Bakıda ağır yol qəzaları: ölən və yaralananlar var
Bakıda ağır yol qəzaları: ölən və yaralananlar var

Ölkədə həftəsonu isə yol qəzalarında 14 nəfər ölüb, 55 nəfər xəsarət alıb

Ötən gecə Bakının Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Buzovna-Maştağa yolunda baş verən qəza zamanı Cavid Əliyevin idarə etdiyi "VAZ 2106" markalı avtomaşınla Ceyhun Musazadəyə məxsus "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Hadisədən sonra "Jiquli"nin sürücüsü Cavid Əliyev hadisə yerində dünyasını dəyişib.

Digər avtomaşında olan sürücü və 2 nəfər sərnişin isə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilib və onların vəziyyəti stabildir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Yol nəqliyyat hadisəsinin hansı sürücünün günahı ucbatından baş verdiyi isə idarənin istintaq şöbəsində başlanılan araşdırmalardan sonra məlum olacaq.
Bir faktı da nəzərinizə çatdıraq ki, yol nəqliyyat hadisəsinin qeydə alındığı yolda quraşdırılan küçə işıqlarının yanmamasını da qəzanın səbəbləri sırasına əlavə etmək olar.
Ötən gecə Binəqədi-Balaxanı yolunda da yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı Bayram Bayramovun idarə etdiyi "VAZ 2106" markalı avtomaşınla Ağabala Şabaladovun idarə etdiyi "Moskviç" markalı nəqliyyat vasitəsi toqquşub.
Xəsarət alan hər iki avtomaşının sürücüsü və "Jiquli"də olan sərnişin təcili tibbi yardım maşınları isə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Qəzanın baş verdiyi ünvanda Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və ilkin nəticələr də əldə edilib.
Binəqədi RPİ-nin müstəntiqi Elşən Qarayev hesab edir ki, "Moskviç"in sürücüsü sərxoş olub.
Qeydə alınan qəzaya hüquqi qiymət isə təyin ediləcək ekspertizaların rəyi alındıqdan sonra veriləcək.
İstirahət günlərində isə Azərbaycanda 35 yol qəzası qeydə alınıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, mayın 19 və 20-də qeydə alınan yol qəzalarında 14 nəfər ölüb, 55 nəfər xəsarət alıb.
Ağır yol qəzaları Şəmkirdə (6 ölüm) və Tərtərdə (3 ölüm) qeydə alınıb.
Mayın 20-də Bakının Sabunçu rayonunda, Pirşağı yolunda "QAZ 31" ilə "VAZ 2106" toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Xəzər rayonunda, Buzovna-Maştağa yolunda isə "VAZ 2106" ilə "Mercedes" toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.