İranda bir neçə amerikalının həbsxanadan azad edilməsindən sonra ABŞ hökuməti bu ölkəyə təyyarə ilə üç dəfə nağd pul göndərib.

Unikal.org TASS  agentliyinə istinadla xəbər verir ki, İran hökumətinə verilən pulun ümumi məbləği 1,7 milyard dollar təşkil edib.

Əməliyyatın yeni təfərrüatları sentyabrın 6-da "The Wall Street Journal qəzetinin elektron versiyasında dərc olunub.

Konqresdə təmsil olunan məmurların sözlərinə görə, həmin vəsait Tehrana İsveçrə frankı, avro və digər xarici valyuta şəklində nağd olaraq verilib.

Vaşinqton pul vəsaitinin İrana göndərilməsi faktını inkar etməsə də, həmin əməliyyatın bir çox təfərrüatı barədə məlumatları gizli saxlayır. Rəsmi nümayəndələr sözü gedən pulların İran həbsxanalarından azad olunmuş 4 amerikalıya görə verilmədiyini deyir.

Ağ evin məlumatına görə, söhbət 1979-cu ildə ABŞ silahlarının alınması üçün verilən vəsaitin qaytarılmasından gedir. Belə ki, şah rejimi devriləndən sonra Tehrana nə silah verilib, nə də pul qaytarılıb.

Respublikaçılar isə iddia edirlər ki, pul Tehrana birmənalı olaraq girovların azad olunması müqabilində verilib.

Xatırladaq ki, ABŞ bu ilin yanvarında İranla hər iki ölkənin həbsxanalarında olan məhbusların mübadiləsi barədə sazişə imza atıb. Bununla əlaqədar İran hökuməti 4 amerikalını, Vaşinqton isə 7 iranlını azad edib.