Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 1-də bir ev və həyətyanı sahəyə, 1 fermaya, 4 əkin sahəsinə, 10 partlayış yerinə baxış keçirib. Nəticədə üç partlamamış hərbi sursat aşkar edilərək götürülüb.

ANAMA-nın mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Füzuli rayonunun Horadiz şəhərində iki partlamamış hərbi sursat - 122 millimetrlik top mərmisi və 125 millimetrlik tank mərmisi, Tərtər rayonunun Çaylı kəndində "9M22U qrad raketinin mühərrik hissəsi aşkarlanaraq götürülüb. Gün ərzində 14 min 900 kvadratmetr ərazi təmizlənib.

Ağdam rayonunun Qaradağlı kəndində ev və həyətyanı sahələrdə, əkin sahələrində partlayış yerlərinə də baxış olub. Bu zaman partlamamış hərbi sursat aşkar olunmayıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 1-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 29 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1562 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən üç "POMZ-2, bir "OZM-72 və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.