Azərbaycan ailələri niyə dağılır?
Azərbaycan ailələri niyə dağılır?

5 ildir ailəli olan Kamilə və Vüqarın ailəsi xəyanət nəticəsində dağılıb. Kamilə ilə Vüqarın ayrılığını eşidən hər kəs əvvəlcə bu işdə kişinin günahkar olduğunu düşünmüşdü. Amma bu nümunədə vəziyyət fərqli idi. Misal çəkdiyimiz ailənin dağılmasına səbəbkar qadın olub. Kamilə 5 illik həyat yoldaşı, 2 övladının atasını başqa birinə dəyişib. Məhkəmə qərarı ilə övladlar atanın himayəsinə verilir, uşaqlar ancaq həftəsonları analarını görmək imkanına malik olurlar. Kamilənin yaxınları onun çox peşman olduğunu deyirlər, amma artıq çox gec idi.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərdən də görərik ki, Azərbaycanda Kamilənin taleyini yaşayan qadınların sayı az deyil. Düzdür bu cür qadınların ərlərindən boşanmasına səbəb xəyanət deyil. Ancaq istənilən halda nəticə eynidir və həmin qadınlar dağılmış ailənin tərkib hissədirlər. DSK-nın məlumatına görə, Azərbaycanda son bir ildə boşanmaların sayı 19% artıb. Ötən il Azərbaycanda rəsmi orqanlar tərəfindən 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər, boşanmaların sayı isə 1-dən 1,2-yə qədər artıb. Deməli, nikahların sayı 12,7%, boşanmaların sayı isə 19,1% artıb.
Rəsmi qurumlar boşanmaların statistikasını aparsalar da təəssüf ki, belə halların səbəbləri haqda heç bir informasiya toplanmır. Boşanmaların səbəbləri ilə bağlı maddi məhrumiyyətdən tutmuş, ənənəvi ailə modelinin sıradan çıxması səbəb kimi göstərilir. Bəzi ekspertlər boşanmaların sayının artmasını Azərbaycanda ailə institutunun dağılması ilə izah edirlər.

Psixoloq nə deyir?

Psixoloqlar isə da hesab edirlər ki, boşanmaya səbəb olan ən əsas problemlərdən biri də ailədə ərlə arvad arasında intim uyğunsuzluqdur. Psixoloq Elmir Əkbər boşanmalara səbəb olan digər faktor kimi ailəyə kənar müdaxilələri hesab edir: "Sadaladığımız faktorlar ailələr dağılmasında mühüm rol oynayır. Bundan başqa, maddi vəziyyət boşanmalara səbəb olur. Bundan başqa ailə qurmağa hazırlaşan gənclər hansı məsuliyyətin altına girdiklərinin fərqinə varmırlar. Güclü mənəviyyat və əxlaq, şəxsiyyəti formalamış insanın qurduğu ailə çox möhkəm olar. Asanlıqla dağılmaz".

İlahiyyatçı maddi
vəziyyəti əsas gətirir

İlahiyyatçı İsmayıl Əhmədov isə boşanmalara səbəb kimi maddi vəziyyəti irəli çəkir. İlahiyyatçının verdiyi məlumata görə, əxlaq anlayışı İslam dinində də ön plana çəkilir: "İnsanların boşanmaya adi hal kimi yanaşması əxlaqlarında olan boşluqlardan irəli gəlir. İslama görə, Allahın ərşinin lərzəyə gəldiyi hallardan biri də boşanmadır. İslamda bəzi zəruri və istisna hallar var ki, boşanmaya icazə verilir. Məsələn, dini nöqteyi-nəzərdən tərəflərdən biri İslamdan çıxarsa, həmin halda onlar bir-birilərinə naməhrəm olurlar və kəbinləri avtomatik pozulur. Bundan başqa, tərəflərdən biri yoluxucu xəstəliklərə yoluxubsa, gələcək övladların da xəstə doğulmaması üçün boşanmaya icazə verilir. Daha sonra cinsi nöqsan da dini tərəfdən tərəflərin ayrılmasına icazə verir. Həmçinin yetkinlik yaşına təzə çatmış qızların ərə verilməsi də bu faktorlardan biridir".
İsmayıl Əhmədov şəriətdə qızların yetkinlik yaşına çatandan sonra ərə getməsinə icazə verildiyini ancaq bəzi insanların bunu səhv başa düşdüyünü hesab edir. "İslam deyir ki, əsas ideoloji yetkinlikdir, insanlar nə üçün ailə qurduqlarını dərk etməlidirlər. Onlar başa düşmürlərsə, başa salmaq lazımdır. Azərbaycanda bu sahədə də boşluqlar var. Cəmiyyətimizdə ata-oğul münasibətləri arasında böyük sədd var, bu isə lazımsızdır", - deyə İsmayıl Əhmədov bildirib.
İlahiyyatçı ailə qurarkən nəzərə alınmalı olan daha bir önməli məqamın isə qızlarla oğlanlar arasında yaş fərqi olduğunu deyir. İsmayıl Əhmədov ailə quran zaman qızın oğlandan ən azı 1-2 yaş kiçik olmalı olduğunu bildirir: "Bu məqam həm fiziki, həm də əqli cəhətdən mühümdür. Bu tələb eyni zamanda onların maddi vəziyyətlərinə də şamil edilir. Ailə quran şəxslərin maddi vəziyyətləri bərabər olmasa da, bir-birilərinə yaxın olmalıdır".

Və rüşvət!

Boşanmalara səbəb kimi əsasən xəstəlikləri də misal gətirirlər. Milli Məclis bu mənada problemin qarşısını almaq üçün müvafiq addım atmağı planlaşdırır. Belə ki, qanunvericiliklə nikahdan əvvəl tibbi müayinənin zəruri olması nəzərdə tutulub. Milli Məclisdə keçirilən sosial dinləmələrdə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, nikaha girənlər pulla arayış alarlarsa, Cinayət Məcəlləsinə görə məsuliyyət daşıyacaqlar: "Saxta arayış verən həkim cəzalandırılacaq. Artıq bu barədə layihə hazırlanır".
Ümid edək ki, bu istiqamətdə atılan və atılacaq bütün addımlar ölkəmizdə qurulan ailələrin dağılmasının qarşısını alacaq.
Sevda Cəlilli