İstanbulun "Qalatasaray futbol klubunun hücumçusu Lukas Podolski on iki illik Almaniya millisindəki karyerasını başa vurub.

Unikal.org xəbər verir ki, 31 yaşlı futbolçu bu qərarını özünün sosial şəbəkədəki səhifəsində açıqlayıb.

Polşa əsilli futbolçu bildirib ki, milli karyerasını başa vursa da, qəlbindəki Bundestim sevgisi əbədidir: "Yığmada yaşadığım hər təəssüratdan qürur duyuram. Yığma komanda daim qəlbimdə olacaq. Burada çox böyük uğurlara nail oldum. Millidəki bütün komanda yoldaşlarıma, baş məşqçilərim - Rudi Föller, Yurgen Klinsmann və xüsusilə də Yoahim Lövə təşəkkür edirəm. Ən böyük təşəkkürüm isə ən pis vaxtda da məni dəstəkləyən azarkeşlərə düşür. Artıq mən də bu komandanın böyük azarkeşi olacağam. Almaniya millisinə gələcəkdə də böyük uğurlar arzulayıram.

Qeyd edək ki, 2004-cü ildən Almaniyanın əsas yığmasının şərəfini qoruyan Podolski Bundestimdə keçirdiyi 129 oyunda 48 qol vurub. O, 2014-cü ildə dünya çempionu, 2006 və 2010-cu illərdə mundialın bürünc mükafatçısı, "Avro-2008in isə finalçısı olub.