Nazirdən iki məşhur klinikaya ağır zərbə
Nazirdən iki məşhur klinikaya ağır zərbə

Oqtay Şirəliyev "Leyla Şıxlınskaya" və "Oksigen"ə "qara xəbər" hazırlayır

Oqtay Şirəliyevin rəhbəri olduğu Səhiyyə Nazirliyi (SN) Bakıdakı dövlət müəssisələri və özəl klinikalarda qeysəriyyə kəsiyi əməliyyatının aparılması vəziyyətinin öyrənilməsi məqsədi ilə apardığı araşdırmaları yekunlaşdırıb.

Etibarlı mənbədən əldə edilən məlumata görə, araşdırmaların nəticələrinə əsasən, dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı qanunvericiliyin tələblərinə ciddi əməl olunur və bu məsələyə ciddi nəzarət edilir. Dövlət tibb müəssisələrində bütün əməliyyatlar barədə konsiliumda qərar verilir, anestezioloq əvvəlcədən xəstəyə baxış keçirir, əməliyyat üçün tibbi göstərişlər protokola uyğun aparılır (trend.az).
Azərbaycanın rayonlarında çox az sayda olan özəl klinikalarda doğuş, demək olar ki, həyata keçirilmədiyindən araşdırmalar zamanı yalnız paytaxt ərazisindəki özəl tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatının aparılması vəziyyəti araşdırılıb.
Məlum olub ki, özəl klinikalarda qeysəriyyə kəsiyi əməliyyatının aparılması halları ilə bağlı müəyyən nöqsanlara yol verilir. Bakıda ötən il ərzində doğuş üçün müraciət edən qadınlar üzərində ən çox qeysəriyyə kəsiyi əməliyyatını iki özəl klinika həyata keçirib. Həmin klinikaların adlarını da öyrənmək mümkün olub. Belə ki, bu klinikalar "Leyla Şıxlinskaya" və "Oksigen"dir.
Onu da deyək ki, ölkə mətbuatı "Oksigen" klinikasının millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsus olduğunu çoxdan yazır. Bu məlumatlar indiyə kimi nə deputat, nə də klinika rəhbərliyi tərəfindən təkzib edilməyib.
Məlumata görə, Şirəliyevin bu müəssisələrdə qeysəriyyə kəsiyi əməliyyatlarının sayının çox olması səbəblərini öyrənmək üçün araşdırmalar aparacaq.
Qeyd edək ki, "Leyla Şıxlinskaya" klinikasında təbii doğuş üçün 1000, qeysəriyyə kəsiyi əməliyyatı üçün 1250 manat, "Oksigen" klinikasında təbii doğuş üçün 1250, qeysəriyyə kəsiyi əməliyyatı üçün 1450 manat ödəniş tələb olunur.
SN Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan da "Trend"-ə bildirilib ki, Azərbaycanda özəl klinikalarda doğuşların əməliyyatla başa çatma tezliyi dövlət klinkalarından yüksəkdir. Qeysəriyyə əməliyyatı normal doğuşdan baha başa gəldiyinə görə, özəl klinikalar sui-istifadə edərək belə əməliyyatlara üstünlük verirlər.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə doğuşların 19,74%-i qeysəriyyə kəsiyi əməliyyatı ilə nəticələnib.
"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əsasən, qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə, təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Qeysəriyyə kəsiyi əməliyyatının aparılması üçün tələb olunan tibbi göstərişlər SN kollegiyasının 03.10.2013 tarixli 30 saylı qərarı ilə təsdiq olunmuş "Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol"da öz əksini tapıb.
Xatırladaq ki, "Unikal" bu yaxınlarda Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirliyin özəl klinikalardan tutmuş doğum evlərinədək bir çox istiqamət üzrə yoxlamalara start verməsindən yazmış və diqqəti ona çəkmişdi ki, bu "təftiş dalğası" Hesablama Palatasının 2015-ci il üçün hazırladığı hesabatın açıqlanmasından az sonraya təsadüf edir. Məsələ burasındadır ki, Hesablama Palatasının hesabatında Səhiyyə Nazirliyinin fəaliyyətində aşkar olunan ciddi nöqsanlardan da bəhs olunub.
"Ekspertlər istisna etmirlər ki, məhz Hesablama Palatasının hesabatında özünə yer alan qanunsuzluq faktları səhiyyə naziri Oqtay Şirəliyevi hərəkətə keçirib. O, özünə və rəhbərlik etdiyi quruma qarşı ictimai qınaqları və KİV-in tənqidlərini azaltmaq üçün genişmiqyaslı yoxlamalara start verib" deyə qəzetimiz yazmışdı.
Göründüyü kimi, Şirəliyevin nazirliyinin monitorinqləri davam edir, ən məşhur klinikalar belə SN-nin qəzəbindən qurtula bilmir. Bunlar, heç şübhəsiz ki, özəl tibb müəssisələri ilə bağlı xaotik durumun aradan qaldırılması üçün təqdirəlayiq addımlardır. Amma eyni zamanda əksər özəl klinikaların arxasında bəzi nüfuzlu məmurların dayandığını da unutmayaq. Belədə isə səhiyyə nazirinin həmin məmurlarla toqquşması qaçılmaz ola bilər.
Günel Əkbər