Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılığa gəliblər.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Ria Novosti agentliyinə bildirib. "ATƏT-in Minsk qrupunun həmsədrləri Vyana və Sankt-Peterburq görüşlərində tərəflərin götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində aktiv çalışırlar. Prezidentlər təmas xətti və Ermənistan-Azərbaycan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılıq əldə ediblər. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin də iştirakı ilə münaqişənin tənzimlənməsi istiqamətində genişmiqyaslı danışıqların davam etdirilməsi planlaşdırılır. Tərəflər arasında gərginliyin azaldılması üçün diplomatiya istiqamətində irəliləyiş labüddür - deyə, həmsədr qeyd edib.