Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə sonuncu 2 medal dəsti uğrunda yarışlar olacaq.

Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin bu növdə mübarizə aparan iki idmançısının da rəqibləri bəlli olub.

Belə ki, 97 kq çəkidə gücünü sınayacaq Xetaq Qazyumov turnirə təsnifat mərhələsindən start verəcək. İki Olimpiadanın (Pekin-2008 və London-2012) və dünya çempionatının bürünc, Avropa çempionatının gümüş, "Bakı-2015" Avropa Oyunlarının isə qızıl mükafatçısı olan pəhləvanımızın rəqibi Polşa güləşçisi Radoslav Baran olacaq. Görüş saat 15:46-da start götürəcək.

Digər təmsilçimiz Toğrul Əsgərov isə komanda yoldaşından fərqli olaraq yarışlara 1/8 finaldan başlayacaq. London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionunun ilk rəqibi isə ukraynalı Andrey Kvyatovski olacaq. Görüş 15:54-də başlayacaq.