Vətəndaşın sağlamlıq hüququnun təmini
Bakının müxtəlif rayonlarında prezidentin tapşırığına əsasən sakinlərin bu hüququ mütəmadi tədbirlər nəticəsində qorunur

Hər bir insanın azad yaşamaq, öz fikrini sərbəst şəkildə ifadə etmək, siyasi mövqeyini müstəqil formada müəyyənləşdirmək hüququ var. Amma ictimai-siyasi yüklü hüquqlarla yanaşı, insanların digər həyati əhəmiyyətli hüquqları da var. Bunlardan biri də insanların sağlamlıq hüququdur. Azərbaycanda vətəndaşların sağlamlıq hüququna xüsusi önəm verilir.
Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibbi xidmətin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bunu Prezident İlham Əliyev də dəfələrlə ifadə edib və əhalinin sağlamlıq hüququnun qorunması üçün də zəruri tapşırıqlar verib. Ən müsbət məqamlardan biri də odur ki, insanların sağlamlıq hüququnun qorunması qanunvericilikdə də təsbit olunub. Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanununda bütün bu məqamlar öz əksini tapıb. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.
Əhalinin sağlamlığının qorunmasının təşkili bir neçə aspektlər üzrə təsnif olunur. Belə ki, dövlət səhiyyə sistemi, qeyri-dövlət səhiyyə sistemi, tibb müəssisələrinin özəlləşdirilməsi və icarəyə verilməsi, səhiyyə müəssisələrinin dövlət qeydiyyatı, əhalinin sanitariya-epidemioloji salamatlığı və dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi qanunla müvafiq formada təşkil olunur.
Sözsüz ki, sağlamlığın qorunması sahəsində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları da var. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ, sağlamlığa təsir göstərən amillər haqqında vətəndaşların məlumat almaq hüququ, eləcə də, vətəndaşların tibbi-sosial yardım almaq hüququ var. Bununla yanaşı, vətəndaşların tibbi sığortası, dərman vasitələri ilə təminat, peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların, yaşı 18-dən az olan işçilərin sağlamlığının qorunması hüququ, əhalinin sağlamlığının qorunması sahəsində ailənin hüquqları, əhalinin sağlamlığının qorunması sahəsində hamilə qadınların və anaların hüquqları qanunla tənzimlənir. Onu da nəzərə çatdıraq ki, əhalinin sağlamlığının qorunması sahəsində məişət zorakılığından zərər çəkmiş şəxslərin, əhalinin sağlamlığının qorunması sahəsində yetkinlik yaşına çatmayanların, əhalinin sağlamlığının qorunması sahəsində hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hüquqları, əhalinin sağlamlığının qorunması sahəsində pensiyaçıların, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial yardım almaq hüququ var. Nəzərə çatdıraq ki, fövqəladə hallarda ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların sağlamlığının qorunması sahəsində hüquqları, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin tibbi təminatı və tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaçəkmə müəssisələrində məhkumların tibbi yardım almaq hüququ qanunvericilikdə təsbit olunub.
Məlumat üçün onu da qeyd edək ki, tibb-sosial yardım sahəsində vətəndaşların müstəsna hüquqları var. Qanunda pasiyentin hüquqları, sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ, təxirəsalınmaz hallarda tibbi müdaxilə şərtləri, tibbi müdaxilədən imtina edilməsi, razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi kimi hüquqlar var və bundan yararlanmaq üçün hərtərəfli şərait yaradılıb.
Müsbət məqamlardan biri də odur ki, Azərbaycanda ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının tənzimlənməsi də qanunda öz əksini tapıb. Belə ki, hər kəsin süni mayalanma və embrionun implantasiyası, hamiləliyin süni surətdə pozulması, tibbi sterilizasiya və bu kimi tibbi xidmətlərdən yararlanmaq hüququ var.
Qanunda Azərbaycan vətəndaşlarına tibbi-sosial yardımın həyata keçirilməsinə zəmanətlər verilir. Belə ki, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış tibbi yardım, ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi-sosial yardım, yeni profilaktik, diaqnostika və müalicə üsullarının, dərman və dezinfeksiya vasitələrinin, immunobioloji preparatların tətbiqi, biotibbi tədqiqatların aparılması qaydaları, evtanaziyanın qadağan olunması, insanın ölüm anının müəyyən edilməsi, transplantasiya məqsədilə insan orqan və (və ya) toxumalarının götürülməsi və patoloji-anatomik yarma kimi yardımın həyata keçirilməsinə zəmanətlər var.
Onu da vurğulayaq ki, Azərbaycanda vətəndaşların sağlamlığına vurulan zərərə görə məsuliyyət də nəzərdə tutulub. Qanunda vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi ilə bağlı müddəalar var. Belə ki, vətəndaşların hüquqa zidd hərəkətləri nəticəsində zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və əczaçılıq işçilərinin məsuliyyəti və dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən şikayət etmək hüququ var.
Prezident İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların sağlamlıq hüququnun təmin olunması üçün lazım olan bütün addımlar atılır. Belə ki, paytaxtın bir çox rayonlarında əhalinin sağlamlıq huquqlarının qorunması istiqamətində silsilə tədbirlər həyata keçirilir. 2015-ci il fevral ayından Səbail rayonunda əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri həyata keçirilir. Səbail rayon icra hakimiyyətindən "Unikal"a verilən məlumata görə, tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinə məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunub. Fevralın 2-dən etibarən artıq rayon üzrə 44980 nəfərin müayinələrdən keçməsi təmin olunub. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüşdür. Belə ki, qeyd olunan müddət ərzində 170 nəfər stasionar müalicəyə götürülmüş, 10810 nəfərə ambulator müalicə təyin edilib. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər. Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.
Nərimanov rayon İcra hakimiyyətindən "Unikal"a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşların sağlamlıq hüququnun qorunması istiqamətində bir sıra addımlar atılıb. Belə ki, cari ilin fevral ayının 1-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində rayon əhalisinin tibbi müayinəsinin təmin edilməsi davam etdirilir. 14 aprel 2015-ci il tarixdə Nərimanov rayonunda yerləşən 18 nömrəli şəhər poliklinikasında rayon əhalisinin növbəti tibbi müayinə prosesi keçirilib. Poliklinikalar sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub. Burada xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edib. 12900-ə yaxın sakin xəstəxananın qeydiyyatında olub və bu günə qədər 9000-dən çox vətəndaş tibbi müayinədən keçib, 3600 nəfərə ambulator, 15 nəfərə isə stasionar müalicə təyin olunub. Ümumiyyətlə, tibbi müayinələr başlayandan etibarən rayon üzrə 80855 nəfərin müayinələrdən keçməsi təmin olunaraq, onlardan 60077 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 20522 nəfərə ambulator, 256 nəfərə isə stasionar müalicə təyin olunub. Sakinlər onların digər hüquqları ilə yanaşı, sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu nəcib aksiyanı yüksək dəyərləndirərək, onların hər zaman qeydinə qalan dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Bakının Qaradağ rayonundan isə "Unikal"a bildirilib ki, sakinlərin sağlamlıq hüququnun qorunması yüksək səviyyədə həyata keçirilib. İcra hakimiyyətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən ölkəmizin hər bir yerində tibbi müayinələr keçirilir: "Cari ilin fevral ayından başlayan tibbi müayinəyə əsasən artıq 26005 nəfər tibbi müayinədən keçirilmişdir. Rayonumuzda uğurla icra olunan bu aksiyada müayinələr yüksək səviyyədə təşkil edilir. Müayinəyə terapevtlər, cərrahlar, pediatrlar, həmçinin oftamoloq, nevropatoloq, stamotoloq və dermatoloqlar cəlb olunmuşlar. Kardioqram çıxarılır, ultrasəs, rentgen, laborator müayinələr aparılır. Bu məqsədlə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış səyyar həkim briqadası rayonumuzun uzaq qəsəbəsi olan Çeyildağ qəsəbəsinə yollanaraq əhalinin tibbi müayinəsini həyata keçirdilər. Bu hadisəni böyük sevinclə qarşılayan sakinlər onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər".