Əli Abbasov nikbin açıqlama
Azərbaycan şirkətləri növbəti Avropa Oyunları zamanı elan olunan tenderlərdə iştirak edəcək
"I Avropa Oyunlarının yekunları bizi çox sevindirir". Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rabitə birlik və müəssisələrinin rəhbərlərinin, I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər məsul işçilərinin iştirakı ilə I Avropa oyunlarının başa çatması münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Həm yayımda, həm telekommunikasiya, internet xidmətlərinin təşkilində, radiotezliklərin qorunmasında, kibertəhlükəsizlikdə böyük problemlərə rast gəlinməyib. Əgər hansısa bir problem olubsa, həmin problemlər tamaşaçılar və iştirakçılar hiss etmədən operativ həll olunub", - deyə nazir bildirib.

O, bildirib ki, bu texnoloji işlərin birinci hesabatıdır. Birinci hesabatda tamaşaçıların, işçilərin gördüyü bir problem olmayıb: "Əslində bu işlərin hamısı texnoloji olaraq avtomatik elektron şəkildə protokollaşdırılır, serverlərdə yazılır. Sonra biz bunları dəqiqəbədəqiqə analiz edəcəyik. İkinci, üçüncü Avropa Oyunları keçirilən zaman telekommunikasiya sahəsində elan olunan tenderlərdə Azərbaycan şirkətlərinin də iştirakına baxılacaq. Hesab edirəm ki, bu tədbir bizə böyük bir təcrübə qazandırıb. Həmçinin Azərbaycan şirkətləri xaricdə tanınıb. Azərbaycan şirkətləri artıq belə tədbirlər keçirilərkən kommunikasiya xidmətlərinin verilməsində iştirak edəcək".

I Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlar, oyunların möhtəşəm açılış və bağlanış mərasimlərinin dünya ölkələrinə və respublikada yüksək keyfiyyətlə və fasiləsiz yayımının təşkilində Beynəlxalq İdman Yayım Şirkəti ilə yanaşı "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin, "Azərkosmos" ASC-nin və Məlumat Hesablama Mərkəzinin də xüsusi rol oynadığı nazir tərəfindən vurğulanıb.

Tədbirdə çıxış edən S. Kleq I Avropa oyunların telekommunikasiya, internet, yayım xidmətləri, informasiya təhlükəsizliyi ilə təminatında və tezliklərlə təchizatında RYTN-in birlik və müəssisələrinin rolunu xüsusi qeyd edib.

Oyunların keçirildiyi dövrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aidiyyəti birlik və müəssisələrinin mütəxəssislərinin I Avropa Oyunları Əməliyyat Komitəsinin Texniki Əməliyyat Mərkəzində Komitənin digər əməkdaşları ilə birgə səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.

I Avropa Oyunlarının uğurla keçirildiyi nəzərə alınaraq, oyunların telekommunikasiya və yayım xidmətləri və informasiya təhlükəsizliyi ilə təminatında, radiotezliklərin təchizatında fəaliyyət göstərən bir sıra dövlət və özəl rabitə müəssisələri, I Avropa Oyunları Əməliyyat Komitəsinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aidiyyəti rəhbər işçiləri və mütəxəssisləri fəxri fərmanlarla təltif edilib.
H.İsgəndərov