Xəbər verdiyimiz kimi,sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə zəhərlənmə diaqnozu ilə 50-dən çox xəstə daxil olub. Zəhərlənmənin dəqiq səbəbi bilinmir.

Unikal.org xəbər verir ki, zəhərlənənlərin yaxınları Region TV-yə açıqlama veriblər. Kənd sakini Nəcibə Muradova oğlunun zəhərlənməsi ilə bağlı bunları deyib: "Axşam oğlum dedi ki, mənə soyuqdur. Yorğanla üstünü örtdük. Artıq qızdırma onu tutmuşdu. Mən iki ədəd qızdırmaya qarşı dərman verdim. Sonra nəvəm həkimə zəng etdi, o da dedi ki, heç nə verməyin xəstəyə, gətirin onu xəstəxanaya".

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki, hazırda xəstələrə tibbi xidmət göstərilir: "Eyni zamanda bütün xəstələrdən sanitariya və laboratoriya müayinəsi üçün nümunələr götürülüb".

Zəhərlənmənin kənd ərazisindəki içməli su mənbəyinin başqa bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. Bu məqsədlə həmin su mənbəyindən nümunələr götürülərək Bakıya göndərilib.

Sakin Əmirəli Şirvanov açıqlamasında deyib ki, su hamıya turba vasitəsi ilə gəlir: "Bizə su turba ilə gəlir. Hamımız bu sudan içirik. Ancaq uşaqlar zəhərlənib".

Qeydə alınmış zəhərlənmə faktı barədə yekun rəy laboratoriya müayinəsinin cavabından sonra məlum olacaq. Lənkəran Rayon Mərkəzi Xəstəxanasından onu da bildiriblər ki, xəstələrə zəruri tibbi yardımlar göstərilib və əksəriyyətinn vəziyyəti yaxşılaşıb.