Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində daha 56 nəfər şübhəli şəxs tutulub.

Unikal.org report-a istinadən bildirir ki, onlardan 18 nəfəri ölkənin Adana şəhərində saxlanılıb.

Məlumata görə, həmin şəxslər FETÖ-nu maliyyələşdirməkdə şübhəli bilinirlər. Tutulanlar arasında Adana Təhlükəsizlik İdarəsi rəisinin keçmiş müavini İsmail Bilgin, polis əməkdaşları, həkimlər və müəllimlər də var.

FETÖ-nun dövlət çevrilişi cəhdi ilə bağlı başlanılan cinayət işi üzrə bir müddət əvvəl TRT kanalının 43 əməkdaşı saxlanılmışdı. Saxlanılan şübhəlilərdən 19 əməkdaş barəsində həbs qəti imkan tədbiri seçilib, 20-nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Televiziyanın 4 əməkdaşı isə prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.

Ölkənin Mardin bölgəsində FETÖ-yə bağlı "əyalət və rayonun abi və ablaları"ından ibarət 22 nəfərlik dəstə saxlanıldığı haqda məlumat yayılıb. Onlardan 19-u barəsində həbs qəti imkan tədbiri seçildiyi bildirilib. Məlumata əsasən, onların 9-u müəllim, 3 tibb bacısı, biri isə yüksək vəzifəli zabitdir.