KİVDF jurnalistləri mükafatlandırdı

KİVDF jurnalistləri mükafatlandırdı

İyunun 23-də Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak edib.
Mərasimdə çıxış edən Vüqar Səfərli bildirib ki, Azərbaycanda böyük bir idman bayramının keçirilir. Bir azərbaycanlı kimi bu Oyunların ölkəmizdə keçirilməsindən qürur duyuruq.
Birinci Avropa Oyunlarının əhəmiyyətini ictimaiyyətə çatdırmaq üçün fərdi jurnalist yazıları müsabiqəsi elan edildi.
Müsabiqənin əsas məqsədi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən Birinci Avropa Oyunlarının mətbuatda daha dolğun işıqlandırılması, bununla bağlı jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması olub. Müsabiqəyə 34 KİV-dən 52 yazı təqdim edilib. Yazılar 6 ekspert tərəfindən qiymətləndirilib.
Müsabiqənin yekun nəticələrinə görə, 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, I yer üçün (1 nəfər) 700 manat, II yer üçün (2 nəfər) 500 manat, III yer üçün (3 nəfər) 300 manat məbləğində mükafat nəzərdə tutulub. Bundan əlavə, 10 nəfər jurnalistə 150 manat məbləğində həvəsləndirici mükafat verilib. Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev müsabiqənin əhəmiyyətindən danışaraq qalibləri təbrik edib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib ki, Azərbaycanda Avropa Oyunları kimi önəmli bir tədbirin keçirilməsi ölkəmizin dünyaya yaxşı tanıdılmasına xidmət edib.
O, bu tədbirin işıqlandırılması və orada əldə olunan qələbələrin ictimaiyyətə çatdırılmasında medianın böyük rol oynadığını diqqətə çatıdırıb.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Birinci Avropa Oyunları Azərbaycanda indiyə qədər keçirilən ən böyük yarışmadır.
Ümid edirəm ki, jurnalistlər gələcəkdə də belə tədbirlərin işıqlandırılmasında mühüm rol oynayacaq. O qeyd edib ki, hər bir xalqın həyatında keçirilən belə böyük tədbirlər insanları ruhlandırır: "İdmançılarımız hər dəfə bayrağımızı qaldırarkən hər kəs çox sevinib". Müsabiqənin sonunda müsabiqə qaliblərinə mükafatlar təqdim edilib.