"Bizimlə işləmək istəyən çox böyük siyasi qüvvələr var..."
"Bizimlə işləmək istəyən çox böyük siyasi qüvvələr var..."

Son günlərdə ölkənin əsas müzakirə mövzularından olan Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi Milli Məclisdə müzakirə edilib.
Millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin sədr müavini, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov bildirib ki: "Məsələ əslində çox ciddidir və biz öz qəti fikrimizi mütləq burada söyləməliyik. "Məsələnin ciddiliyini nəzərə alaraq mənim birinci xahişim ondan ibarətdir ki, biz Milli Məclis adından xüsusi qərar qəbul edək. Yəni əgər bizimlə qərarla danışmaq istəyirlərsə, keçmişdə olduğu kimi Moskvadan gələn müəyyən təlimatlar formasını yenidən bərpa etmək istəyirlərsə, o zaman biz də qərar qəbul edək, çox ciddi şəkildə öz fikrimizi orada bildirək".
Millət vəkili Avronest Parlament Assambleyasının yaradılmasının əhəmiyyətindən danışaraq vurğulayıb ki: "Əgər Azərbaycan prezidentinin qəti mövqeyi, Azərbaycan dövlətinin bu istiqamətdə marağı olmasa idi bu gün Avronest Parlament Assambleyası heç olmaya da bilərdi. Bu ona görə oldu ki, Avropalı deputatlar onları narahat edən məsələləri bizimlə birgə müzakirə etmək istədi. Bakıdakı iclasda da insan haqları məsələsi, ərazi bütövlüyü məsələsi, demokratik məsələlər - hamısı müzakirə olunaraq səs çoxluğu ilə bir sıra qərarlar verildi və bunlar da yekun sənəddə öz əksini tapdı. Amma buna baxmayaraq bu bəzi deputatların xoşuna gəlmədi. Yəni, demokratik proseslə qərar qəbul olunma prosesi xoşlarına gəlmədi. Sonradan 56 nəfər iştirakçı ilə həmin qətnaməni qəbul etdilər. Azərbaycanda elə bir qeyri-adi hal da baş verməyib ki, təcili olaraq növbədənkənar bu qətnamənin müzakirəsi olsun".
Fuad Muradov məhz bu prosesdə Azərbaycan üçün çox aydın mesajların olduğunu vurğulayıb: "Bu mesajlar ondan ibarətdir ki, bəli, Azərbaycan çox müstəqil yol tutub. Bu müstəqil yolda maneələr olmalıdır. Azərbaycanın son uğurları təbii ki, bir çox dövlətləri narahat edir. Bizim həyata keçirdiyimiz siyasət təkcə öhdəliklər əsasında qurulmur. Azərbaycan dövlətinin marağı, istəyi, strategiyası var və buna uyğun olaraq biz bu və yaxud digər sənədə imza atıb, qoşula və ya qoşulmaya bilərik. Avropa Parlamentində bizim xüsusi öhdəliklərimiz yoxdur və hər hansı bir öhdəliyimiz varsa da o beynəlxalq sənədlərlə həyata keçirilir. Mən düşünürəm ki, bizimlə işləmək istəyən çox böyük siyasi qüvvələr var. Bu gün Avropaya Azərbaycan kimi ölkə çox lazımdır. Mən çox istəyərdim ki, biz bu istiqamətdə işimizi davam etdirək".