Millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov şair Salam Sarvanın partiya sıralarına qoşulmaq istəyinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, millət vəkili "Qafqazinfoya açıqlamasında bildirib ki, şair təşkilata üzv olmaq üçün rayon təşkilatına müraciət etməlidir və bu məsələyə orada baxılmalıdır. Belə ki, istənilən vətəndaşın konstitusiyada göstərildiyi kimi azad birləşmək hüququ var:

"Salam Sarvanı əvvəllər, cavan vaxtlarında tanıyırdım. Lakin sonrakı fəaliyyətini izləməmişəm. YAP-ın 700 mindən çox üzvü var. Onların arasında millət vəkili, nazirlər, şairlər, fermerlər, bir sözlə, bütün kateqoriyadan olan insanlar var. Yaşı 18-ə çatmış istənilən vətəndaş, istənilən partiyaya üzv yazıla bilər.

Qeyd edək ki, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə AzNews.az-a açıqlamasında bildirib ki, şairi partiyaya böyük məmnuniyyətlə qəbul edərlər:

"YAP-a üzv olmaq istədiyini bildirirsə, bu, əlbəttə ki, bizi sevindirir. Salam Sarvanı şəxsən tanıyıram və münasibətimiz var. Onun yazılarını, şeirlərini oxumuşam. Daxilində həmişə vətənpərvərlik, problemlərlə bağlı narahatlıq hissi var".