Xəbər verdiyimiz kimi, Xızı rayon Qarabulaq bələdiyyəsinə məxsus torpaq sahəsində baş vermiş və sonradan geniş ərazini əhatə edərək Qarabulaq meşəbəyliyinin 5 saylı dolayına keçmiş yanğın gecə saat 2 radələrində tamamilə söndürülüb.

Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova yanğının səbəblərini sosial şəbəkədəki səhifəsində açıqlayıb:

"Əfsuslar olsun ki, çoxlu, yalançı təbiət dostları yaranıb. Belə ki, özlərini müasir avropasayağı "təbiətsevər sayan, lakin ömründə bir ağac belə əkməyən, buna rəğmən təbiət adından sui-istifadə edərək 30 manat civarında vəsait müqabilində öz qazancını güdərək turist yığıb təbiət qoynuna, meşələrə aparan, heç bir təhlükəsizlik qaydalarına riayət etməyən, ətraf mühitə qayğı ilə yanaşmayan özərini "təbiət dostları adlandıranlar meşədə kef edib kabab bişirmək üçün ocaq qalayırlar.

O qeyd edib ki, nazirlik işçiləri yanğını çətinliklə söndürüblər:

"Bunun nəticəsində, yəni "kabab istirahəti belə acınacaqlı meşə yanğınlarına səbəb olur. Yəni söndürülməmiş ocaq meşələrimizi bir andaca "kabab istirahətinin qurbanına çevirir. Belələrinin törətdikləri meşə yanğınları tüğyan edərkən indi onlar öz evlərində kompüter arxasinda oturub ağızlarına gələnləri yazıb guya, təbiəti sevənlər kimi danışaraq Ekologiya Nazirliyini günahlandırıb bəsit və haqsız ittihamlar irəli sürürlər. ETSN-nin fədəkar işçiləri isə bu istidə indiyədək orda bu dırnaqarası təbiətsevərlərin yaramaz əmələrinin nəticələrini aradan qaldırırlar. Bizim fədəkar işçilərimizin qarşısında baş əyirəm. Bu şəraitdə gecə vaxtı həyatları bahasına alovun qarşısına çıxıb onu söndürənərə ən azı AFƏRİN deyirəm. Sağ olun.