Fəzail Ağamalı: "Radikal müxalifətin Referendumla bağlı fikirləri sabun köpüyündən başqa bir şey deyil

"Azərbaycan dövlətinin əldə etmiş olduğu uğurlar radikal müxalifət tərəfindən hər zaman bu cür top-tüfənglə qarşılanır. 

Bu fikirləri Unikal.org-a müsahibəsində Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri, deputat Fəzil Ağamalı bildirib.

- Fəzail müəllim, ilk olaraq "Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum keçirilməsi qərarına münasibətinizi bildirərdiniz..

- Ölkə prezidentinin Referendumla bağlı təşəbbüsü Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq proseslərin inkişaf etməsinə hədəflənən təşəbbüsdür. Bu təşəbbüs artıq Konustitusiya Məhkəməsi səviyyəsində müsbət həllini tapıb. Ümidvaram ki, sentyabrın 26-da Azərbaycan xalqı bu konstitusiya dəyişikliyinə səs verəcək və onu dəstəkləyəcək. Beləliklə Azərbaycanın siyasi və idarəçilik sisteminin daha da yüksəlməsi və inkişafı üçün yeni imkanlar açılacaqdır.

- Referendum Aktının layihəsində sizi qane etməyən hər hansı maddə varmı?

- Xeyr, yoxdur. Bir daha təkrar edirəm bütün maddələr yuxarıda söyləmiş olduğum hədəflərə yönələn və uğur gətirən dəyişikliklərdir. Təbii ki, burada qeyri-adi nuans axtarmağa ehtiyac yoxdur.

- Bəzi müxalif partiyalar referendumla bağlı tənqidi fikirlər səsləndirirlər. Buna münasibətiniz...

- Onlar öz ənənəvi yanaşmalarından xilas ola bilmirlər. Biz bir qayda olaraq istənilən mübahisələrdə, istənilən qarşıdurmalarda o adam səsini uca qaldırır, o adam təhqiramiz sözlərə əl atır ki, o adam zəifdir, onun əlində konkret əsas, arqument yoxdur. Bu cür adamlar öz fikirlərini əsəbiliklə, çaşqınlıqla və təbii olaraq bu çaşqınlıqdan doğan təhqiramiz ifadələrə əl atmaqla göstərirlər.

Azərbaycan müxalifətinin müəyyən bir qanadı var. Buna radikal qanad deyirlər. Bunlar indiyə qədər təsəvvür edin, 1993-cü ildən üzü bu tərəfə Azərbaycan dövlətinin keçmiş olduğu çox möhtəşəm bir yolda hər hansı bir uğuru etiraf etməsinin şahidi olmusunuzmu? Mən düşünmürəm ki, siz buna şahidlik edəsiz. Çünki bu olmayıb.

Azərbaycanın xarici və daxili siyasətində əldə etmiş olduğu uğurlar ölkəmizin bu gün dünyanın lider dövlətlərinin birinə çevirilməsi, nüfuzunun artması, Cənubi Qafqazda lider dövlətə çevirilməsi kimi faktlar tarixi həqiqətdir. Bu tarixi həqiqət o kəsim tərəfindən heç zaman etiraf olunmur və əksinə Azərbaycan dövlətinin əldə etmiş olduğu uğurlar onlar tərəfindən hər zaman bu cür top-tüfənglə qarşılanır. Çox böyük qısqanclıqlar, müxtəlif fikirlər ifadə olunur. Azərbaycanın çiçəklənməsinə xidmət edəcək Konustitusiyaya dəyişiklikləri Referenduma çıxarılması indi də eyni şəkildə həmin radikal müxalifət tərəfindən ənənəvi şəkildə qarşılanır. Ancaq biz unutmayaq ki, radikal müxalifət cəmiyyətin bu kiçicik, zərrə qədər Azərbaycanın siyasi həyatında yeri olmayan, ictimai-siyasi proseslərə təsir göstərə bilməyən, ictimai rəyin formalaşmasına əhəmiyyətli təsir göstərməyən o radikal müxalifətin söyləmiş olduğu fikirlər sabun köpüyündən başqa bir şey deyil. Cəmiyyətin seçiminə bu və ya digər şəkildə təsir göstərmir. Sadəcə olaraq onlar öz ənənələrinə sadiq qalaraq bir daha dövlətmizin möhkəmlənməsinə bir qısqanclıq ifadə edərək öz anatomiyasını və sağalmayan mərəzini ortalığa qoyurlar.

-AXCP sədri Əli Kərimli Azərbaycanda Referendumun baş tutmaması üçün müxtəlif beynəlxalq təşkilatlara müraciət edəcəyini açıqlayıb. Müxalifət lideri kimi həmkarınızın dediklərinə münasibətiniz necədir?

-Əli Kərimlinin belə bir gücü və imkanları yoxdur ki, Azərbaycanda Referendumun baş tutmasına mane olsun. Sadəcə olaraq hər zaman olduğu kimi ətrafı ilə öz petesiyalarını yaza bilər. Avropa Şurasına, ayrı-ayrı beynəlxalq təşkilatlara bu müraciətlərini edə bilər. Çünki Əli Kərimli və onun tərəfdarları bu gün Azərbaycana qarşı xaricdən fəaliyyət göstərən anti-azərbaycan koalisiyasında yer alıblar. Birmənalı şəkildə adam özünü bu və ya digər şəkildə ifadə etməkdədir. Avropada Azərbaycana qarşı olan öz həmkarları ilə Referendumun keçirilməsinin əleyhinə olacaq hər hansı bir fəaliyyətə cəhd edərlərsə, bunun heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycanda konustitusiyaya dəyişikliyin həyata keçirilməsi Azərbaycan dövlətinin, xalqının müstəsna səlahiyyətidir. Dünyanın müxtəlif ölkələrində müxtəlif zamanlarda cəmiyyət inkişaf etdikcə, siyasi proseslər irəliyə getdikcə, həmin proseslərin cəmiyyətin, dövlətin qarşısına qoyduğu hədəflər olur. Bu hədəflərə çatmaq üçün də təbii ki, konustitusiya dəyişikliyinin həyata keçirilməsi ciddi şəkildə önə çıxır. Eyni cəmiyyət Azərbaycandadır. Ölkəmizi və xalqımızı Avropa Şurası ilə, özünün Avropadakı müttəfiqləri ilə hədələməyin özü mənə elə gəlir ki, milli dəyərlərdən uzaq bir yanaşmadır. Ona görə də, Əli Kərimli özünün həmfikirləri ilə nə qədər cəhd eləsələrdə onlar Azərbaycan xalqının iradəsi qarşısında hər hansı bir nəticəyə gələ bilməyəcəklər. Çünki onlar dəfələrlə bu cür addımlar atıblar və bunun qarşısında Azərbaycan xalqının, dövlətinin iradəsi olub və bu iradə də hər zaman qalib gəlib.Hesab edirəm ki, sentyabr ayında da keçiriləcək Referenduma Azərbaycan xalqı bir daha öz dəstəyini verəcək.

-Referendumun keçirilməsi ilə bağlı növbəti müxalifət-iqtidar görüşü baş tuta bilərmi?

-Bunu dəqiq deyə bilmərəm. Azərbaycanda müxalifət çox qütüblüdür. Bu gün Azərbaycanın aktiv müxalifətinin xeyli hissəsi parlamentdə təmsil olunurlar. Bu və ya digər məsələlər ətrafında orada təmsil olunan bütün partiyalar dəfələrlə bir araya gəliblər, fikir mübadiləsi aparıblar. Fikir mübadiləsi müxtəlif olsa da, biri digərini təkrarlamasa da, hərə öz fikirlərini söyləyib. Sonda konsturiktiv müzakirə gedib. Parlamentdən kənar müxalifət- iqtidar dialoqunun olub-olmaması haqda mən hər hansı bir fikir söyləmək iqtidarında deyiləm. Çünki bu mənim səlahiyyətim daxilində olan məsələ deyil.

-Bəzi deputat həmkarlarınız Mehriban Əliyevanın birinci vitse-prezident olmasını təklif edirlər. Sizin buna münasibətiniz necədir?

-Təbii ki, Mehriban xanım bu gün Azərbaycanda və beynəlxalq aləmdə kifayət qədər nüfuza malik olan ictimai xadimdir. Azərbaycan dövlətçiliyinə çox mühüm töhfələr verən bizim həmkarımızdır. Ancaq bu məsələnin həlli ölkə prezidentinin səlahiyyətində ola bilər və gəlin, biz İlham Əliyevin gələcək səlahiyyətinə hörmətlə yanaşaq.