Azərbaycanın NATO gözləntisi
Azərbaycanın NATO gözləntisi

Ermənistan məğlub, Azərbaycan qalib durumda

Bildiyiniz kimi hazırda Çikaqoda NATO-un sammiti keçirilir və prezident İlham Əliyev də bu toplantıya qatılıb. Maraqlıdır, bu toplantının Azərbaycan üçün önəmi nədir və hansı gözləntilər ola bilər? Öncəliklə qeyd etmək lazımdır ki, bundan öncə birinci toplantıda keçirildi. Dünyanın 8 böyük ölkəsinin lideri bir araya gələrək, qlobal problemləri müzakirə etdilər. Bu sırada ən vacib məsələ maliyyə böhranından çıxış yollarının müzakirəsidir.

Çünki həm ABŞ, həm də Avropa Birliyi ölkələri neçə il öncə başlayan iqtisadi böhranın nəticələrini aradan qaldırmayıblar. Bununla yanaşı 8-lik arasında da həll olunmayan problemlər var ki, görüşdə çalışıldı ki,bu məsələlər həllini tapsın. Amma gözlənilən effekt əldə olunmadı. Bunun isə başlıca səbəbi Rusiya prezidentinin görüşdə iştirakdan imtina etməsi oldu. Rusiyanın yeni prezidenti Vladimir Putin 8-likdə və hazır ki, toplantıda iştirakdan imtina etməsi ABŞ-ın raketlərdən müdafiə sistemlərinin Şərqi Avropada yerləşdirməsinə etirazla bağlıdır. Putin bu addımı ilə həm də ABŞ-a açıq şəkildə göstərdi ki, artıq Rusiya ciddi şəkildə qəbul olunmalı və onların maraqları təmin olunmalıdır. Hazırda Rusiya ilə ABŞ arasında Şərqi Avropada hava hucumundan müdafiə sisteminin qurulması, Suriya, İran və Qafqaz məsələlərində ciddi ziddiyət var və güman edilirdi ki, bu toplantıda nisbətən yumşaqlığa nail olmaq mümkünləşəcək. Amma Putinin nümayəşkarənə şəkildə toplantıdan imtinası sübut etdi ki, daha ciddi problemlər hələ qabaqdadır. İndi isə qayıdaq son toplantıya. Bu toplantıda NATO-nun üzv ölkələrlə yanaşı, tərəfdaş ölkələrin dövlət başçıları da dəvət olunub və Azərbaycan prezidentinin bu toplantıya qatılması təqdirəlayiq hal kimi qəbul olunur. Nəyə görə ? İlk növbədə ona görə ki, Azərbaycan hazırda BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və əhəmiyyətli məsələlərin həllində prinsipial rol oynayacaq. Bu baxımdan Azərbaycanın bu toplantıya qatılması çox vacibdir. Bundan başqa bu toplantıda əsasən təhlükəsizlik məsələləri müzakirə olunacaq. Xatırladaq ki, hazırda Azərbaycan NATO-nun ən vacib tərəfdaşlarından birinə çevrilib. Bu da onunla əlaqədardır ki, NATO-nun Əfqanıstana ünvanlanan yüklərin önəmli hissəsi Azərbaycanın hava limanı üzərindən daşınır. Buna görə dəfələrlə Azərbaycanın antiterror koalisiyasında iştirakı dünya dövlətləri tərəfindən ciddi dəyərləndirilib. Ekspertlər hesab edir ki, bu gün Azərbaycanın NATO ilə əməkdaşlığı genişləndirilməsi Azərbaycanın bütün maraqlarına cavab verir. İrandan Azərbaycana qarşı basqıların artdığı bir zamanda Azərbaycanın Avropa təhlükəsizlik qurumları ilə sıx bağlılığına ciddi ehtiyac yaranıb. Bununla yanaşı İlham Əliyev bu səfərini reallaşdırmaqla Dağlıq Qarabağ probleminin NATO sammitində müzakirəsinə də nail oldu. Hətta sammitə Dağlıq Qarabağla bağlı bəyannamə də qəbul olundu ki, bu da Ermənistan üçün ağır zərbə oldu. Qətnəmadə bildirilir:-"Cənubi Qafqazda və Moldovada həlli uzadılmış münaqişələrin qalması Alyans üçün ciddi narahatlıq predmeti olaraq qalır.Region ölkələri bu münaqişələrin həllində konstruktivlik və siyasi iradə nümayiş etdirməli və mövcud danışıqlar formatına hörmətlə yanaşmalıdır". Sammit iştirakçıları həmçinin münaqişə tərəflərini regional təhlükəsizlik və stabilliyi poza biləcək addımlardan çəkinməyə çağırıblar. "Biz Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini dəstəkləməkdə davam edir, həmçinin bu regional münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə nizamlanması səylərini dəstəkləyirik".Çox maraqlıdır ki, Ermənistan tərəfi öncədən belə bir bəyannamənin qəbulundan xəbərdar idilər və bu səbəbdən Ermənistan prezidenti də Rusiya prezidenti kimi sammitin işinə qatılmayıb. Bunu izah edən Ermənistan xarici işlər naziri bildirib ki, sammitin yekununda imzalanacaq bəyannamədə Cənubi Qafqaz və Moldovadakı etnik münaqişələrlə bağlı müddəa Ermənistan tərəfini qane etməyib. Buna görə də Sarkisyan səfərdən imtina edib. Nazir daha sonra bildirib:-""Biz Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini dəstəkləməkdə davam edir, həmçinin bu regional münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə nizamlanması səylərini dəstəkləyirik" deyə bəyannamədə bildirilir.Dırnaq işarəsinə alınan sonuncu ifadələr erməni tərəfini qane etməyib və Cənubi Qafqazın digər iki dövlət başçısından fərqli olaraq Ermənistan prezidenti sammitə getməyib". Nalbandyan bildirib ki, bu müddəa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupunun mandatına ziddir, qurumun bəyanat və qərarları, NATO-nun sonuncu Lissabon sammitinin bəyannaməsi ilə uzlaşmır. Bunu da qeyd edək ki, Ermənistan tək bu məsələyə görə yox, həm də Rusiya prezidentinin təkidi ilə bu toplantıya qatılmayıb. Nəticə də bir daha dünya dövlətləri gördü ki, Azərbaycan nə qədər Avropaya inteqrasiyanın tərəfdarıdırsa, Ermənistanda bir o qədər Rusiyanın nəzarət dairəsindədir. Beləliklə çıxarılan nəticə bu oldu ki, NATO sammitinə q atılmaqla Azərbaycan daha ciddi bir diplomatik uğura imza ata bildi.

Mehdi Əli