Sentyabrın 8-də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baş nazirin müavini Əli Əhmədovun iştirakı ilə icbari tibbi sıgortanın tətbiqinə dair məsələlər geniş müzakirə edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, ötən müddət ərzində görülən işlər barədə ətraflı məlumat verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar intensiv dəyərləndirmələrin aparıldığını və zəruri normativ sənədlərin hazırlanması üzərində iş getdiyini bildirib.

Əhalinin və tibb ictimaiyyətinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi və yeni maliyyələşmə sistemindən istifadənin asanlaşdırılması məqsədilə işlərə başlandığını deyən Zaur Əliyev həmçinin pilot layihənin tətbiq ediləcəyi ərazilərin müəyyənləşdirilərək müvafiq araşdırmaların aparıldığını, zəruri statistik məlumatların təhlil olunduğunu, eyni zamanda müəyyən edilən ərazilərdə əhali qruplarının aydınlaşdırılması, maliyyə vəsaitlərinin təhlili və İKT infrastruktunun qurulması istiqamətində görülən işlər barədə də məlumat verib.

Keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsinin dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindən olduğunu vurğulayan Ə. Əhmədov icbari tibbi sıgortanın tətbiqi ilə əlaqədar qarşıda çox ciddi islahatların həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Bu sahəyə ayrılan dövlət vəsaitinin ünvanlı və daha səmərəli xərclənməsinin vacibliyini nəzərə çatdıran Ə. Əhmədov sonda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı tapşırıq və tövsiyələrini verib.