Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə qalıb.

RTV (Region TV) xəbər verir ki, Quba rayonunun Xınalıq kəndinə gələn turistin dağlıq ərazidən çıxarılmasına Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.

Rusiya vətəndaşı 38 yaşlı Svetlana Kuliniç Xınalığa sentyabrın 1-i gəlib. Şimal bölgəsinə yağan leysan yağışları nəticəsində Xınalıq kəndinə gələn yolu sel apardığından turistin geri qayıtması mümkünsüz olub. Hadisə ilə bağlı Quba Turizm İnformasiya Mərkəzinə və digər müvafiq təşkilatlara müraciətdən sonra əcnəbi turistin dağlıq yaşayış məntəqəsindən çıxarılması üçün əraziyə helikopter cəlb olunub.

Günorta saat 11:30 radələrində Svetlana Kuliniçi Xınalıqdan gətirən helikopter Xaçmaz şəhər stadionunda yerə enib.

"Azərbaycana avqustun 30-da gəlmişdim. Xınalığa isə sentyabrın 1-də getdim. Bir gün qalmağı planlaşdırırdım. Gecə dəhşətli yağış yağdı. Səhər məlum oldu ki, körpü dağılıb və qayıtmaq mümkün deyil. Düzünü desəm, bir turistə bu qədər diqqət ayrılacağını gözləmirdim. Baş verənlərə hələ də inana bilmirəm", - deyə Svetlana Kuliniç RTV-yə (Region TV) müsahibəsində bildirib.

Rusiyalı turist Xaçmaz beynəlxalq avtovağzalından Bakı şəhərinə yola salınıb. Xınalıq sakinlərindən aldığımız məlumata görə, kəndin ərazisində başqa turist yoxdur.