Yadigar Məmmədli: "Azərbaycanda ən az maaş alan zümrə jurnalistlərdir"
Yadigar Məmmədli: "Azərbaycanda ən az maaş alan zümrə jurnalistlərdir"

"Azərbaycan mətbuatı Orta Asiya mətbuatlarının tirajları ilə müqayisədə çox geri qalır"

Çağdaş Azərbaycan mətbuatı çoxsaylı problemlərin məngənəsində çabalayır... Xüsusən də maliyyə çətinlikləri Azərbaycan jurnalistikası üçün ciddi başağrısıdır. Və hər bir qəzet bu məsələləri müxtəlif üsullar və prinsiplərlə həll edir… Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ilə bu günki söhbətimiz bu problemlər ətrafında olacaq.

- Yadigar bəy, ölkə mətbuatının indiki durumunu necə dəyərləndirirsiniz?
- Azərbaycan jurnalistikası cəmiyyətin üzvi tərkib hissəsi olduğuna görə, cəmiyyətin əsas problemlərini özündə daşıdığna görə hazırkı cəmiyyətimiz hansı durumdadırsa, jurnalistikamız da o gündədir. Bu daha çox bazar iqtisadiyyatı qurmaq kursu seçmiş Azərbaycana xas olan keyfiyyətdir. Yəni ölkədə bazar iqtisadiyyatı qurulur, bu proses eninə və dərininə genişlənməkdədir, amma təəssüf ki, onun bütün özəllikləri tam formalaşmayıb, ən başlıcası isə liberal bazar hələ ki yaranmayıb. Bu da bizim mətbuatımıza çox ağır zərbə vurur. Mətbuat cəmiyyəti maarifləndirmək və informasiya ilə təmin etməklə bərabər həm də biznes sahəsidir və bu sahənin göstəricilərinə görə ayaqüstə qalmalıdır. Mətbuat öz biznesini əsasən reklam yaymaq işi ilə qurur. Ölkədəki bazar iqtisadiyyatı liberallaşmadığına görə, yəni burada hələlik monopoliya qaldığına görə reklam bazarı, demək olar ki, inkişaf eləməyib. Bu da nəticə etibarilə bizim medianın daha güclü, daha da müstəqil olmasına əngəl törədir.
- Sovetlərin zamanında Azərbaycanda müəllimlərə sosial bir zümrə kimi həqarətlə yanaşılardı. Aylıq qazancları az olduğuna görə... İndi bu "həqarət kürsüsü"nə jurnalistlər "oturmalı" olublar. Yenə də aylıq qazanca görə... Jurnalistlərimiz maddi cəhətdən ağır durumdadırlar, çətinliklə dolanırlar. Bu istiqamətdə müsbət dəyişikliklər etmək mümkündürmü?
- Dediyim budur da. Mediamız iqtisadi cəhətdən müstəqil olmadığına görə asılı vəziyyətə düşüb. Hazırda media orqanlarını ayrı-ayrı qruplar, partiyalar və ya fərdlər maliyyələşdirir. Bu da jurnalistlərin yüksək maaş almasına imkan yaratmır. Amma bu başqa bir problemdir ki, Azərbaycanda ən az maaş alan zümrə, bəlkə də, jurnalistlərdir. Biz bu vəziyyətlə bağlı dəfələrlə çıxş etmişik. Hətta ölkədəki hər bir vətəndaş banklardan istənilən krediti götürə bilər. Amma jurnalistlər banklara arayış təqdim edəndə rədd cavabı alırlar, mənzil almaqda ciddi problemləri mövcuddur. Jurnalistlərin maaşları o dərəcədə aşağıdır ki, dövlətdə ən aşağı maaşa malik olan müəllimlərlə həkimlərin malik olduqları imtiyazlardan jurnalistlər məhrumdurlar. Bu, çox acınacaqlı bir haldır. Yəni araşdırmalar aparsaq, məlum olar ki, jurnalistikada çalışan adamların əksəriyyətinin şəxsi mənzili yoxdur. Ya valideynlərigildə yaşayırlar, ya da ki böyük əksəriyyəti kirayənişin kimi yaşayır. Aldıqları maaş ödədikləri kirayəyə bəs etmir. Hələ ailəsini də dolandırmalıdır. Ona görə də cavan jurrnalistlərin əksəriyyəti ailə qurmur. Belə faktlar çoxdur. Bunların hamısı bizim jurnalistikamızın sosial baxımdan çox acınacaqlı halda olduğunu göstərir. İndi ölkədə KİV-in inkişafı ilə bağlı müəyyən işlər görülür və bunları alqışlamaq laızmdır. Bunlar heç də pis addımlar deyil. Və yaxud jurnalistlər üçün evlər tikilir. Bu da alqışlanmalıdır, amma bütövlükdə həll edilməmiş çoxlu problemlər qalmaqdadır. Amma, dediyim kimi, quyuya su tökməklə dolmaz, gərəkdir ki, quyunun özündən də su gələ. Yəni jurnalistlərin yaxşı qazanc əldə etməsi üçün imkanlar yaradılmalıdır. Dünyanın əksər ölkələrində jurnalistlər heç də pis yaşayan zümrə hesab edilmirlər və aldıqları məvacib orta səviyyədə yaşamalarına bəs edir. Amma təəssüf ki, Azərbaycanda belə deyil. Bunun da bircə səbəbəi var. Bu da ondan ibarətdir ki, biz biznes fəaliyyəti ilə məşğul olan bir zümrə kimi bu biznesdən yararlana bilmirik.
- Ölkədə həm iqtidar, həm də müxalifət düşərgəsinə məxsus bir neçə iritirajlı qəzet var. Köhnə mətbuat işçisi kimi deyə bilərsinizmi, tirajla, yəni bu qəzetlərin satışdan gələn qazancları ilə işçilərin maaşlarını ödəmək mümkündürmü?
- Yox, mümkün deyil. Azərbaycan mətbuatı Avropa mətbuatı ilə deyil, yaxın qonşularımızın mətbuatları ilə, məsələn, hətta Orta Asiya mətbuatlarının tirajları ilə müqayisədə çox geri qalır. Düzdür, hazırda hesab edilir ki, çap mətbuatının tirajı getdikcə aşağı düşür. Bunu elektron medianın, internet portalların ortalığa çıxması ilə əlaqələndirirlər. Bu proses bütün dünyada gedir. Amma buna qədər də Azərbaycan mətbuatının tirajı ürəkaçan olmayıb. Bu gün Azərbaycanda 9 milyondan çox insan yaşayır, amma ən yuxarı tirajımız 10 min civarındadır. Mən ciddi mətbuatdan danışıram, əyləncəli mətbuatı nəzərə almıram. Bu o qədər aşağı göstəricidir ki, yaxın ölkələrin heç biri ilə müqayisəyə girə bilmərik. Bu hər zaman bizim üçün baş qaxıncıdır. Qəzetlərimizin tirajlarının aşağı olması... Bəzən qəzet sahibləri deyirlər ki, "Tirajımız aşağı olduğundan bizə reklam gətirmirlər". Bu da doğru fikir deyil. Məsələn, İngiltərədə iki böyük qəzet var - The Guardian və The Sun. İkinci qəzetin gündəlik tirajı milyondan yuxarıdır, amma birincisi 500 mindən az tirajla çıxır. Bununla belə, The Sun qəzeti daha böyük nüfuza malikdir. Burada gedən yazılar hətta dövlətin siyasətinə təsir edə bilir, istefalara səbəb olur. Yəni qəzetin tirajı az olsa da, ictimai rəyə ciddi şəkildə təsir etmək nüfuzu qazanıb.
Bu baxımdan yanaşanda bizdə nə aztirajlı qəzetlərin ictimai rəyə təsir etmək imkanı var, nə də iritirajlı qəzetlərin. Ona görə də Azərbaycan reallığında iri tirajla qəzeti yaşatmaq çox müşkül məsələdir. Buna görə də qəzetlər müəyyən qruplardan və ya fərdlərdən asılı vəziyyətə düşüb. Həm iqtidar qəzetləri, həm də müxalifət qəzetləri. İqtidar özünə yaxın qəzetləri abunə elətdirir, satışa çox da fikir verilmir. Amma son illərin təcrübəsi onu da göstərir ki, mətrbuatın yayımı ilə də bağlı ciddi problemlər yaranıb. Bir çox qəzet köşkləri götürülüb və ya ləğv edilib. Məsələn, Qazax kimi bir rayonun mərkəzində cəmi bir ədəd qəzet köşkü var. Halbuki bu rayonda 100 mindən yuxarı insan yaşayır. İqtisadiyyatda monopoliyanın yaradılması bu sahəyə də ziyan vurub. Bütövlükdə oxucuların sayı azalıb. Bu amil də var. Yəni bu günki Azərbaycan mətbuatının bir çox beynəlxalq göstəricilərdən geridə qalmasının kompleks səbəbləri var. Bizdə oxucu problemi ciddi şəkildə ortalığa çıxıb. Oxucu az olduğundan qəzetlər alınmır. Bu da ona gətirib çıxardır ki, qəzetlər reklam cəlb edə bilmir. Nəticədə işçilərə normal maaş vermək baş tutmur.
- Siz ümumi mənzərəni və səbəbləri yaxşı təsvir etdiniz. İqtidar qəzetlərinin maliyyə mənbəyi bəllidir. Amma müxalifət düşərgəsində elə qəzetlər var ki, onların baş redaktorları nazirlər səviyyəsində həyat tərzi sürür və işçilərə də yaxşı maaş verirlər. Dediyiniz kimi, əgər reklam yoxdursa, bəs onlar bu pulları haradan əldə edirlər?
- Son illərdə, bilirsiniz də, ölkədəki qəzetlərə KİV-ə Dövlət Dəstəyi Fondundan layihələr formasında çoxlu vəsait ayrılır. Bu vəsait az rəqəm deyil. Bir ildə, təxminən, yüz min manatdan yuxarıdır. Bu məbləğ qəzetlərin iqtisadi göstəricilərini xeyli yaxşılaşdırır. İkincisi də, dediyim kimi, siyasi partiyalar da qəzetlərə maliyyə yardımı göstərir. Qəzetlərə müəyyən adamlar da yardım edirlər. Əslində, bu, qanunla yasaq da olunmur. Amma bizdə ən pisi odur ki... Bütün dünyada ən böyük qəzetlərin, telekanalların da arxasında müəyyən adamlar, müəyyən qruplar durur. Bu, ayıb bir şey deyil. Ona görə ayıb deyil ki, həmin şəxslər qəzetə pul qoyub pul götürürlər. Amma təəssüf ki, Azərbaycanda bu məsələlər şəffaf deyil. Rəsmi olaraq bilmirik ki, hansı qəzetin arxasında kimlər durur və onlar bu qəzetə nə qədər və hansı maraqlar əsasında pul verirlər. Amma reallıq budur ki, Azərbaycanda qəzetlərin arxasında duran adamlar ona görə ona pul vermirlər ki, oradan pul götürsünlər. Çünki Azərbaycan mediası bir biznes sahəsi kimi gəlir gətirmək gücündə deyil. Bu pullar yalnız siyasi məqsədlər üçün qoyulur. Siyasilər öz rəqibləri ilə savaşlarında KİV-dən istifadə edirlər. Bu da normal deyil. Dəfələrlə məsələ qaldırmışıq ki, qəzetlərin maliyyələşməsi şəffaflaşsın, amma nəticə yoxdur. Bilinsin də, burada nə var axı? Amma buna nail olmamışıq.
- Deməli, Azərbaycan mətbuatında Azərbaycan cəmiyyətinin maraqları deyil, ayrı-ayrı qrupların mənafeləri ifadə olunur. İstər iqtidar mətbuatı olsun, istərsə də müxalifət... Elə deyilmi? Və bu qruplar da danışanda xalqın adından danışırlar...
- Məsələ bundadır da. Məsələ bundadır ki, qrupların mənafeyinə xidmət etmək qanunla yasaqlanmayıb. Hər kəsin qəzet açmaq imkanı var və qəzeti maliyyələşdirə də bilər. Amma KİV-lə bağlı qanunlarımız da var. Orada göstərilir ki, mətbuat nəyə xidmət etməlidir.
Bunu belə demək olar da: əgər cəmiyyət normal səviyyəyə malik olsa, kiminsə maraqlarına xidmət edən qəzetləri almayacaq və onlar sıradan çıxacaq. Amma düzgün informasiya yayan və maarifləndirmə ilə məşğul olan qəzetlər daha çox alınar. Belə olsaydı, azad mətbuat daha çox inkişaf edə bilərdi. Bax, bu mexanizm düzgün qurulmadığna görə biz bu gündəyik. Yenə də o fikrimə qayıtmalı oluram ki, bu problemləri tənzimləməli olan bazar iqtisadiyyatı liberal və şəffaf deyil. Ona görə də bu dəyərlər ortaya çıxmır və biz belə bir mənzərə ilə rastlaşmalı oluruq.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli