Qazaxıstanın paytaxtı Astana şəhərində "Nüvə silahından azad dünyanın inşa edilməsi adlı beynəlxalq konfrans keçirilir.

Unikal.org-un məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qatıldığı tədbirdə 51 ölkə və 20 beynəlxalq təşkilatdan 1000 nəfər iştirak edir.

"ATƏT PA, dünyanın nüvə silahı təhlükəsizliyinin təmin olunmasında, bu konfransın mühüm rolunu tam dəstəkləyir, - deyə konfransın Plenar iclasında çıxışına başlayan ATƏT PA-nın vitse prezidenti Azay Quliyev bildirib ki, bu tədbir, nüvə silahının yayılmaması və tərksilah məsələlərinə parlamentarilərin cəlb olunmasına, həmin sahədə mövcud vəziyyətin öyrənilməsi, eləcə də ümumi planların hazırlanmasına şərait yaradacaq.

A.Quliyev 29 avqust 1991-ci il- nüvə silahının sınağı üçün nəzərdə tutulan poliqonun bağlanması və dünyanın dördüncü ən böyük silah arsenalından könüllü olaraq imtina edən Qazaxıstan təcrübəsini xatırladaraq deyib ki, bu, nüvə silahının tərksilah edilməsi prosesinə, Qazaxıstanın və xüsusilə Prezident N.Nazarbayevin böyük töhfəsidir və nüvə silahsızlaşdırılması qlobal hərəkatında digər liderlərin dəstəyi üçün Qazaxıstan Prezidenti tərəfindən mükafat təsis edilməsi ilə bağlı sessiyada səslənən ideyanı dəstəklədiyini də qeyd edib.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, Suriyada, son zamanlar baş verən kimyəvi silahın istifadəsi halları və nüvə materiallarının qaçaqmalçılıq cəhdləri fonunda, bütün mülki obyektlərin və nüvə materiallarının, beynəlxalq, regional və milli səviyyədə təhlükəsizliyinin təmin edilməsində tətbiq edilən standartların qorunub saxlanılması üçün əlavə tədbirlərin görülməsi vacibdir: "Nüvə silahının yayılmaması haqqında müqaviləyə bütün dünya ölkələrinin qoşulması prioritet məsələdir. Qoşulmayan dövlətlər təxirəsalmadan müqaviləyə qoşulmalı, nüvə silahının əldə edilməməsi sahəsində beynəlxalq öhdəlikləri öz üzərlərinə götürməli və bütün nüvə fəaliyyətlərinə dair Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən tərtib edilən təlimatları icra etməlidirlər. Fukuşima Dayıçı faciəsi bir daha onu göstərir ki, bu cür nüvə qəzaları milli sərhədlərlə məhdudlaşmır. Nüvə qurğularının təhlükəsizliyini təmin etmək məqsədilə, milli səviyyədə müvafiq təhlükəsizlik tələblərinin hərtərəfli təminatı vacibdir. Mümkün nüvə qəzasının coğrafi xüsusiyyətləri və trans-milli ekoloji təsirləri nəzərə alınmalıdır. Belə ki, xüsusən seysmik zonada yerləşən və köhnəlmiş nüvə reaktorları işlədən dövlətlər, öz enerji təhlükəsizliyindən əlavə, regional təhlükəsizlik barədə də düşünməlidirlər. Bu xüsuda, silahlara nəzarət, sərhədlərin mühafizəsi (idarəçilik) və terrorçuluqla mübarizə sahəsində, ATƏT-in əldə etdiyi böyük təcrübə, qeyd olunan çağırışlara səmərəli tətbiq edilə bilər.
ATƏT-in üzv ölkələri nüvə silahının yayılmaması haqqında ATƏT-in Afina Nazirlər Bəyannaməsi (2009) və Astana Bəyannaməsində (2010), kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması öhdəliklərini öz üzərilərinə götürdüklərini və 1540 saylı qətnamənin regional səviyyədə tətbiqinin asanlaşdırılması səylərinə dəstək olacaqlarını bir daha təsdiqləmişlər.
Qeyd edək ki, Astanada keçirilən beynəlxalq konfrans son illər nüvə silahının qadağan olunması, regional əməkdaşlıq baxımından keçirilən ən böyük miqyaslı tədbirlərdəndir. Konfrans işini 31 avqustda yekunlaşdıracaq.