İrandan Gürcüstana təbii qaz nəqlinə dair müqavilə imzalanıb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, imzalanmış müqavilə 4 ay müddətinə qüvvədə olacaq və ümumilikdə İrandan Gürcüstana 40 milyon kubmetr qaz ixrac olunacaq.

Ötən həftə İran və Ermənistan arasında bu ölkədən İran qazının tranzitinə dair razılıq əldə olunandan sonra İran Gürcüstanla sınaq müddəti üçün qısa müddətli müqavilə imzalayıb. Müqavilə İranın Milli Qaz şirkəti ilə Gürcüstanın GIEC qaz şirkəti arasında imzalanıb. Müqavilənin vaxtının uzadılması və böyük həcmdə qazın Gürcüstana nəqli məsələsi Ermənistandan lazımı icazələr alınandan sonra mümkün olacaq.
GIEC şirkəti 2005-ci ildə fəaliyyətə başlayıb, baş ofisi Tbilisidə yerləşir. Şirkət sənaye müəssisələrinə qaz tədarükü və enerji daşıyıcılığı və istehsalı sahəsində fəaliyyət göstərir.

Qeyd edək ki, İranın neft naziri Bijən Namdar Zəngənə ötən həftə elan edib ki, İran Ermənistan ərazisindən Gürcüstana qazın tranzitinə dair sınaq müqaviləsini tezliklə icra edəcək.