Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərov prezident İlham Əliyevə müraciət edib.

Unikal.org-un AzVision.az-a istinadən məlumatına görə, Qardaşxan Əsgərov oğlunun girovluqdan xilas edilməsi üçün ölkə başçısından kömək istəyib.

"Prezidentdən xahiş edirəm ki, oğlumun geri qaytarılmasında bizə yardım etsin. Dilqəmi 3 ildir ki, görmürəm. Oğlum öz ata-baba torpaqlarına gedib. Ora mənim ata yurdumdur. İnanıram ki, prezidentimiz bu məsələdə bizə kömək edəcək. Bir ata kimi arzulayıram ki, mənim meyitimi yerdən oğlum Dilqəm götürsün.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər.
Qondarma "məhkəmənin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.