"Azərbaycanda referendumun təşkili beynəlxalq normalara uyğundur.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədr müavini Riçard Çarnetskinin rəhbərliyi ilə Avropa Mühafizəkarlar və Reformistlər İttifaqını təmsil edən nümayəndə heyətinin Bakıya səfərinin yekununda verdikləri bəyanatda deyilir.

R. Çarnetski Azərbaycan hökumətinin Venesiya Komissiyası ilə Konstitusiya islahatları mövzusunda sıx əməkdaşlıq edəcəyinə ümid bəslədiyini bildirib: "Bütün tərəflər və müxtəlif siyasi partiyaların liderləri, nəzərdə tutulmuş dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, demokratik iştirak və təmsilçiliyin artacağını, eləcə də dövlət administrasiyasının fəaliyyətinin daha səmərəli olacağını gözləyir. Ölkədə mühit sabit və dinc, referendumqabağı vəziyyət sakitdir. 26 sentyabr referendumunun nəticələrinin Azərbaycan xalqının iradəsinin həqiqi və demokratik ifadəsi olacağına inanırıq.

Bəyanatda deyilir ki, Avropa Mühafizəkarlar və Reformistlər İttifaqı Azərbaycan liderləri və siyasi xadimlərinin avropalı tərəfdaşları ilə əməkdaşlıq qurmasını yüksək qiymətləndirir.