Unikal.org Bakı Slavyan Universitetinin yeni rektoru, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyevanın Modern.az saytına müsahibəsini təqdim edir:

- Nurlana xanım, bilmək olarmı, Bakı Slavyan Universitetində hansı yeniliklər gözlənilir?

- Universitetimizdə bütün sahələrdə yeniliklər gözlənilir. Həm universitetin maddi texniki bazasının zənginləşməsində, təmir işlərində, tədris işlərində yeni islahatların tətbiqi məsələsində, universitetin struktur bölmələrinin yeniləşməsində, həm də ştat cədvəlində yeniliklər olacaq.
Bizim universiteti Azərbaycanın digər universitetləri ilə müqayisə etsək, ayrı-ayrı ölkələrin universitetləri ilə əlaqələr çox sıxdır. Xüsusilə Rusiya, Ukrayna, İran, Latviya, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Sloveniyadakı və digər ölkələrin universitetləri ilə Bakı Slavyan Universitetinin geniş əlaqələri var. Hər il sadaladığım ölkələrdəki universitetlərlə tələbə mübadiləsi aparılıb. Bundan əlavə əcnəbi müəllimlər gəlib Bakı Slavyan Universitetində dərs keçirlər. Müxtəlif müştərək layihələr işlənilir. Kollektivimizin nümayəndələri qrantlar hesabına universitetimizə gəlir gətirir. Professorlarımız var ki, onlar xarici ölkələrin universitetlərində də tanınmış insanlardır. Müxtəlif dilləri yüksək səviyyədə bilən professorlarımız, xarici universitetlərlə birgə müştərək layihələr həyata keçirlər. Ümumiyyətlə, xarici ölkələrlə əlaqələrimiz çox sıxdır. Mən belə hesab edirəm ki, bu il Bakı Slavyan Universitetinin 70 illik yubileyində əlaqələr daha da genişlənəcək. Müştərək fəaliyyət üçün proqram hazırlayacayıq. Həmin universitetlərin jurnallarının nəşri, tanınmış yazarların əsərlərinin Azərbaycan dilinə tərcüməsi və yaxud Azərbaycan dilli əsərlərin başqa dillərə tərcümə olunmasını həyata keçirəcəyik. Ümumiyyətlə, müxtəlif istiqamətlərdə əlaqələri genişləndirmək fikrindəyik.
Cənab Prezidentimizin sərəncamı ilə elan olunmuş "Multikultiralizm ilinə uyğun olaraq yeni tədris ilindən universitetin müəllim və tələbələrlə birlikdə tədbirlər keçirəcəyik. Bütün dünyaya görəcək ki, Bakı Slavyan Universiteti multikultural dəyərlərin beşiyidir. Universitetimizdə çoxsaylı mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin işini genişləndirəcəyik.

"Bakı Slavyan Universitetində hər kəs layiq olduğu yerdə çalışacaq

- Kadr məsələsində nələrə üstünlük verəcəksiniz?

- Bakı Slavyan Universiteti 70 ilini qeyd edəcək. Bu universitet oturuşmuş ali təhsil müəssisəsidir. Hər şey qanunlar çərçivəsində olacaq. Bu universitet həm də burada çalışan professor, müəllim heyətinindir. Demək istədiyim odur ki, hər kəs layiq olduğu yerdə çalışmasına davam edəcək.

- Tələbə mübadiləsində hansı yeniliklər gözlənir?

- Universitetimizdə bu vaxta qədər tələbə mübadiləsi olub. Biz bu mübadilələrin sayını artıracağıq. Mən belə düşünürəm ki, mərkəzlərimizdə işləyən müəllimlərimiz Türkiyə, Rusiya və İranın universitetlərində böyük elmi fəaliyyətlə məşğul olacaqlar və həmin ölkələrdən bizim universitetdə təhsil almaq istəyən əcnəbi tələbələrin sayı artacaq.
Bizim tədbirlər proqramımızda bu kimi xeyli məsələlər var.
Universitetimizin 145 nəfər əcnəbi tələbəsi və 7 nəfər əcnəbi müəllimi var.
Növbəti tədris ilində əcnəbi tələbələrin sayını 2-3 dəfə artırmaq barədə iş aparırıq.

- Ölkəmizdəki universitetlərdə imtahanlar müxtəlif formada, test üsulu və yazılı formada həyata keçirilir. Siz bu sahədə hansısa yeniliklər edəcəksiniz?

- Bir ara universitetlərdə tələbələr semestr imtahanlarını kompüter vasitəsi ilə verirdilər. Daha sonra o üsul özünü doğrultmadı, universitetlərin əksəriyyətində, bizim də universitetdə imtahanlar yazılı formada həyata keçirilir. İmtahanların obyektiv yoxlanılması üçün tələbənin adı olan hissə kəsilir, yoxlandıqdan sonra yenidən əlavə edilir. Hələlik imtahanlar bu şəkildə davam edəcək. Biz təhsildə olan yeniliklərin ən yaxşı cəhətini tətbiq etməyə çalışırıq. Universitetimizdə yeganə meyar bilik olacaq.

- Bakı Slavyan Universitetinə qəbul sayı sizi qane edirmi?

- Bu il biz Slavyan Universitetinə 990 qəbul planı vermişik. Ötən il universitetimizi seçənlərin sayı nəzərdə tutulandan 330 nəfər az olub. Görünür ki, bizim təbliğata daha çox ehtiyacımız var. Ona görə də müxtəlif vasitələrlə universitetimiz barədə reklamlar verdik. Dediyim kimi, bu il 990 yer ayırmışıq. Amma nə qədər qəbul olacaq, müvafiq qurumun açıqlamasından sonra bu, bilinəcək.

"Rektorluq siyasi fəaliyyətimə mane olmayacaq

- Yeni Azərbaycan Partiyasını yaradanların içində sizin də adınız var. Bu gün partiyanın İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədrisiniz. Bilmək istərdik, rektorluq işi bu sahədə fəaliyyətinizə mane olmayacaq ki?

- Hesab edirəm ki, rektor işi siyasi fəaliyyətim üçün heç bir maneçilik etməyəcək. Əksinə, düşünürəm ki, bu, həm universitet, həm də partiyamızın xeyrinə olacaq. Yeni Azərbaycan Partiyası dövlətçiliyimizlə sıx bağlıdır, dövlətçiliyimizlə qoşa qanad kimidir. Gəncliyimizi dövlətçilik ruhunda böyütmək isə bizim əsas işimizdir.

- Gələn ay keçiriləcək referendumla bağlı da sizin fikirlərinizi bilmək istərdik.

- Bu, bizim vətəndaşların mənəvi haqqı, həyat tərzi, onların hüququnun qorunması istiqamətində atılan bir addımdır. Bu, cəmiyyətimiz üçün çox vacib bir məsələdir. Bu məsələnin həyata keçirilməsində hər bir vətəndaşın rolu olacaq. Güman edirəm ki, bu, dövlətimiz üçün çox dəyərli bir referendumdur.

- YAP Qadınlar Şurasının sədri olaraq Azərbaycan cəmiyyətində qadınların rolunu necə qiymətləndirirsiniz?

- Mən bir çox xarici ölkələrdə tədbirlərdə iştirak etmişəm. Ümumiyyətlə, demək olar ki, bu gün qadınların fəallığı bütün dünyada diqqəti çəkən dərəcədədir. Bu gün qadınlar öz hüquqlarının, öz həyatlarının sahibidirlər. Hətta dünyada baş verən hadisələrdə rol oynamaq iqtidarındadılar. Dünya qadınlarının ən gur nöqtəsində Azərbaycan qadınları addımlayır. Azərbaycan qadını haqqında danışarkən Ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini mütləq qeyd etməliyik. Mən onun fəaliyyətini Azərbaycan mədəni irsinin hamisi kimi qiymətləndirirəm. O, mədəniyyətimizi dünyaya təbliğ etməklə Azərbaycan anasının səviyyəsini, mütərəqqi cəhətlərini sərgiləmiş oldu.

- Nurlana xanım, yeri gəlmişkən, siz universitetə rektor təyin olunandan sonra mətbuatda haqqınızda müxtəlif yazılar yer almağa başladı. Buna münasibətiniz necədir?

- Buna qısa münasibətim belədir, "Barlı ağaca çox daş atanlar olur. Mən heç nəyə fikir vermədən başımı aşağı salıb işimi görürəm. Prezidentimiz mənə etimad göstərib, mən də bu etimadı doğrultmağa borcluyam. Kənardan kiminsə nə deməsi mənə o qədər də maraqlı deyil.
Hesab edirəm ki, barəmdə yanlış məlumat, şər-böhtan yayanlar bunu paxıllıqdan, gözü götürməzlikdən, qeyri-insani duyğulardan edirlər. Bu paxıllıqların, şər-böhtanın başında oxumuş, elmli insanları görəndə çox rəncidə oluram. Çünki insan o vaxt bəsit olar, o vaxt paxıl olar ki, onun biliyi, onun təfəkkürü naqis olsun. Amma oxumuş, təhsilli adamlar bunu edirsə, belə adamlara yazığım gəlir.

"Qanuni bir işi, yeniləşməni nədən böyük bir qalmaqala çevirirlər?"

- Universitetdə aparılan tikinti işləri ilə də bağlı bəzi fikirlər ortaya atıldı. Universitetin girişindəki mozaikanın sökülməsi qanuna uyğundurmu?

- Universitetin fasadında mozaika var idi. Orada dahilərimizdən Nizami Gəncəvinin, Üzeyir Hacıbəylinin, Natəvanın, Mirzə Ələkbərin kiçik daşlardan düzəldilmiş şəkli var idi. Bu mozaikalar keçən əsrin ortalarında dəbdə idi. Sovet ideologiyasının incəsənətini təbliğ edən sənət əsəri idi. Universitetin fasadında olan bu mozaika qəza şəraitində, təhlükə ərəfəsində idi. Onun kənarında olan şəbəkələr bir-bir düşürdü. Xoşbəxtlikdən daşlar bu günə qədər heç kimə xəsarət yetirməyib. Bu mozaika 1972-ci də quraşdırılıb. Biz onu ya yüksək məbləğli maliyyə hesabına bərpa etməli idik, ya da yeni üslubda inşa etməli idik. Ona görə də biz Təhsil Nazirliyinin razılığı ilə bura memar dəvət etdik. Universitetin girişini Şərq üslubuna uyğun inşa etməyə qərar verdik. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinə müraciət elədik. Onlar bizə cavab verdilər ki, bu universitetin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınmayıb və onun üstündəki mozaika da bədii əhəmiyyət kəsb etmir. Biz bu məktubdan sonra Bakı Şəhər icra hakimiyyətinə müraciət etdik, onlar da söküntüyə icazə verdilər. Başa düşə bilmirəm, qanuni bir işi, yeniləşməni nədən böyük bir qalmaqala çevirirlər?
Heç olmasa mətbuat ədalətli olmalıdır, yazdığı yazı haqqında araşdırma aparmalıdır. Mətbuat işçisi haqq axtaran olmalıdır. Ancaq bu yolla hörmət qazanmaq olar. Amma görürük ki, bəzi mətbuat nümayəndələri şər-böhtanla gündəmə gəlmək istəyirlər.

- Növbəti illərdə Bakı Slavyan Universitetinin tələbəsini necə görəcəyik?

- Məni tanıyanlar Azərbaycan Dövlət Pedaqoji Kollecindəki fəaliyyətimə də bələddirlər. Orada tələbələr üçün vahid forma tətbiq edilirdi. Səbəbi bu idi ki, tələbə geyim zamanı öz milli mentalitetini unutmasın. Bu formanın tətbiqi tələbənin əsas diqqətinin dərsinə yönəltməsinə gətirdi. Heç kim başqasının geyiminə həsəd aparmadı, qibtə etmədi, verilən dərsin də çox faydası oldu.
Təhsil Nazirimiz Mikayıl Cabbarov nazir təyin olunandan bir müddət sonra müəllimlərimiz üçün korporativ geyim təqdim olundu. Mən bunu çox yüksək qiymətləndirirəm. Mənim təsəvvürümdə müəllim zahiri görkəmindən tutmuş daxili bütövlüyünə qədər müəllim olmalıdır. Müəllim tələbələrə nümunə olmalıdır, geyimi ilə diqqəti cəlb etməməlidir.
Ancaq universitetdə hələ ki, heç bir geyim forması tətbiq edilməyib.
Sizə onu deyə bilərəm ki, bir ildən sonra Bakı Slavyan Universitetinin tələbəsinin üzündə bir razılıq görəcəksiniz, sevinc görəcəksiniz. Heç bir şeydən nigaran, narahat olmadan başlarını aşağı salıb dərslərini oxuyacaqlar. Tələbə müəllim münasibətlərində böyük bir şəffaflıq, hörmət olacaq. Tələbələr Bakı Slavyan Universitetinin məzunu olmaqdan qürur hissi keçirəcəklər. Bir sözlə, Bakı Slavyan Universitetini tələbələri xoşbəxt tələbə olacaqlar.