdur. Bu daxili senzor həmişə var və mən suallara cavab verəndə çalışıram ki, bu suallardan uzaqlaşım, neytral cavablar verim. Amma bu da tam alınmır. Əgər mən bir psixoloq kimi bu mexanizmi dəf etməyə çətinlik çəkirəmsə, deməli, siyasətçilər üçün bu daha zor bir iş olacaq. Çünki mənim müsahibəmi müəyyən qrup oxucu oxuyacaq, siyasətçiyə isə daha geniş auiditoriya qulaq asır. Hələ mən xarici dövlətləri demirəm. Siyasətçi istər-istəməz bu amili də nəzərə almalıdır.
-Siyasətçidə kütlənin psixologiyası ilə manipulyasiya edə bilmək qabiliyyəti omalıdır. Mərhum Heydər Əliyev və Əbülfəz Elçibəy bu baxımdan çox məharətli idilər, psixoloji manipulyasiya ustası idilər. Yəni onlar auditoriyanı öz fikirlərinə, niyyətlərinə kökləyə bilir və lazımin istiqamətə yönəldirdilər. İndiki müxalifli-iqtidarlı siyasilər içində bu baxımdan kimləri daha çox bacarıqlı hesab edirsiniz?
-Adlarını çəkdiyiniz siyasətçilərdən başqa vaxtilə Etibar Məmmədovun da mitinqlər vaxtı kütləyə təsir etmək qabiliyyəti həddindən artıq yüksək idi...
-Bu, xarizma ilə bağlı idi?
-Bəli, xarizma ilə bağlıydı. Düşünmürəm ki, o bunu düşünülmüş şəkildə edirdi. Onda, sadəcə, daxildə bu xarizma var idi. Nemət Pənahovu götürək. Onda da qeyri-adi xarizma var idi. Amma elə siyasətçilər var ki, onlar qısa məsafələr üçün sprinterdirlər, yəni qısa qaçışlar üçündürlər, uzaq siyasi marafona tab gətirə bilmirlər. Elə siyasətçilər də var ki, uzun səfərlər üçündürlər. Bu günki liderlərin arasında... Doğrusu, bu barədə ... heç ... düşünməmişəm... Yəqin ki var... Amma bu kontekstdə psixoloji stereotiplər mühüm rol oynayır. Yəni elə adamlar var ki, İsa Qəmbərin hər sözünü göydə tutmağa hazırdır. Bu amil də var. Belə deyək də, insanın daxili-psixoloji "antennaları" kimə yönəlibsə, onun sözləri onu təsirləndirir.
-Sizə elə gəlmir ki, iqtidarlı-müxalifli bütün siyasətçilərin psixoloji portretləri işlənib hazırlansa, bunun cəmiyyətə və dövlətə çox xeyri olar?
-Maraqlı təklifdir, amma incə məsələdir. Çünki bunu hərə bir cür başa düşəcək. İqtidar hesab edəcək ki, tənqidlə məşğulam, müxalifət də deyəcək ki, hansısa bir məqsədim var. Arada vaxt olanda özüm üçün bir psixoloq kimi müəyyən qeydlər edirəm, amma bunları mətbuata çıxarmaq niyyətim yoxdur.
Söhbətləşdi: Savalan